AİHM Azərbaycanla bağlı daha 10 şikayətə baxıb
AİHM-in Azərbaycanla bağlı qərarları
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 14-də Azərbaycandan göndərilmiş on ərizə ilə bağlı 6 qərardadını elan edib. Bu barədə aihmaz.org saytı məlumat yayıb.
- Xədicə İsmayılova “Toplum TV işi” ilə bağlı dindirilib
- Ələsgər Məmmədlinin saxlanılmasını əks etdirən görüntüləri yayan həkim işini itirib
- “Toy və yas mərasimlərinə birgə gedirik”. Gürcüstanda ermənilərlə azərbaycanlıların yan-yana yaşadığı kənddən hekayələr
Məlumatda deyilir ki, ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır.
“Eldəniz Quliyev Azərbaycana qarşı” işi tanınmış ictimai fiqurlardan olan ərizəçinin yazılarına görə, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır.
Ərizəçi xəbər portallarında dərc edilmiş Facebook statusuna görə Daxili İşlər Naziri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Nəsimi Rayon Məhkəməsi ərizəçini böhtan və təhqirdə təqsirli hesab edib, onun 480 saat ictimai işlərə cəlb edilməsini və 1000 Azərbaycan manatı məbləğində təzminat ödəməsini nəzərdə tutan hökm çıxarıb. Ərizəçi AİHM-də ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirib.
Məhkəmənin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2700, hüquqi xərclər əvəzi 450 avro ödəməlidir.
“Elnur Məhərrəmli Azərbaycana qarşı” işində ərizəçi jurnalist, onlayn media portalının rəhbəridir. Ərizəçi korrupsiya və rüşvətxorluqdan bəhs edilən məqalələrinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Xətai Rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib, onun bir il altı ay müddətinə islah işlərinə məhkum edilməsinə və aylıq gəlirinin 15 faizinin dövlətin xeyrinə tutulmasına hökm verib.
Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2000 avro mənəvi zərər, 700 avro hüquqi xərclər əvəzi ödəməlidir.
“Nazim Məmmədov Azərbaycana qarşı” işi ərizəçinin böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Özəlləşdirilmiş dövlət şirkətinin direktoru ərizəçini YouTube-da yayılmış videoya və facebook-da yayılan statuslarına görə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Lənkəran Rayon Məhkəməsi ərizəçini böhtanda təqsirli bilib, onun bir il müddətinə azadlqıdan məhrum edilməsi haqda hökm çıxarıb.
AİHM-nin qərardadına görə, hökumət ərizəçiyə ümumilikdə 2700 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəyəcək.
“Nazim Həsənov Azərbaycana qarşı” işi inzibati xəta haqqında icraatın ədalətsiz olması iddiaları ilə bağlıdır. Ərizəçi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün hər hansı əsasın mövcud olmadığını, məhkəmə qərarlarının əsaslandırılmadığını, özünün seçdiyi vəkilə çatımına imkan verilmədiyini iddia edib.
AİHM-nin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərər, xərc və məsrəflər əvəzi ümumilikdə 1250 avro ödəməlidir.
“Etibar Məmmədov Azərbaycana qarşı” işi ərizəçinin insanları müxalifətin təşkil etdiyi etiraz aksiyasında iştiraka çağıran kitabçalar yaydığına görə 2017-ci ildə saxlanılması və inzibati qaydada 15 sutkalığa məhkum edilməsi ilə bağlıdır.
Ərizənin araşdırılması zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya görə, hökumət ərizəçiyə 5800, onun təmsilçisinə 500 avro ödəməlidir.
Kərim Süleymanlı və başqaları Azərbaycana qarşı işdə ərizəçilər barələrindəki inzibati xətalar üzrə icraat zamanı məhkəmə araşdırmasının ədalətsiz olmasından şikayət ediblər. Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.
Məhkəmənin həmin anlaşmaya əsaslanan qərardadına görə, ərizəçilərdən K.Süleymanlı və Elvin Süleymanovun hər birinə 900 avro mənəvi zərər, 350 avro hüquqi xərclər əvəzi, Cavid Məmmədzadə və Baba Süleymanovun hər birinə isə 1000 avro mənəvi zərər, 250 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
“Zemfira Əliyeva Azərbaycana qarşı” işində ərizəçi dinc toplantıların keçirilməsinə imkan verilməməsinin qanunsuzluğunu iddia edib. Kommunikasiya zamanı ərizəçi şikayətlərini davam etdirmək istəmədiyini bildirib.