Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
Azərbaycanda doqquz aylıq həbsdən sonra müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. O, barəsində açılmış cinayət işinə tamamilə xitam verilməsinə nail olmaq niyyətindədir.
- Azərbaycanda daha bir müstəqil media rəhbəri həbs edilib
- Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu birinci oxunuşda qəbul edib
- Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
Aprelin 22-də Bakının Nərimanov rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, vəsatət müdafiə tərəfindən İbadoğlunun səhhətinin pisləşməsi ilə əlaqədar verilib.
Bu məzmunda vəsatət indiyədək onlarla dəfə məhkəmələr tərəfindən rədd edilib.
Qubad İbadoğlu barəsində cinayət təqibinə tam xitam verilməsinə nail olmaq niyyətindədir.
“Məhkəmənin bugünki qərarını tam azadlıq əldə etmək kimi qiymətləndirmək olmaz. Hələlik mənim barəmdə qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdiriblər. Bakıdan kənara çıxa, Azərbaycanı tərk edə bilmirəm, yaşayış yerimi dəyişdirdikdə müvafiq orqanı məlumatlandırmalıyam. Mənə qarşı əsassız ittihamlar hələ ləğv olunmayıb”, – deyə İbadoğlu Turan agentliyinə bildirib.
Lakin ev dustaqlığına keçirilməyi onun “sağlamlığı ilə ciddi şəkildə məşğul olmasına” imkan verəcək.
Həbsdə olduğum 9 ay ərzində şəkəri yüksək olduğu üçün siyasətçinin səhhəti ciddi şəkildə pozulub.
İbadoğlu vəkillərinə, onun işini işıqlandıran jurnalistlərə və mətbuat orqanlarına, hüquq müdafiəçilərinə, beynəlxalq demokratik təşkilatların nümayəndələrinə, xarici akademik dairələrdən olan həmkarlarına onun azad edilməsində səylərinə və dəstəklərinə görə minnətdarlığını bildirib.
İbadoğlu həmçinin çıxışlar edəcəyini və digər siyasi məhbusların – Tofiq Yaqublunun, Nazim Bəydəmirlinin, Abzas Media-nın, Toplum TV-nin, Kanal 13-ün jurnalistlərinin azad edilməsinə çağıracağını bildirib.
London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyatı yoxdur və polislər “aşkarladıqları” pulu özləri onun ofisinə yerləşdiriblər.
Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Bir müddət sonra Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda yaşayan və işləyən daha bir iqtisadçı alim Fazil Qasımovu saxlayıb Azərbaycan hökumətinə təhvil veriblər. Rəsmi məlumata görə, o, Qubad İbadoğlunun işi üzrə həbs edilib və ona da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.