Ermənistanda erməni soyqırımının 103 illiyi qeyd olunur
Aprelin 24-ü Ermənistanda soyqırım qurbanlarının rəsmi anım günüdür. Erməni soyqırımı – 1915-ci ildə Osmanlı İmperiyası ərazisində kütləvi qırğın günüdür. O zamana qədər Osmanlı İmperiyasının ərazisində 2,5 milyona yaxın erməni yaşayıb. Kütləvi qətl və deportasiya nəticəsində onların yarıdan çoxu həyatını itirib.
Ermənistan və bir neçə Qərb ölkəsi həmin hadisələri soyqırım kimi qiymətləndirir. Türkiyə bunu qətiyyən qəbul etmir.
Səhərdən minlərlə yerli sakin və hər ilin bu günü Ermənistana gələn xaricdəki erməni diasporasının nümayəndələri həlak olmuş əcdadlarının xatirəsini anmaq üçün soyqırım qurbanlarının xatirə Memorialı önünə axışıb.
Müqavimət hərəkatının üzvlərindən ibarət kolon da bu gün Yerevanın əsas meydanından memoriala doğru addımlayıb. Dünənə qədər onlar küçələri kəsir, baş nazirin istefasını tələb edirdilər. Aprelin 23-də Serj Sarqsyan onların tələbini yerinə yetirdi. Bu gün isə etirazçıların kolonu hərəkat lideri Nikol Paşinyanla birlikdə memoriala doğru yürüş edib. Onlar Yerevan küçələrindən əllərində çiçəklər sükut içində, heç bir şüar səsləndirmədən keçiblər.
Səhər ənənəyə uyğun olaraq rəsmi şəxslər də memorial önünə çiçək qoyublar – bu dəfə baş nazirin birinci müavini Karen Karapetyanın öncüllüyü ilə. Rəsmi şəxslər arasında istefa vermiş baş nazir Serj Sarqsyan olmayıb.