“Troya” əməliyyatı: Kremldən Ukraynanın işğalı ilə bağlı məlumat sızıntısı
Britaniyanın “The Times” qəzeti Ukraynada hibrid müharibəsi metodları haqqında hesabatın materialları əsasında araşdırma dərc edib. Yeni məlumatlar Rusiya prezident administrasiyasının rəhbəri, Kremlin əsas ideoloqu sayılan Vladislav Surkovun poçtu sındırıldıqdan sonra üzə çıxıb. Bu, 2016-cı ildən bəri artıq üçüncü məlumat sızıntısıdır və “Surkov Leaks-3” adını alıb. Bundan öncəki iki sızıntı “Surkov Leaks-1” və “Surkov Leaks-2” adlanırdı.
“Surkov Leaks-3” o cümlədən Zaporojskoye vilayətinin işğalı üçün hazırlanan gizli plandan və Ukraynada sabitliyin pozulmasından bəhs edir. Kreml bunu yalan adlandırır. “Hromadskoe” araşdırmanın müəlliflərindən biri, “Euromaidan Press”in baş redaktoru Alya Şandrayla söhbət edib. Bu materialda onunla söhbətin əsas tezisləri yer alır.
“Surkov Leaks-1” və “Surkov Leaks-2” baş verəndə analitiklərin hamısı Rusiyanın Ukraynadakı müharibədə iştirakının sensasiyalı sübutlarını gözləyirdi. Bu informasiya orda yox idi və bu da bir qədər təəssüf doğururdu. İnformasiya sızması nəticəsində açıqlanmış materialların üçüncü hissəsində araşdırmaçılar hibrid müharibəsinin aparılmasının gizli metodları – Ukraynaya daxildən qalib gəlməyə yönəlik minlərlə təşəbbüs və layihənin olmasının sübutlarını aşkar edib. “Surkov Leaks-3” sızıntısının məğzi Ukraynada separatçı layihələri idarə edən Surkovun sağ əli olan abxaz əsilli rus məmuru İnal Ardzinbanın elektron poçtunun məktublarıdır. Hələlik Ardzinbanın yazışmasını qismən deşifrə etmək mümkün olub, indiyədək çox güman ki, araşdırmaçılar üçün maraqlı olacaq, amma şifrə ilə qorunan doqquz sənəd qalır.
Artıq Britaniya mətbuatında bu sənədlərə istinad edən məqalələr dərc olunub. Söhbət Putinin Donetsk Xalq Respublikasındakı adamı Aleksey Muratovun Kremlə göndərdiyi “Troya” əməliyyatını təsvir edən sənədlərdən gedir. Muratov stabilliyin pozulmasını bir az da dərinləşdirmək üçün 181 min dollar xərcləməyi təklif etmişdi. Sənəddə bu əməliyyatın büdcəsi ətraflı şəkildə təsvir olunur: təxminən 40 min dollar Ukraynanın Zaporojckoye vilayətində Rusiya yönlü nümayişlərin təşkilinə, daha on min Ukraynanın Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının öz tərəfinə çəkilməsinə, daha 49 min dollara qədər də lazımi nəqliyyat vasitələrin alınmasına ayrılması nəzərdə tutulurdu.
Bu plana əsasən, Zaporojskoye vilayətinin zəbti və Rusiyanın hərbi müdaxiləsi baş tutmalı idi. “Novorusiyanın” da genişləndirilməsi planlaşdırılırdı – separatçılar Ukraynanın digər bölgələrini də öz nəzarətləri altına götürməliydi. “Surkov Leaks-3” sənədlərində göstərildiyinə görə, “Troya” əməliyyatı bu vilayətlərdəki yerli sakinləri hərbi hücuma hazırlamalı, həm də Ukrayna xüsusi xidmət orqanları və hərbi qüvvələrinin əməkdaşlarını cəlb etməliydi.
“Bu, “refleksiv idarəçilik” adlanır”, – “Gromadskoye”nin həmsöhbəti izah edir, – yəni düşmənini o qədər yaxşı tanıyırsan ki, onu sənin xeyrinə olan addımları atmağa birbaşa məcbur etməsən də, buna təhrik edirsən. Görünür ki, əldə etdiyimiz sənədlər Rusiyanın özünəməxsus hibrid müharibəsinin aparılması “dərsliyidir”, – Alya Şandra deyir.
Araşdırma müəllifləri tam hesabatı Britaniyada mayın axırlarında dərc etməyi planlaşdırır.