Azərbaycanda azyaşlılara qarşı polis zorakılığı: "Hər birindən 300 manat rüşvət istəyiblər"
Polis azyaşlılara zorakılıq edib
Bloqer Mehman Hüseynovun yaydığı video Azərbaycanda bir daha hüquq-mühafizə orqanlarının toxunulmazlığını və bu toxunulmazlığın ən müdafiəsiz qruplara, bu dəfə azyaşlılara, qarşı necə istifadə olunduğunu gündəmə gətirdi.
Paylaşılan məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları 14-15 yaşlarında olan beş uşağı zorla polis maşınına mindirərək, fiziki zorakılığa məruz qoyublar. Hadisədən bir neçə gün sonra yayımlanan səs yazısında isə uşaqlara qarşı təhqir və döyülmə səsləri eşidilir. Səs yazısında bir uşağın ağrılar içində qışqırdığı və polis əməkdaşlarının qeyri-etik ifadələr işlətdiyi aydın şəkildə seçilir.
Sosial mediada yayılan görüntü və səslər sosial mediada narazılıq doğurub. Şərhlərdə ötən ay Gəncədə müəmmalı şəkildə vəfat edən Elgün İbrahimovun da polis zorakılığına məruz qaldığı iddiaları yada salınır.
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
“Tum çırtladıqları üçün polis maşınına mindirildilər”
“JAMnews”a danışan, saxlanılan azyaşlılardan birinin yaxını (şəxsin istəyi ilə anonim saxlanılır) bildirir ki, hadisənin səbəbi tamamilə qeyri-ciddi olub:
“Uşaqlar sadəcə oturub günəbaxan tumu çırtlayırdılar. Onlardan əvvəl həmin ərazi zibillənmişdi, amma uşaqların əllərində selofan paket vardı və zibilləri ora yığırdılar, bu, səs yazısında da eşidilir”.
Mənbənin sözlərinə görə, fiziki zorakılıq yalnız saxlanılma zamanı baş verib:
“Polis maşınında bir yeniyetmə çox pis döyülüb. Səs yazısı da bunu təsdiqləyir. Polis bölməsində isə fiziki zorakılıq olmayıb”.
Bildirilir ki, bölmədə hər bir yeniyetmə üçün 300 manat rüşvət tələb olunub. Lakin bu tələbə əməl olunmayıb və valideynlər çağırılmadan sərbəst buraxılıblar: “Qanunsuz olduğunu sübut eləyiblər və hamsını bir qəpik vermədən çıxıb”.
“Bu gün hadisə ilə bağlı rəsmi şikayət verilib. Bildirilib ki, iki gün ərzində nəticə məlum olacaq”.
“Hüquq var, tətbiq yox”

Hüquqşünas Xalid Bağırov “Meydan TV”-yə bildirib ki, polisin səlahiyyətlərini aşması, zorakılıq və təhqiramiz davranış Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır. Ancaq problem mexanizmin yoxluğunda deyil, onun işləklik qabiliyyətindədir:
“Uşaqlara qarşı zorakılıq daha ciddi məsələdir. Amma bu ölkədə polisin cəzasızlığı o həddə çatıb ki, qanunlar sadəcə kağız üzərində qalır. Polis özünü sistemin arxasında duran əsas güc kimi görür və faktiki olaraq toxunulmaz davranır”.
Bağırov qeyd edir ki, normal hüquqi dövlətlərdə bu cür hallar polis əməkdaşının dərhal vəzifədən uzaqlaşdırılması və cinayət istintaqının başlanması ilə nəticələnir. Azərbaycanda isə bu, nadir hal kimi qalır.
İlham Əliyev: “Bir nəfər də polis cəzalandırılmayacaq”
Uşaq hüquqları üzrə beynəlxalq konvensiyalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası Azərbaycanı bu kimi halların qarşısını almağa və təqsirkarları cəzalandırmağa öhdəlikli edir. Amma praktika göstərir ki, nə hüquqi mexanizmlər, nə də institusional nəzarət uşaqları polisin zorakılığından qorumağa yetmir.
Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin: BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.
BMT-nin Əhali Fondunun (UNFPA) və Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəlikləri mayın 6-ı ölkədən çıxarılıb.
Azərbaycanda Prezident Əliyevin şəxsi bəyanı ilə qanunsuzluq törədən əksər polis əməkdaşları cəzalandırılmır: “Mən o vaxt da demişəm, indi də deyirəm, bir nəfər də olsun polis orqanlarının əməkdaşları cəzalandırılmayacaq”.
Hüquq müdafiəçilərinin fikrincə, cəzasızlıq yalnız fiziki travma deyil, həm də cəmiyyətdə yayılmış qorxu atmosferi yaradır. Valideynlər hüquq-mühafizə orqanlarına etibar etmədikləri üçün hüquqi yola deyil, razılaşmaya və ya susmağa üstünlük verirlər. Bu isə uzunmüddətli sosial travmalara yol açır.
Azərbaycanda azyaşlıların hüquqlarının pozulması yeni hal deyil. Amma bu hadisə polisin davranışı ilə bağlı sualları yenidən gündəmə gətirir: Hüquq varsa, niyə işləmir? Sistem varsa, niyə uşaqlar ondan qorunmur?
Polis azyaşlılara zorakılıq edib