Ermənistanın yeni hökuməti sələflərinin bağladığı ölkə üçün sərfəli olmayan sazişləri ləğv edib
Ermənistanın yeni hökuməti sələfinin fəaliyyətini araşdırır və yoxlayır, o cümlədən də sərf eləməyən sazişləri ləğv edir. Məsələn, bu gün məlum olub ki, “Ermənistan Yüksəkvoltlu Elektrik Şəbəkəsi” müəssisəsi erməni mənşəli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Taşir” şirkətlər rupunun idarəçiliyinə verilməyəcək.
Baş nazir Nikol Paşinyanın formalaşdırdığı hökumət özündən əvvəlki hökumətin imzaladığı Ermənistanın yüksəkvoltlu elektrik şəbəkəsini “Taşir” şirkətlər qrupunun beş illik konsession idarəçiliyinə verilməsi haqda müqaviləni ləğv edib.
“Yüksəkvoltlu Elektrik Şəbəkəsi” şirkəti Ermənistanın energetika sistemində əsas funksiyanı yerinə yetirir və ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu şirkət elektrik enerjisini istehsalçılardan alır və “Ermənistan Elektrik Şəbəkələrinə” ötürür, sonuncu da öz növbəsində elektriki istehlakçılara paylayır.
Bu müqavilə bağlanan zaman vəzifədə olan keçmiş energetika naziri bildirmişdi ki, elektrik şəbəkələrinin “Taşir” şirkətlər qrupunun idarəçiliyinə verilməsi bir sıra üstünlüklər gətirəcək. Məsələn, söhbət xərclərin və bu sahəyə yönələn sərmayələrin optimallaşdırılmasından gedirdi.
Bununla belə, yeni təyin olunmuş nazir Artur Qriqoryan bəyan edib ki, sazişin müəyyən maddələri Ermənistan maraqlarına cavab vermir.
Ekspert Vahe Davtyan hesab edir ki, bu sövdələşmədə risklər vardı və elektrik enerjisi sahəsinin inhisarına aparırdı:
“Bu, Ermənistanın enerji təhlükəsizliyi üçün müəyyən risklər daşıyırdı. Baş nazir Nikol Paşinyan isə bir neçə bəyanat səsləndirdi və onlardan belə nəticəyə gəlmək olar ki, yeni hakimiyyət enerji siyasətini milli maraqlardan çıxış edərək yürütməyə çalışacaq”.
Vahe Davtyan hesab edir ki, bu şirkət inhisarçı mövqeyi tutmaqla qiymətləri diktə edən subyektə çevrilə bilərdi. İndi isə sövdələşmənin ləğv edilməsindən və bazarın liberallaşdırılmasından sonra Ermənistanda elektrik enerjisinin qiymətini də yenidən nəzərdən keçirmək mümkün olacaq.
Bu ekspert mövqeyi ilə yanaşı rəsmi bəyanat da səslənib və bu bəyanata əsasən, Ermənistanda qaz və elektrik enerjisi tariflərinin endirilməsi imkanı nəzərdən keçirilir, amma qeyd olunur ki, bunun “Taşir” şirkətlər qrupu ilə müqavilənin ləğv olunmasına heç bir aidiyyatı yoxdur.
Enerji infrastrukturu və təbii resurslar naziri Artur Qriqoryan deyib ki, məsələ hələlik sadəcə müzakirə olunur və bu o demək deyil ki, qaz və elektrik enerjisi tarifləri mütləq azalacaq.
Bu məsələnin tədqiq edildiyi faktını tariflərin yenidın nəzərdən keçiriləcəyi qurumdan – İctimai Xidmətlərin Nizamlanması Komissiyasından da təsdiqləyiblər. Komissiyanın sədr müavini Mikael Soqomyan deyib: məsələ fəal şəkildə müzakirə olunsa da, hələlik tariflərin ucuzlaşmasının və hansı məbləğdə ucuzlaşmasının mümkünlüyünü demək çətindir.
Ermənistan Milli Məclisinin vitse-spikeri Mikael Melkumyan məsələyə parlament iclasında baxılmasını təklif edib:
“Çox vaxt cəmiyyət məlumatsızlığından hakimiyyəti tarifləri salmaq və ya heç olmasa qaldırmamaq üçün bütün resursları olsa da, bunu etməməkdə günahlandırırdı. Hazırkı müzakirələrin aydın mesajı olmalıdır. Bu müzakirələrin nəticəsində əgər elektrik enerjisi və qaz tariflərini azaltmaq mümkün olsa, biz bunu etməliyik. Əgər mümkün olmasa, o zaman aydın şəkildə deməliyik ki, nə üçün qiymətləri endirə bilmirik”.