Beynəlxalq təşkilatlar Anar Məmmədlini azad etməyə çağırırlar
Azərbaycanda siyasi həbslər
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ilkin həbsi barədə qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Bu haqda onun vəkillərindən biri Cavad Cavadov bildirib.
Müdafiə tərəfi Məmmədlinin cinayət məsuliyyətinə cəlb edilməsini əsassız hesab edir və bildirir ki, ona qarşı irəli sürülən ittiham “abstraktdır”.
Məmmədlinin həbsinə əsas kimi 2021-2024-cü illərdə Bakı aeroportundan gömrük nəzarətindən kənar xarici valyuta daşıması barədə ümumi iddialar götürülüb. Lakin Cavadov qeyd edir ki, məbləğ, bunun nə vaxt və hansı yolla edildiyi açıqlanmır.
- Şimal-Cənub nəqliyyat dəhlizi uğrunda rəqabət. Bakıdan baxış
- Başkənd – 32 ildir boş qalan anklav
- Bakı bulvarında bu il də dəniz gəzintiləri mümkün olmayacaq
Məmmədli məhkəmədə bildirib ki, 2022-ci ilə qədər hər dəfə giriş-çıxış zamanı şəxsi gömrük nəzarətinə məruz qalıb və onda maksimum 1000 dollar olub.
“Digər tərəfdən, aeroportda ciddi nəzarət sistemi var. Əgər baqaj şübhə doğurursa, yoxlama üçün qırmızı lentlə işarələnir. Həmçinin hava limanından çıxarkən əl yükünün yoxlanılması sistemi mövcuddur. Odur ki, sistematik valyuta qaçaqmalçılığı imkanları yoxdur. Üstəlik Məmmədlinin həbsdə saxlanılması üçün heç bir prosessual əsas da yoxdur. Çünki o, cəmiyyətdə tanınmış adamdır və azadlıqda olarsa, gizlənə biləcəyinə dair sübutlar təqdim olunmayıb”, – deyə vəkil bildirib.
Məmmədlinin və atasının mənzilində axtarışlara gəlincə, müdafiə tərəfi onları da əsassız hesab edir. Axtarışlar zamanı mənzillərdən qanunazidd heç nə götürülməyib.
Anar Məmmədli aprelin 29-da “Abzas Media” işi üzrə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə (qabaqcadan əlbir olan şəxslər tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Bir gün sonra məhkəmə onun barəsində 4 aya yaxın müddətə həbs qətimkan tədbiri seçib.
Beynəlxalq qurumlar rəsmi Bakını tanınmış hüquq müdafiəçisi və ictimai fəal Anar Məmmədlini azad etməyə çağırırlar.
“Biz Anar Məmmədlinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, – Norveç İnsan Hüquqları Evinin bəyanatında deyilir.
Təşkilat Azərbaycan hakimiyyətindən onun üzərindən bütün ittihamları götürməyi, beynəlxalq öhdəliklərə hörmət etməyi, Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarını yerinə yetirməyi, ölkədə müstəqil səslərin təqibinə son qoymağı və bütün siyasi məhbusları azad etməyi, müstəqil vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin hüquqlarına hörmət etməyi tələb edir.
“Biz Birləşmiş Millətlər Təşkilatını və Avropa Şurasını, eləcə də Avropa İttifaqını bundan ötrü Bakıda COP29-dan istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.
Öz növbəsində Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natali Notadze öz təşkilatı adından Anar Məmmədlinin dərhal azad edilməsinə çağırıb.
“Hakimiyyət vətəndaş cəmiyyətinin qorxudulması kampaniyasını dərhal dayandırmalı və noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində öz tənqidçilərini saxlamağa son qoymalıdır.
Anar Məmmədlinin həbsi hökumətin tənqidçilərini susdurmaq üçün ədalət mühakiməsindən sui-istifadə hallarının göstəricisidir. Qanunsuz axtarışlar, vəkillərlə əlaqənin məhdudlaşdırılması, həbsdə işgəncə və pis rəftar, habelə özbaşına həbslər müxalifəti susdurmaq cəhdidir”, – deyə o qeyd edib.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə üç məruzəçisi “Azərbaycan vətəndaş cəmiyyətinin liderlərindən biri Anar Məmmədlinin” həbsilə bağlı narahatlığını ifadə edib. Bu haqda Avropa Şurasının mətbuat xidməti bildirib.
“Cənab Məmmədli Azərbaycanda seçkilərin müstəqil monitorinqini həyata keçirən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçilərindən biridir.
2014-cü ilin sentyabrında Avropa Şurası Parlament Assambleyası onu Vatslav Havel insan hüquqları mükafatı ilə təltif edib”, – Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə məruzəçiləri Liz Kristoffersen (Norveç) və Yan Liddel-Qreyncer (Böyük Britaniya), həmçinin “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdid” mövzusunda məruzəçi Hanna Bardelin bəyanatında deyilir.
Onlar Məmmədlinin işinə yenidən baxılmasının zəruriliyini qeyd ediblər.
“Biz Cənab Məmmədlinin yenidən saxlanılmasından çox narahatıq. Onun vəkili bildirib ki, saxlanma “Abzas Media”nın bir sıra jurnalistinə qarşı qaldırılmış cinayət işi ilə əlaqədardır. Müstəqil vətəndaş cəmiyyəti bu işi siyasi motivli hesab edir.
Biz Azərbaycan hakimiyyətini bu işə dərhal yenidən baxmağa və dəyərli hüquq-müdafiə fəaliyyətinə görə cənab Məmmədlinin cinayət təqibinə məruz qalmamasını təmin etməyə çağırırıq”, – məruzəçilər qeyd ediblər.