Azərbaycanda parlament seçkiləri ərəfəsində yanacaq və nəqliyyat qiymətləri qalxıb
Azərbaycanda qiymət artımı
Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətləri, eləcə də ictimai nəqliyyatda gediş haqqı bahalaşıb. Bundan dərhal sonra taksi qiymətlərində də bahalaşması müşahidə olunmağa başlayıb. Bəzi kommunal xidmətlərin qiymətləri də yüksəlib. Ekspertlərin fikrincə, yaxın günlərdə benzinin bahalaşması bütün ölkədə hər şeyin bahalaşmasına təsir edəcək.
“Heç bir hökumət seçkilər öncəsi qiymətləri qaldırmır, belə qeyri-populyar qərarlar qəbul etmir”, – Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bildirir.
- Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edildi
- KTMT Azərbaycana cazibədar görünürmü? Bakıdan baxış
- “Əgər Azərbaycan uğur qazanmasaydı, Türkiyənin regionda unikal mövqeyi olmazdı”. Bakıdan görünüş
Ən populyar markalı benzin və dizel bahalaşıb
Tarif Şurasının iyunun 30-da açıqladığı qərara əsasən, Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 10 faiz artırılaraq 1,1 manata çatdırılıb.
Dizel yanacağı 25% – 1 AZN-ə qədər bahalaşıb.
Qiymət artımı AVRO-5 standartlarına keçidlə əlaqədar yanacağın qiymətinin artması ilə əsaslandırılır.
Öz növbəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aİ-95 markalı benzinin qiymətində endirim elan edib. Bu, Avro-5 standartına cavab verən həmin markalı benzinin yerli istehsalına başlanması sayəsində mümkün olacaq.
Bazar şəraitindən asılı olaraq 2024-cü il iyulun 15-dən yerli istehsal olan Aİ-95 markalı benzinin 1 litrinin qiymətinin 20 faiz ucuzlaşaraq 1,60 AZN təşkil edəcəyi gözlənilir.
İctimai nəqliyyatda gediş haqqı 25 faiz artıb
Həmin gün metroda, şəhərdaxili və rayondaxili avtobuslarda sərnişindaşıma xərcləri də artırılıb.
Metroda gediş haqqı 25% artırılaraq 0,5 AZN təşkil edib.
Həmçinin müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 0,5 manat müəyyən edilib.
Əvvəllər bu xidmətlər üzrə gediş haqqı 0,4 AZN təşkil edirdi.
Bakı-Sumqayıt birtərəfli avtobus marşrutu üzrə daşıma tarifləri də 16 faiz artaraq 0,7 manata çatıb.
Şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma tarifinin yuxarı həddi 1 km üçün 0,037 AZN təşkil edəcək.
Tariflərin artırılması ilə bağlı qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası tərəfindən qəbul edilib.
Camaat nə deyir?
“Bu gün onlayn xidmətlərdə taksi qiymətlərini yoxladım. Evimdən ayda bir dəfə keçmiş qrup yoldaşlarımla görüşdüyümüz restorana qədər qiyməti indi təxminən 7 manat göstərir, halbuki dünənə qədər həmin məsafə üçün qiymət maksimum 2,5 manat idi. Yəni qiymətlər demək olar ki, üç dəfə artıb”, – paytaxt sakinlərindən biri deyir.
“Avtobus və metro bahalaşıb 50 qəpik olub. 150 manat stipendiya alan tələbələr yaxşı halda günə 1 manat nəqliyyata xərcləməlidir. Biz universitetdə oxuyan vaxt metro 30 qəpik idi. Bir qrup yoldaşım günə 60 qəpik xərcləməmək üçün ya dərsə gəlmirdi, ya da piyada gedib–gəlirdi.
Sayələrində Azərbaycanlı gənclərin hamısının əsəb problemi var. 23 yaşım var, illərdir əsəb, stres, təşviş problemimə görə yüz cür fiziki problem yaşamışam, əlli dəfə həkimə getmişəm. Bu gəncliyə bir gənclik borclusunuz”, – sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçisi yazıb.
“İnsanların üzünə başqa necə “kasıblar ölsün” demək olar?!” – başqa bir sosial şəbəkə istifadəçisi sual edir.
“Məişət tullantılarının daşınması tariflərini birdən-birə 2,3 dəfə artırıblar”
Tanınmış iqtisadçı, III Respublika Platformasının yaradıcılarından biri Rövşən Ağayev bəzi kommunal xidmətlərin də bahalaşdığını xatırladır.
“Məişət tullantılarının daşınması tariflərini birdən-birə 2,3 dəfə artırıblar.
İndiyədək Abşeron ərazisində əhali kateqoriyası üçün tariflər aylıq adambaşına 0,3 manat idi, indən sonra 0,7 manat ödəməli olacağıq.
Başqa əraziləri bilmirəm, Xırdalanda bu xidmət 10 qəpik olsa belə bahadır. Vaxtlı-vaxtında daşınmadığı üçün küçə və məhəllələrdə antisanitariya baş alıb gedir. Xüsusilə küləkli havada küçələrdə göydə uçuşan polietilen paketlərin, kağız və karton qutuların əlində hərəkət eləmək olmur. İsti günlərdə yayılan üfunəti hələ demirəm.
Bu ödənişləri həm də nağd alırlar. Niyə? Bu suala cavab verən yoxdur. Reytinq tərtib edilsə, ən qeyri-şəffaf ödəniş növüdür. Üstəlik bu ödənişi ən qeyri-şəffaf strukturlar toplaynda vəziyyət daha da tündləşir”, – deyə o bildirir.
“Heç bir hökumət seçkilərdən əvvəl qiymətləri qaldırmır”
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hesab edir ki, Azərbaycanda gerçək seçki, azad rəqabət mühiti olsaydı, hakimiyyət seçki kampaniyası dövründə benzin və dizel yanacağının, nəqliyyatda gedişhaqqının qiymətini artırmağa cəsarət etməzdi:
“Siz heç dünyada benzinin, dizel yanacağının, nəqliyyatda gedişhaqqının qiymətini qaldıraraq seçkiyə gedən hökumət görmüşdüz? Təbii ki, görə bilməzsiniz? Dünyanın hər yerində seçicilər qiymət artımına, xüsusilə də benzin və dizel yanacağı qiymətinə çox həssasdır…
Bizə növbəti dəfə xatırladırlar ki, ucuz benzin üçün də, uşaq pulu ala bilmək üçün də, yaxşı təhsil və səhiyyənin əlçatan olması üçün də, işgəncə və sifarişli həbslərə son qoyulması üçün də gərək hamılıqla “siyasətə qarışaq”, vətəndaş olaq və zəbt edilmiş hüquqlarımızı geri alaq”.
Sentyabrın 1-də partiyası ilə birlikdə qarşıdan gələn parlament seçkilərinə fəal hazırlaşan Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli sosial şəbəkədə təxminən analoji fikir yazıb:
“Heç bir hökumət seçkilərdən öncə qiymət qaldırmaz, qeyri-populyar qərar verməz. Bu addımı atdılarsa, deməli, 2 ay gözləmək istəmirlər, imkanlar məhduddur, xərclər artır, gəlirlər sürətlə azalır. Onu da deyim ki, bu başlanğıcdır, yaxın aylarda kommunal xidmətlər də bahalaşacaq. 2025-də isə manat ucuzlaşacaq.
Həftələr öncə zatən xəbərdarlıq etmişdik, artım olacağını söyləmişdik. Bu seçkilərdə cəmiyyət olaraq hökumətə ciddi mesaj verməsək, daha rahat addımlar atacaqlar”.