Türkiyə Fətullah Gülənin həbsinə order verib. Onu ömürlük həbs cəzası gözləyir
Ankarada Türkiyə hakimiyyətinin 2016-cı ilin iyununda dövlət çevrilişinə cəhddə günahlandırdığı Fətullah Gülənin həbsi barədə məhkəmə qərarı çıxarılıb. Bu səfər ona qarşı 2016-cı ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkili ilə bağlı ittiham irəli sürülüb.
Güləndən başqa yeddi nəfər də eyni cinayətlə bağlı günahlandırılır, Türkiyənin “Yeni Şafak” qəzeti yazır. Türkiyə hakimiyyətinin bildirdiyinə görə, onların hamısı Fətullah Gülənin rəhbərlik etdiyi “FETÖ” terror təşkilatının üzvüdür. Gülən özü belə bir terror təşkilatının mövcudluğunu qəti şəkildə inkar edir.
Ümumilikdə bu gün Fətullah Gülən “Konstitusiya müddəalarının pozulması və terror məqsədilə insan qətlinin təşkilində” təqsirləndirilir. Həbs olunduğu təqdirdə onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
76 yaşlı Fətullah Gülən ABŞ-da yaşayır və onilliklər boyunca İslamın sülh, demokratiya və elmi biliklərə əsaslanan təriqətini təbliğ edir. Onun “Hizmet” xeyriyyə təşkilatı Türkiyə və digər bir sıra ölkədə təhsil müəssisələri şəbəkəsi yaradıb, həmçinin ABŞ-da da 120 məktəb açıb. Təşkilat amerikalı siyasətçilərin Türkiyəyə səfərlərini də maliyyələşdirib.Gülənin opponentləri hesab edirlər ki, bütün bunlar əsas hədəfi varlanmaq və hakimiyyəti ələ keçirmək olan təşkilatın pərdələndiyi təbliğat vasitəsidir.
Türkiyədə 2016-cı ilin iyulunda baş verən dövlət çevrilişi cəhdindən sonra bu təhsil müəssisələri yalnız Türkiyədə deyil, Azərbaycan və Gürcüstan kimi bir sıra digər ölkələrdə də bağlanıb.
“Hizmet” fondu və onun təhsil müəssisələri ilə əlaqəli olan hər kəs Türkiyədə “FETÖ” (Türkcədən tərcümədə Fətullahçı Terror Təşkilatı) üzvü elan edilib.On minlərlə insan “Türkiyədə FETÖ-nün təşkil etdiyi dövlət çevrilişi cəhdinə görə” həbs olunub.
Artıq Rusiya səfirinin qətlində də rəsmən FETÖ şübhəli sayılır..
R
usiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da səfirliyin Ankaranın Çankaya bələdiyyəsi ilə birlikdə hazırladığı foto-sərgi zamanı polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən media və ictimaiyyətin gözü önündə qətl edilmişdi. Qatilin özü isə hadisə yerində güc strukturlarının əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi.
Səfiri qətl edərkən ərəb dilində dini kəlmələr səsləndirdiyini əsas gətirərək sosial şəbəkələrdə və mediada onun radikal islam qruplaşmaları ilə əlaqəli olduğu, hətta “Əl Nüsra”nın bu terror aktını öz üzərinə götürdüyü haqda məlumatlar yayıldı. Amma sonradan “Əl Nüsra” bu məlumatları yalanladı.
İstintaqın gəldiyi qənaətə görə, Altıntaş FETÖ üzvüdür, terror aktı da bu təşkilat tərəfindən hazırlanıb.
Hətta istintaq sosial şəbəkələrdə Altıntaşın “Əl Nüsra” ilə əlaqələndirilməsinin də FETÖ tərəfindən ictimaiyyəti hədəfdən yayındırmaq məqsədilə qəsdən edildiyini irəli sürüb. Hazırda haqlarında həbs qərarı çıxarılmış 8 nəfərdən biri məhz “Twitter”də “Əl Nüsranın” terror aktını öz üzərinə götürdüyü haqda yalan xəbər yaymaqla qətlin təşkilatçılarını ört-bastır etmək cəhdində günahlandırılır.