Abxaziyada Yeni Afonda divarın dağıdılması ətrafında qalmaqal
Yeni Afon monastırında daş mehrabın demontaj edilməsi qanun pozuntusudur və buna görə cavabdeh olanlar cəzalandırılacaq. Abxaziya Mədəniyyət Nazirliyi bəyan edib.
Yeni Afon monastırının ərazisindəki qədim xristian rəmzlərinin əks olunduğu daş divar 2016-cı ilin oktyabrında sökülüb. Mədəniyyət Nazirliyi isə yalnız indi, hadisə geniş rezonans doğurandan sonra məsələyə reaksiya verib.
Divarı “Anakopiya” tarixi-mədəni qoruğunun əməkdaşları demontaj ediblər. Mədəniyyət Nazirliyi təsdiq edir ki, 2016-cı ilin aprelində qoruq rəhbəri Alxas Arqun quruma yazılı olaraq müraciət edib və “Abxaz çarlığı muzeyi”nin ekspozisiya meydanını genişləndirmək məqsədilə Fyodor məbədinin mehrab hissəsinə birləşən xristian rəmzləri olan bəzi detalların demontajı üçün icazə istəyib. Mədəniyyət Nazirliyindən isə şifahi olaraq ona bildirilib ki, belə qərar ancaq uzun zaman tələb edən ciddi müzakirələrdən sonra verilə bilər. Üstəlik “Abxaz çarlığı muzeyi” hələ rəsmi status almayıb.
Mədəniyyət Nazirliyi Alxas Arquna təklif edib ki, daha detallı əsasnamə və gələcək təmir-bərpa işlərinin layihəsini təqdim etsin. Amma belə bir layihə nazirliyə təqdim olunmayıb.
Demontaj təklifi Abxaziya Elmlər Akademiyası prezidiumu yanında arxeoloji komissiya tərəfindən bəyənilib, lakin bu, işlərin aparılmasına dair rəsmi icazə sayıla bilməz.
“Tarixi-mədəni irsin qorunması haqda” Qanuna əsasən konservasiya, restavrasiya, təmir-bərpa işlərilə bağlı bütün layihələr Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodiki Şuranın iclasında təsdiqlənməlidir.