Dünya çempionu Rusiyada – Rusiyasız?
Dünya Dopinqlə Mübarizə Agentliyi bildirib ki, Rusiya futbolçularının, o cümlədən də yığmanın oyunçularının dopinq qəbul etməsi ilə bağlı məlumatlara sahibdir və bu məlumatları Beynəlxalq Futbol Assosiasiyasına (FİFA) təqdim etməyə hazırdır. Əgər şübhələr təsdiqlənsə, Rusiya yığması gələn il öz ölkəsində keçiriləcək 2018-ci il Dünya Çempionatından uzaqlaşdırıla bilər.
İlk şübhələr
2017-ci ilin yayında VADA-nın müstəqil komissiyasının rəhbəri Riçard Maklaren bildirib ki, Rusiyada futbolçuların dopinq istifadəsinin ört-basdır edilməsi sistemi mövcuddur. Onun sözlərinə görə, futbolçulardan dopinq sınağı üçün götürülən nümunələrin dəyişdirilməsi üçün istifadə olunan “təmiz” sidik bankı təşkil olunub.
Bundan bir neçə gün əvvəl Daily Mail qəzeti FİFA-dakı mənbələrinə istinadən bildirmişdi ki, Rusiya futbol yığması tam tərkiblə 2014-cü il Dünya Çempionatında dopinq istifadəsində şübhəli bilinir.
Qəzetin məlumatına görə, FİFA Rusiyadan olan 34 futbolçu (onlardan 23-ü 2014-DÇ iştirakçısıdır) dopinq əleyhinə qaydaları pozub.
Yeni metodlar, yeni şahidlər
Maklarenin bəyanatı və Britaniya nəşrindəki məqalə ilə təqribən eyni zamanda Rusiya yığmasının da iştirak etdiyi Konfederasiya Kuboku başlandı. Turnir ərəfəsində futbolçulardan dopinq yoxlaması üçün götürülən bütün nümunələr neqativ nəticə verdi.
Noyabrın 26-da Moskva Dopinq Əleyhinə Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkovun vəkili bildirib ki, Rusiya futbolunda dopinq istifadəsi ilə bağlı məlumatları FİFA ilə paylaşmağa hazırdır. Rodçenkovun vəkilinino sözlərinə görə, o, onlarla Rusiya futbolçusunun qadağan olunmuş preparatlardan istifadə etdiyini sübut edə bilər.
Dekabrın 9-da FİFA nümayəndəsi Daily Mail-ə danışıb ki, 2018-ci ilin əvvəlində Rusiya futbolçularının dopinq yoxlaması üçün nümunələrinin növbəti və son ekspertizası keçiriləcək. Futbol Federasiyası Rusiya olimpiya yığmasının dopinq əleyhinə qaydaları pozmasına dair istintaqda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) işləyib hazırladığı metoddan istifadə edəcək.
Daha əvvəl sidik konteynerlərinin qanunsuz şəkildə acılı-açılmadığını aydınlaşdırmağa imkan verən metod yox idi, buna görə də belə araşdırmalar mümkün deyildi.
Milli Dopinqlə Mübarizə Agentlikləri İnstitutunun rəhbəri Cozef de Pensye əgər Rusiyada bu idman növündə dövlət dopinq-proqramının mövcud olduğu təsdiqlənsə, Rusiya futbol yığmasını DŞ-2018-dən uzaqlaşdırmağa çağırıb.
De Pensye hesab edir ki, Rusiyada Rusiya yığmasının iştirakı olmadan Dünya Çempionatının keçirilməsi problem olmayacaq.
Presedent
Dekabrın 5-də BOK Rusiya yığmasının 2018-ci il Olimpiya Oyunlarından uzaqlaşdırılması haqda qərar qəbul edib. Bu qərar Rusiya idmançılarının Soçi Olimpiadasında dopinq istifadəsi ilə bağlı aparılan uzunmüddətli araşdırmanın nəticəsidir.
VADA komissiyasının müəyyən etdiyinə görə, Rusiyada dopinq istifadəsi və dopinq-testlərinin nəticələrinin ört-basdır edilməsi sistemi mövcuddur. Sistem İdman Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin məmurları tərəfindən yaradılıb və onların kurasiyasında olub.
Futbol üzrə Dünya Çempionatı Rusiyada 2018-ci il iyunun 14-dən iyulun 15-ə qədər keçirilməlidir. Rusiya yığması turnirə ev sahibliyi edən ölkənin komandası kimi seçmə oyunlarını keçmədən çempionatda iştirak etməlidir.