Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbəri – bu nə deməkdir?
Paylaşmaq
Paylaşmaq
Dağlıq Qarabağın azərbaycanlı icmasına Xarici İşlər Nazirliyinin gənc əməkdaşı Tural Gəncəliyev yeni rəhbər seçilib. Son doqquz il ərzində bu vəzifəni Bayram Səfərov tuturdu.
Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlikdir, Qarabağ münaqişəsinə qədər Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlıların maraqlarını təmsil edir. İcma 1992-ci ildə Qarabağ ətrafında danışıqlar prosesində iştirak üçün yaradılıb.
Hazırda Azərbaycan icmasının danışıqlar prosesinə cəlb olunması yalnız beynəlxalq vasitəçilərlə vaxtaşırı görüşlərlə məhdudlaşır. Tanınmamış Dağlıq Qarabağ Respublikasının nümayəndələri kimi onlar da bu prosesdə fəal iştirak etmirlər.
Bu halda yeni icma rəhbərinin təyin edilməsi nə deməkdir?
İcma rəhbərliyinin dəyişikliyini ilk növbədə ona görə əhəmiyyətli saymaq olar ki, 38 yaşlı Tural Gəncəliyev 68 yaşlı Bayram Səfərovdan fərqli olaraq cavan peşəkar diplomatdır. Və onun icmanın başına keçməsi Azərbaycan hakimiyyətinin qarabağlı ermənilərlə “ünsiyyətə” keçmək istəyi haqda fikir formalaşdırır. Hər halda ekspertlər belə ehtimal edir.
“Cavan peşəkar diplomatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra “seçilməsi” çox maraqlıdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “uzun zamandan bəri ilk dəfə qarşılıqlı anlayışın əldə edilməsi” haqda bəyanatı həm mediada, həm cəmiyyətdə rezonans doğurub.
Məlum olduğu kimi Ermənistanın yeni lideri Paşinyanın əsas təkliflərindən biri Qarabağ ermənilərinin danışıqlar prosesində müstəqil həlqə olmasıdır. Paşinyan hesab edir ki, onun Qarabağla sıx bağlı olan əvvəlki Ermənistan rəhbərlərdən fərqli olaraq Qarabağ ermənilərini təmsil etməyə mənəvi haqqı yoxdur.
Yəni “qarşılıqlı anlaşma əldə edilməsinin” əsas müddəalarından biri Bakının Qarabağ ermənilərinin Yerevandan asılı olmadan danışıqlar prosesinə qatılmasına razılıq verməsindən ibarət ola bilər. Amma Azərbaycan tanınmamış DQR ilə bərabər şərtlər altında danışıqlara hazır deyil, buna görə də bu danışıqlara Qarabağ azərbaycanlılarının da cəlb olunması ehtimal edilir.
Həm də Qarabağın azərbaycanlı icmasının yeni rəhbəri Tural Gəncəliyev bu məqsəd üçün ideal uyğun gəlir. O, əslən Şuşadandır və eyni zamanda Xarici İşlər Nazirliyinin əməkdaşıdır, yəni lazım gələrsə, onu həm rəsmi şəxs, həm də ictimai xadim kimi təqdim etmək mümkündür”.
Qarabağ əsilli jurnalist Asəf Quliyev:
“Qarabağ ətrafında ciddi proseslər başlayır. Son işlər haqda xəbərlər Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə danışıqlara hazır olduğunu güman etməyə əsas verir. Deməli, münaqişənin həlli üçün labüd olan danışıqlar ölü nöqtədən tərpənib”.
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, 2019-cu ilin yanvarında o, erməni həmkarı ilə yenidən görüşməyi planlaşdırır.
Məqalə müəllifinin təklif etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.