Həbsdə olan müxalifətçinin səhhəti pisləşib
Qubad İbadoğlunun işi
Artıq yeddinci aydır həbsdə olan müxalif siyasətçi, iqtisadçı-alim Qubad İbadoğlunun səhhəti pisləşib. Siyasətçinin qanında şəkərin səviyyəsini azaltmaq mümkün olmur. Vəkili hesab edir ki, İbadoğlunun Penitensiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilməsinə ehtiyac var, lakin hələlik buna nail ola bilməyiblər.
- Yekun nəticələrə görə, İlham Əliyev 92,12 faiz səslə qalib gəlib
- İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
- Azərbaycanda həbs olunan keçmiş deputat prezidentə müraciət edib
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır. Bu haqda onun qardaşı Qalib Toğrul bildirib.
“Növbəti müayinəsindən sonra qardaşıma polineyropatiya diaqnozu qoyulub, 10 gün sistem köçürülməsi və sonra bir ay dərman müalicəsi təyin edilib. Çünki şəkərin yüksəlməsi nəticəsində damarlarında tıxanma yaranıb. Son 7 ayda şəkərin aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır”, – deyə o, qeyd edib.
“Artıq gün ərzində iki yüksək dozalı dərman qəbul edir və insulin iynəsi vurur. Həmçinin ürək döyüntüləri normallaşsın deyə, ayrıca dərman qəbul edir və buna baxmayaraq, nəbzi həmişə yüksək olur”, – deyə vəkil Zibeydə Sadıqova əlavə edib.
O, “Facebook” hesabında yazıb ki, siyasətçi Penitensiar Xidmətin Baş Tibb İdarəsinə köçürülməlidir, amma buna nail ola bilmirlər.
“Qubad İbadoğlu 10 gün müddətində tibb məntəqəsinə aparılacaq, 1 saat sistem altında olduqdan sonra yenidən kamerasına qaytarılacaq. Əslində, Müalicə Müəssisəsi deyilən yer var. Xəstələr ora göndərilir, orada tamamilə həkim nəzarətində olur və müalicə aldıqdan sonra təcridxanaya qaytarılırlar. Lakin bu qayda, əlbəttə ki, Qubad İbadoğluna aid deyil”, – deyə Sadıqova vurğulayıb.
Qubad İbadoğlunun vəziyyətilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti münasibət bildirməyib.
Bir həftədən sonra siyasətçinin istintaq dövrünün ikinci uzadılma müddəti başa çatır. Amma qardaşı Qalib Toğrulun sözlərinə görə, son 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxta pul hazırlama (AR Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini ekstremist xarakterli materialların yayılması (AR Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi) ittihamı ilə saxlanılıb. Bu ittihamlarla onu 17 ilə qədər həbs cəzası gözləyir.
Ötən il iyulun 24-də Nərimanov rayon Məhkəməsi onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Noyabrın 16-da partiya sədrinin həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.
O, ittihamları qəbul etmir və həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Qubad İbadoğlunu siyasi məhbus hesab edir və hökuməti onu azadlığa buraxmağa çağırır.