Fotolar: dizaynerlər qadınlara 2018-ci ildə nə geyinməyi, kişilərə isə onlara nə hədiyyə etməyi təklif edir
Bayram “qadın ayı” hamıya məlum olan beynəlxalq 8 mart günündən başlayır və aprelin 7-də, Ermənistanda Analıq və gözəllik günü qeyd edilən zaman bitir. Rəsmi və məcburi heç nə olmasa da, kişilərin düz bir ay ərzində qadınları təbrik etməsi artıq adət halını alıb.
Təqvim bayramlarından asılı olmayaraq, öz sevgililəri üçün ən yaxşı hədiyyə etmək istəyən nəzakətli kişilərə kömək üçün JAMnews dizaynerlərin məsləhətlərini təqdim edir.
2018-ci ildə nə dəbdə olacaq, “5concept”in art-direktoru İrina Vanyan danışır.
Dəb evləri artıq 2018-ci ilin rəngi kimi bənövşəyi rəngi elan edib. Bu isə o deməkdir ki, sevgilinizə bənövşəyi çalarlarda paltar, aksesuarlar, alt paltarı, kosmetika (dodaq boyası, göz kölgələri) və hətta qulluq vasitələri hədiyyə edə bilərsiz.
Təzə yasəmən rəngi (ultra violet) sevgilinizə gözəl görünüş, təravət verəcək. Qadınlara isə bu “şıltaq” rənglə ehtiyatlı olmağı və onun ancaq dərinizin və saçınızın rənginə yaraşdığı halda istifadə etməyi məsləhət görülür.
Bənövşəyinin aktuallığı heç də o demək deyil ki, bütün yerdə qalan rəngləri unutmaq və tamamilə bənövşəyinin çalarlarıyla bəzənmək lazımdır. Gələn il həm də qəhvəyi, pastel çalarlar – süd rəngi, açıq çəhrayı, mavi, ərik rəngləri də dəbdə olacaq.
Bənövşəyi rəngin sevgilinizə şarm verməyəcəyini hesab edirsizsə, heç düşünmədən ona bənövşəyi olmayan hədiyyə ala bilərsiz.
Başdan ayağa bir rəngə geyinmək (total look) 2018-ci ildə də trenddə olacaq.
Paltar seçimində özünü məhdudlaşdırmaq da lazım deyil. Dizaynerlər ən müxtəlif biçimdə paltarlar təklif edir: dar və açıq kəsikli, həndəsi fiqurları xatırladan, modellərin formalarını vurğulayan və onları gizlədən. Sevgiliniz eksperimentlərə qarşı deyilsə, onun üçün elə bir üslub seçə, elə paltarlar hədiyyə edə bilərsiz ki, onlar ilk baxışdan uyğunsuz görünsün və qarderobda qarışıqlıq yaratsın.
2018-c ildə yenə də “oversize” üslubunda paltar dəbdə olacaq. Bu, sadəcə böyük ölçüdə paltar deyil. Paltar bu üslubla tikilməlidir. Dəb evləri “oversize” üslubunda sviter, bluz, şalvar və pencəklər təklif edir. Əgər sizin sevgiliniz klassik üsluba üstünlük verirsə, bu məsləhətə fikir verməyə də bilərsiniz.
Xanımınıza ziyafət paltarı hədiyyə etmək istəyirsinizsə, onda məxmər və ya velyurdan tikilmiş kristal şəkilli strazlarla bəzədilmiş paltar seçə bilərsiniz. Belində, qollarında və ya boğazında şəffaf taxmalar olan donlar da dəbdədir. Bu paltarlar şifon, gipürdan tikilə, krujeva ilə bəzədilə bilər. Paltarının uzunluğunun isə heç bir fərqi yoxdur.
İsti paltar sevən qadınlara papaq, şərf, uzun yun jaketlər, həm oversize, həm də klassik üslubda iri hörməli sviterlər də bağışlamaq olar. Bu, əl işi olsa, sevgilinizin xoşuna gələcək. Kürk və ya dəri taxmalı jaketlər də dəbdədir.
Paltarın ölçülərində səhv etməkdən qorxursuzsa, hədiyyə kimi bəzək əşyası ala bilərsiz. Gümüş və qızıldan başqa bahalı olmayan metallar da dəbdədir. Barmaqların ucuna taxılan kiçik üzüklər, bir neçə qatdan ibarət qolbaqlar və boyunbağılar seçmək olar. Nazik zəncirlər, kulonlar, muncuqlar və bütün sadalananlar bir yerdə də aktualdır.
Dizaynerlər kisəni xatırladan maksimal böyük çantalar təklif edir. İşgüzar xanım üçün bu cür hədiyyə gündəlik istifadə üçün faydalı əşya ola bilər. Amma nəzərə alın ki, sevgiliniz köklüyə meylli bəstəboy xanımdırsa, bu cür çanta ona yaraşmayacaq, çünki onun bu xüsusiyyətlərini vurğulayacaq. Belə olan halda dəmir zəncirli kiçik çantalar seçmək məsləhətdir. Eyni rəngdə və ya eyni printi olan çanta və sviter və ya pencək, rəngli kürk və ya strazları olan, kvadrat, dairəvi, üçbucaq və ya düzbucaq çantalar seçmək olar.
Print və yenə də print… Bu il olduğu kimi, 2018-ci ildə də istənilən qarderobun bəzəyi printli köynəklər, svitşotlar, pencəklər, şalvarlar, çantalar və s. olacaq. Dama-dama, həndəsi fiqurlu, çiçəkli və ya heyvanların təsviri ilə və ya şaquli zolaqlı printlər seçmək olar. Dizaynerlər düzgün seçildiyi halda bədənə incəlik verə bilən printlərin geniş seçimini təklif edir. Paltarın üzərində kiçik əsərləri xatırladan pop-art üslubunda printlər də xüsusilə populyardır.