ABŞ Azərbaycanda ilk dəfə rəsmi şəxsə qarşı sanksiya tətbiq edib
Azərbaycanda rəsmi şəxsə qarşı sanksiya
Polis polkovniki Kərim Əlimərdanov xarici dövlət tərəfindən sanksiyalara məruz qalmış ilk Azərbaycan vətəndaşı olub. ABŞ Dövlət Departamenti Kərim Əlimərdanova qarşı Maqnitski qanununa müvafiq olaraq insan haqları pozuntusuna görə sanksiya tətbiq edib. Azərbaycan DİN polkovnikin məhbuslara qarşı işgəncə törətdiyinə dair ittihamları rədd edib.
- “Azərbaycan mərhələ-mərhələ Xankəndiyə yön alır”. Bakıdan şərh
- Rusiya və Azərbaycan arasında qalan kəndlilər
- İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib
Birləşmiş Ştatlar azərbaycanlı polis polkovniki Kərim Əlimərdanova qarşı insan haqlarının pozulması və korrupsiya faktlarına görə sanksiyalar tətbiq edib – “Turan”ın xəbərində belə deyilir.
Əlimərdanov Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşıdır, insan hüquqlarının pozulmasına və korrupsiyaya görə müxtəlif ölkələrdən olan 40-dan çox şəxsin siyahısında yer alır.
“ABŞ Dövlət Departamenti Əlimərdanovu kobud insan hüquqları pozuntularında, yəni 2015 və 2016-cı illərdə məhbuslara işgəncə verməkdə iştirakına görə cinayət məsuliyyətinə cəlb edir”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
İlk dəfədir ki, Azərbaycan dövlət məmuruna qarşı beynəlxalq sanksiyalar tətbiq edilir.
Sanksiyaların konkret nədən ibarət olduğu barədə məlumat verilmir. Lakin bu, adətən, ABŞ-a girişin qadağan edilməsi, əgər varsa, ABŞ-dakı hesablara və əmlaka həbs qoyulması deməkdir. Barəsində cinayət təqibi olan şəxslər ABŞ-ın tələbi ilə üçüncü ölkələrin ərazisində həbs oluna bilər.
“Artıq bunun nəticələri var”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Dövlət Departamentinin Kərim Əlimərdanova qarşı Maqnitski Aktı ilə insan haqlarını pozduğuna görə sanksiyalar tətbiq etməsinin vacibliyini qeyd edib.
“Bakı rejimi cəzasız olaraq insan haqlarının pozulmasına yol verib. Artıq bunun nəticələri var. Ümid edirəm ki, bu sanksiyalar korrupsiyaya bulaşmış məmurlara da şamil olunacaq”.
DİN təkzib edir
Azərbaycanın Daxili İşlər Nazirliyi polis polkovniki Kərim Əlimərdanovun insan hüquqlarını pozması və məhbuslara işgəncə verilməsində iştirak etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Adını çəkdiyiniz əməkdaş vətənpərvərliyi, xalqına sevgisi ilə seçilir. O, öz sahəsində peşəkardır. Əlimərdanov vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə öz sözünü deyib”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Azadlıq” radiosunun sorğusunu cavablandırıb.
Əlimərdanov nə ilə məşhurdur?
Əlimərdanovun adı 2015-ci il noyabrın 26-da Bakıətrafı Nardaran kəndində polisin keçirdiyi əməliyyatdan sonra ictimaiyyətə məlum olub. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin rəisi kimi bu əməliyyata rəhbərlik edib.
2015-ci il noyabrın 26-da Azərbaycanın Daxili İşlər Nazirliyi Nardaran kəndində xüsusi əməliyyat keçirib. İkisi polis olmaqla altı nəfərlə toqquşma zamanı həlak olub. Həmin əməliyyat nəticəsində 100-dən çox insan həbs edilib, onların bir çoxu qətl və digər cinayətlərdə təqsirli bilinib, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Əlimərdanovun adı ictimai-siyasi fəalların həbsi ilə bağlı işlərdə də hallanırdı. Amma o, yalnız bir məhkəmə prosesində – fəal Elgiz Qəhrəmanlının cinayət işində iştirak edib. Məhkəmə iclasında Əlimərdanov F.Qəhrəmanlının polkovnikin şəxsi kabinetində ona işgəncə verməsi, cibinə narkotik maddə qoyması barədə iddialarını təkzib edib.
Elgiz Qəhrəmanlı 2016-cı ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycan Ali Məhkəməsi F.Qəhrəmanlının mühakimə olunduğu maddəni dəyişdirərək həbs müddətini 3 ilə endirib. Elgiz Qəhrəmanlı siyasi məhbus kimi tanınıb. 2019-cu ilin martında prezidentin fərmanı ilə əfv edilib. Azərbaycanın dövlət rəsmiləri isə ölkədə siyasi məhbus olmadığını iddia edirlər.
2015-ci ilin iyulunda prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Əlimərdanov “Qəhrəmanlığa görə” medalı ilə təltif edilib.