Ermənistan-İran sərhədində azad iqtisadi zona açılıb
Ermənistan-İran arasındakı rəsmi sərhəddə “Meğri” azad iqtisadi zona yaradılıb, burada mallar duty free rejimində maya dəyərinə satılacaq.
İqtisadçılar qeyd edirlər ki, Ermənistan və İran üçün bu meydan üçüncü ölkələrlə əməkdaşlıq imkanı ola bilər, çünki Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirak edir, eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlıq edir və ixrac üçün güzəştli şərtlərdən yararlanır.
“Meğri” azad iqtisadi zonada işləyən sahibkarlar gəlir vergisindən, əlavə dəyər vergisindən, aksiz vergisindən və gömrük rüsumundan azad ediləcək. Onlardan yalnız mənfəət vergisi tutulacaq. Burada ən müxtəlif növ mallar təqdim oluna bilər – kənd təsərrüfatı məhsullarından tutmuş, emal sənayesi və istənilən digər sahənin mallarına qədər.
Ermənistanın baş naziri Karen Karapetyan bildirib ki, İran iş adamlarının azad iqtisadi zonada biznesə başlamaq və öz məhsulunu həm Avropaya, həm də Avrasiya İttifaqı ölkələrinə ixrac etmək imkanı olacaq. Baş nazirin sözlərinə görə, Avropa və Avrasiya ölkələrindən İrana ixrac zamanı da eyni əlverişli şərtlər keçərli olacaq.
İran İslam Respublikasının Ermənistandakı səfiri Seyid Kazım Səcadi bununla bağlı bildirib ki, Ermənistan-İran iqtisadi əlaqələrinin inkişafı üçün böyük və işıqlı perspektivlər görür:
“ “Meğri” azad iqtisadi zonasının işə salınması Ermənistan və İran arasında mal dövriyyəsinin artmasına və İran azad iqtisadi zonaları ilə təcrübə mübadiləsinə imkan yaradacaq”.
Yaxın illərdə bu azad iqtisadi zonada 50-70 müəssisənin fəaliyyət göstərəcəyi, 100-150 milyon dollar həcmində sərmayə daxil olacağı, 250 min dollarlıq ixracın təmin olunacağı ehtimal edilir.
Rəsmi məlumata görə, 2017-ci ildə Ermənistan və İran arasında ticarət dövriyyəsi ötən ilin göstəricilərindən yüksək olub və 211.4 milyon dollar təşkil edib. Ümumilikdə Ermənistanın ticarət dövriyyəsinin 4,2 faizini İranla əməkdaşlıq təşkil edir.