Bakıdan baxış bucağı" />

Şərh: Naxçıvanda nə baş verib və Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağla bağlı danışıqlar prosesinə təsir edəcəkmi?

Bakıdan baxış bucağı

Foto: Teymur Zahidoğlu

İyunun əvvəlində Azərbaycanın bəzi media resursları Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Korpusu Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası sərhədində 11 min hektar ərazini öz nəzarəti altına götürdüyü haqda sensasiyalı xəbər yayıldı.

Maraqlıdır ki, ilkin məlumat mənbəyi olan sayt 2018-ci ilin aprelində, bu xəbərdən cəmi iki ay əvvəl yaradılıb.

Müdafiə Nazirliyinin saytı xəbəri təsdiqləmədi (amma inkar da etmədi).

Naxçıvan Muxtar Respublikası Azərbaycan tərkibindəki eksklavdır. NMR Azərbaycanın əsas ərazisindən Ermənistanın ensiz torpaq zolağı ilə ayrılır.

Naxçıvanda nə baş verib?

Xronologiyanı xatırlayaq:

  • 16 may – İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri. O, bəyan edir ki, Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinin silah təchizatında asanlıqla Yerevanı vura biləcək raketlər var;
  • 17 may – Ermənistanın yeni müdafiə və xarici işlər nazirləri döyüş postlarının təftişi üçün NMR ilə sərhədə gəlib;
  • 20 may – Azərbaycan Müdafiə Nazirliyi sıravi Adil Tatarovun “NMR və Ermənistan arasındakı sərhəd kəsiyində xidməti borcunu yerinə yetirərkən” həlak olduğu haqda məlumat yayıb;
  • 24 may – Azərbaycanın dövlət informasiya agentliyi AzərTac NMR və Ermənistan sərhədində “planlı mühəndis işlərinin başladığı” haqda bildirib;
  • 6 iyun – NMR Şərur rayonunun Günnüt kəndi ətrafındakı “11 min hektar ərazinin nəzarətə götürülməsi” haqda xəbər yayılıb;
  • 7 iyun – Azərbaycan vikipediyasında “Günnüt əməliyyatı” adlı məqalə dərc olunub, orada “azad edilmiş ərazilərin” xəritəsi də yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan deyib ki, Azərbaycan tərəfi Günnüt kəndində qəbirstanlığı ziyarət etmək üçün müraciət edib, onlar da razılıq veriblər. Ermənistanlı jurnalistlər bu sözlərin səmimiyyətinə dərhal şübhə ediblər.

Ümumilikdə sərhəddə əslində nə baş verdiyini sadəcə ehtimal etmək mümkündür.

Bu insident və Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Qarabağ üzrə danışıqlar prosesinə necə təsir edəcək?

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının aparıldığı Madrid prinsipləri artıq hamını bezdirib. Bu prinsiplər status-kvonu saxlamaq üçün yaxşıdır, amma görünür ki, ciddi irəliləyiş üçün yetərli deyil.

“Madrid prinsiplərinin” mahiyyətinin qısa ifadəsi:

  • Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qarytarılması (5+2 formulu. Beş rayon dərhal, Kəlbəcər və Laçın DQ-ın statusu dəqiqləşəndən sonra);
  • Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüiradəsini təmin edən müvəqqəti statusun verilməsi;
  • Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin (“Laçın dəhlizi”) açılması;
  • gələcəkdə mütləq hüquqi iradə ifadəsinin əsasında Dağlıq Qarabağın qəti hüquqi statusunun müəyyən edilməsi;
  • bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun təmin edilməsi;
  • təhlükəsizyiklə bağlı sülhün dəstəklənməsi üzrə əməliyyatı da nəzərdə tutan beynəlxalq zəmanət (əsas mübahisəli məsələ sülhməramlı qüvvələrin tərkibi ilə bağlıdır).
  • инфо

Status-kvo nə Azəərbaycana, nə də Ermənistana sərf edir.

Azərbaycana niyə sərf eləmədiyi bəllidir. Ölkənin 14 faizə qədəri qonşu dövlətin nəzarəti altındadır. Çox sayda qaçqın var.

Bəs, Ermənistana niyə sərf etmir? Sanki hər şey qaydasındadır. “Artsax azad olunub, Miatsum (yenidən birləşmə) baş verib, təhlükəsizlik zolağı yaradılıb, indi uşaqlar, gəlin, mehriban yaşayaq”.

Amma “münaqişə dəyəri” deyilən anlayış var. Qarabağ münaqişəsi Ermənistana çox baha başa gəlir. Həm maddi, həm insan resursları baxımından. Orta statistik erməni üçün “anlaşılmayan” Füzuli rayonu ərazisində qoşunların saxlanılmasına milyonlar xərclənir, hər gün gənc əsgərlər həlak olur. Bütün bunlar nəyin naminədir?

Ermənistan Azərbaycandan fərqli olaraq varlı ölkə deyil, orada neft, qaz yoxdur. Həm hərbi, həm iqtisadi planda Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də Rusiya kompromisə getməyə məcbur edərsə, Ermənistan üçün Rusiyanın təklifindən imtina etmək çox çətin olacaq.

