“Yerdə vəziyyəti dəyişmək zəruridir”. Bakıdan baxış
Ekspertlər danışıqlar prosesi haqda
Yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə danışıqlar prosesinin müxtəlif səviyyələrdə davam edəcəyi gözlənilir. Amma tərəflərin hər birinin bunun üçün öz ilkin şərtləri var ki, bu da qarşı tərəf üçün qəbuledilməzdir. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin ekspertlərinin fikrincə, danışıqlar masası arxasında müsbət nəticələr əldə etmək üçün Bakı “yerdə” reallıqları dəyişməlidir, yəni Laçın yolunda keçid məntəqəsi yaratmalıdır.
- Onlarla Gürcüstan vətəndaşı Sudanda, döyüş bölgəsində qalıb
- Ümid yolu. Qrız sakinləri həm kəndlərini, həm dillərini xilas etməyə çalışırlar
- 13 il əvvəl Naxçıvanda yerli hökmdar bütöv bir kəndi alçaldıb, işgəncəyə məruz qoyub. Canlı şahidlərin danışdıqları
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) bildirir ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində intensivlik müşahidə olunur.
“Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir.
Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar”, – ekspertlər vurğulayırlar.
Danışıqların gündəliyi
Politoloqların fikrincə, son üç həftədə baş verənlər Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əvəzinə, gərginlik dərəcəsini daha da artırıb:
“Azərbaycana danışıqların forması yox, məzmunu vacibdir. Bakı üçün fərqli diplomatik platformalarda eyni gündəliyin müzakirə edilməsi olduqca vacibdir. Gündəliyin tərkibinə Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında sülh sazişinin imzalanması, ərazi bütövlüyün tanınması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, qoşunları geri çəkmədən sərhədlərin delimitasiya/demarkasiyası və Qarabağ məsələsinin heç bir (birbaşa və ya dolayı) formada danışıqlar obyekti olmaması daxildir”.
Vasitəçilərin mövqe və maraqları
“Danışıqlar gündəliyi dəyişməz qalsa da, Rusiya və Qərb normallaşma prosesinə öz maraqları prizmasından yanaşır. ABŞ üçün sülh sazişinin özü, Rusiya üçünsə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prioritetdir.
Prezident Baydenin sözləri ilə desək, Vaşinqton üçün sülh, “enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaması” səbəblərindən çox vacibdir.
Rusiya öz növbəsində Qərbin “anakonda həlqəsini” zəiflətmək, logistika imkanlarını artırmaq və Ermənistan ərazisində Federal Təhlükəsizlik Xidmətinin müddətsiz funksiyalarını artırmaq üçün 10 noyabr razılaşmasının 9-cu bəndinin icra edilməsində israrlıdır”, – CSSC-nin icmalında deyilir.
Ermənistanın yanaşması
Analitiklər bildirirlər ki, Ermənistan Azərbaycanla münasibətlərin bərpa edilməsində Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində təmin edilməsini” ilkin şərt kimi irəli sürür:
“Sadə dillə desək, Ermənistan Paris, Vaşinqton, Moskva kimi vasitəçilərin nəzarəti altında Bakı və Xankəndi arasında dialoq formatının bərqərar edilməsinə can atır.
Qarabağ məsələsini gündəmdə saxlaya bilməyəcəyini dərk edən Yerevan, bunu erməni diasporunun təsirini özündə hiss edən ölkələr vasitəsilə etmək istəyir. Ermənistan rəhbərliyi düşünür ki, Bakı və Xankəndi arasında beynəlxalq formatlı dialoq Qarabağın Azərbaycana reinteqrasiyasına mane olub, beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradacaq”.
Bakının zəruri addımları
“Əgər Ermənistanın sülh sazişinə getməsinə mane olan yeganə faktor Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsidirsə, Bakı Ermənistanın Qarabağ ermənilərinə bütün təsir kanallarını kəsməlidir.
“Beynəlxalq ictimaiyyət” artıq buna hazırdır. Görünən odur ki, hazırkı danışıqlar prosesi böyük ehtimalla Ermənistan və ya üçüncü qüvvə tərəfindən pozula bilər. Bu öz növbəsində Azərbaycana yerdə fəaliyyətə keçib, yeni geosiyasi reallıq yaratması üçün şərait yaradacaq”, – tədqiqatlar mərkəzində əmindirlər.
Politoloqların sözlərinə görə, Ermənistan rəhbərliyi vaxt udmaq və danışıqları çıxılmaz vəziyyətə gətirmək üçün əlindən gələni edir:
“Vasitəçilər isə fərqli səbəblərdən Laçında nəzarət-buraxılış məntəqəsinin (NMB) qurulmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, danışıqlar prosesinin alqoritmi və Bakının prinsipial mövqeyi Laçında NMB-nin qurulmasını qaçılmaz edir. Danışıqlar masası arxasında real nəticə qazanmaq üçün yerdə vəziyyəti dəyişmək zəruridir. Bu baxımdan Laçında NBM-in qurulması Rusiya və Qərbin vasitəçiliyi ilə təşkil ediləcək görüşlərdə müsbət nəticələrin əldə edilməsinə kömək edəcəkdir”, – azərbaycanlı ekspertlər bildiriblər.