Jurnalist Əfqan Sadıqov Gürcüstanda azadlığa buraxılıb
Jurnalist Afgan Sadıqov azadlıqdadır
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Gürcüstanda həbsdən azad edilib. Sosial Ədalət Mərkəzinin məlumatına görə, aprelin 16-da Tbilisi Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Əfqan Sadıqov barəsində ekstradisiya məqsədilə seçilmiş həbs qətimkan tədbirini girov qarşılığında azadlığa buraxılmaqla əvəz edib.
Mərkəzin məlumatına əsasən, Əfqan Sadıqovun ekstradisiya məqsədilə həbs müddəti bu il mayın 3-də başa çatırdı. Buna görə də prokurorluq məhkəməyə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət etməyə məcbur olub.
“Azel.TV” saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında “hədə yolu ilə pul tələb etmək” ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.Sadıqov həbsxanada 242 gün aclıq edib və ümumilikdə 2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
2023-cü ildə Sadıqov Gürcüstana köçmüş, 2024-cü ilin avqustunda isə Azərbaycan hakimiyyətinin sorğusu əsasında ekstradisiya məqsədilə orada saxlanılmışdı. Jurnalist Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.
2025-ci il fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Sadıqovun işi ilə bağlı qərar verərək, “məsələnin mahiyyəti AİHM tərəfindən araşdırılıb başa çatana qədər” onun Azərbaycana ekstradisiyasını qadağan etmişdi.
Əfqan Sadıqov Avropa Məhkəməsinin qərarından sonra 161 gün davam edən aclıq aksiyasına son qoyub.
Azadlığa çıxdıqdan sonra Əfqan Sadıqov gürcüstanlı jurnalistlərə təşəkkür edib və qeyd edib ki, o, Gürcüstanda “diktator Əliyevin əmri ilə diktaturaya doğru gedən (Gürcüstanın baş naziri – JAMNews) Kobaxidze tərəfindən həbs olunub”.
O, həmçinin beynəlxalq təşkilatlara, gürcü QHT-lərinə və səfirliklərə dəstəklərinə görə təşəkkür edib:
“Əvvəlcə cəsur gürcü jurnalistlərini salamlayıram. Diktator Kobaxidze və quldur İvanişvili bəxtsizdirlər ki, Gürcüstanda sizin kimi media nümayəndələri var.
Mənə dair xəbərləri daim gündəmdə saxladığınız və ictimaiyyətin diqqət mərkəzində tutduğunuz üçün də minnətdaram.
Həmçinin hüquq müdafiəçilərimə, vəkillərimə və Sosial Ədalət Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar gənc olsalar da, çox peşəkardılar.
Əgər Gürcüstanda kimininsə ədalətsizliklə bağlı problemi varsa, Sosial Ədalət Mərkəzi ona kömək edəcək…
Minnətdarlıq borclu olduğum insanların və təşkilatların siyahısını sonsuza qədər davam etdirmək olar”.
Gürcüstanda baş verən xəbərlər, hadisələr