Bəs, Ermənistan hakimiyyəti ən yumşaq şərtlərdə olsa belə sülh sazişini imzalamağa hazırdırmı? Dağlıq Qarabağa daxil olmayan bircə rayonu belə azad etməyə? Görünür ki, hətta əgər hakimiyyət hazır olsa da, cəmiyyət buna hələ ki hazır deyil.

Azərbaycanda vəziyyət fərqlidir. Hakimiyyət total şəkildə mediaya nəzarət edir. Hətta bir yüksəkliyin azad edilməsi belə xalqa “böyük qələbə” kimi təqdim olunur və xalq bununla razılaşır. Görün, bir rayon olsa necə olar, üstəlik söhbət beş rayondan gedir, hələ yeddi olması da mümkündür.

Ola bilər ki, xəritədə tapmaq belə çətin olan kəndin üzərində nəzarətin bərpa olunması ilə bağlı eyforiya yaradaraq Azərbaycan mediası hazırda məhz bu fəndi “sınaqdan keçirir”.

Amma erməni cəmiyyəti istənilən güzəşti satqınlıq kimi dəyərləndirəcək.

Buna görə də Ermənistan rəhbəri Nikol Paşinyan “atla oynayaraq”, qeyri-populyar, amma qaçılmaz olan güzəşt qərarına görə məsuliyyəti öz üzərindən Dağlıq Qarabağ rəhbərliyinin çiyninə qoymaq istəyir. O, Dağlıq Qarabağ ermənilərinin nümayəndələrini danışıqlar masasına qaytarmağı təklif edir.

Rəsmi Bakı necə reaksiya verəcəkdi? Tam gözlənilən idi: Azərbaycan XİN-i Paşinyanın yeni təşəbbüsünü “gülünc” adlandırıb. Bakı və Xankəndi (Stepanakert) arasında bərabər səviyyəli danışıqlar haqda söhbət belə gedə bilməz.

Bəs, Bakıya cavab olaraq “atla oynamağa” nə mane olur?

ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan rəhbərliyi ilə rəsmi danışıqları davam etdirərkən paralel olaraq qarabağlı ermənilərlə əlaqə qurmaq olmazmı?

Mənə pomidor tolazlamağa tələsməyin. Birincisi, bu cür danışıqların əsasını o, bu yox, məhz “ümummilli lider” və “böyük öndər” Heydər Əliyev qoyub.

Onun 1993-cü il 27 iyun sərəncamından sonra Azərbaycanın müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən (və gələcək nazir) Səfər Əbiyev Dağlıq Qarabağın o zamankı müdafiə naziri Serj Sarqsyana (Ermənistanın gələcək prezidenti) zəng vuraraq ermənilərin Ağdama hücumunun qarşısını almağa çalışmışdı.

1993-cü il sentyabrın 13-də Heydər Əliyevin parlamentdə müavini Afiyəddin Cəlilov tanınmamış Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Arkadi Qukasyanla (onların gələcək prezidenti) görüşmüşdü.

1992-cü il sentyabrın 21-də Heydər Əliyevin özü Moskvada Qarabağ ermənilərinin lideri Robert Koçaryanla görüşüb, uzun danışıqlar aparmışdı. Bundan sonra 50 gün müddətində bütün cəbhə boyu atəşkəs rejiminə əməl olundu. Əliyev sakit şəraitdə seçki keçirdi və Azərbaycanın üçüncü prezidenti oldu.

Və nəhayət, 1993-cü il 5 may tarixli Bişkek protokolunun və 12 may tarixli atəşkəs haqda sazişin altında tanınmamış DQR nümayəndələrinin imzası var.

Bütün bunlar Azərbaycanın suverenliyini zərrə qədər zədələməyib və tanınmamış DQR-in legitimliyini zərrə qədər artırmayıb.

Mənim fikrimcə, Qarabağın azərbaycanlı əhalisinin resursunu cəlb etmək mümkündür. ATƏT-in Minsk Konfransının çağırılması haqda qərarında (Helsinki 1992) yazılıb ki, danışıqlarda Azərbaycan, Ermənistan, “o cümlədən də Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri” iştirak edə bilər.

“Digər” ifadəsi mahiyyət etibarilə manevr üçün geniş sahə yaradır. Azərbaycanın əlbəttə ki, Dağlıq Qarabağdan “seçilmiş” nümayəndələri var, bunlar parlamentdə Xankəndi və Xocalını təmsil edən deputatlardır.

Amma danışıqlarda onların sırasına Qarabağ azərbaycanlılarının “digər” nümayəndələri, politoloqlar və diplomatlar da qatıla bilər. Qoy onlar da Qarabağ ermənilərinin eyni cür “seçilmiş və digər” nümayəndələri ilə danışıq aparsınlar. Eyni zamanda Azərbaycan və Ermənistanın birinci şəxsləri bu danışıqları himayə etsin.

Doğrudan, niyə axı bu imkandan istifadə olunmasın və danışıqlara yeni impuls verilməsin? Axı itirəsi heç nə yoxdur.


More on JAMnews