Keçmiş azərbaycanlı məmur Polşada “Putinin sifarişilə” saxlanılıb?
Elxan Nuriyevin Polşada saxlanılması
Ukrayna “Zabitlər İttifaqı”nın üzvü, Azərbaycanın keçmiş dövlət məmuru Elxan Nuriyev Polşaya daxil olarkən saxlanılıb. Onu Interpol vasitəsilə 33 günlük saxlayıblar və Polşa hüquq-mühafizə orqanları Azərbaycanın ona qarşı iddialarının əsaslı olub-olmadığını araşdırır. Saxlanılan vaxt məlum olub ki, Nuriyevə qarşı 1994-cü ildə Azərbaycanda cinayət işi qaldırılıb. Onun dostu, müxalif siyasətçi Ədalət Yusibovun fikrincə, Nuriyevin saxlanılması “Putinin sifarişi” ola bilər. “Təəssüf ki, zərbə Azərbaycanda endirilib”, – o əlavə edib.
- Azərbaycanda media reyestri qeydiyyata başlayıb. Müstəqil jurnalistlərə bunun hansı təsiri olacaq?
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
- Radiasiya təhlükəsi üzündən Azərbaycanda apteklərdən yod yoxa çıxıb
Oktyabrın əvvəlində Ukraynadan Polşaya daxil olduğu zaman Ukrayna vətəndaşı olan azərbaycanlı Elxan Nuriyev saxlanılıb. O, Ukrayna “Zabitlər İttifaqı”nın üzvü, bu strukturun Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədridir. Amma Ukraynaya köçənə qədər Azərbaycanda dövlət vəzifəsində olub.
Elxan Nuriyev kimdir?
1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olan Elxan Nuriyev sovet ordusu sıralarında Ukraynada hərbi xidmət keçib. Xidmətdən sonra bu respublikada qalıb, Xarkov Dövlət Universitetini bitirib.
1991-ci ildə Azərbaycan-Ermənistan münaqişəsi qızışdığı zaman Azərbaycana qayıdıb və doğma Qubadlı rayonunun müdafiəsi üçün könüllü özünümüdafiə batalyonuna yazılıb.
1992-ci ilin sentyabrında Azərbaycan prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə Nuriyev Qubadlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Heç bir il keçməmiş 1993-ü il avqustun 24-də prezident Heydər Əliyevin fərmanı ilə o, vəzifəsindən azad edilib.
Bir neçə ay sonra Nuriyev ölkəni tərk edib və Ukraynaya qayıdıb. Ukrayna vətəndaşlığını qəbul edib, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib və orada yaşayıb.
Onu nədə ittiham edirlər?
Azərbaycanın ASNTA portalının məlumatına görə, Azərbaycan tərəfindən Interpol vasitəsilə haqqında beynəlxalq axtarış elan edilmiş Elxan Nuriyevə qarşı cinayət məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) və 309-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Ədalət Yusibovun sözlərinə görə, Ukrayna vətəndaşı olan Elxan Nuriyev dəfələrlə xaricdə səfərdə olub, Türkiyə və Polşaya he bir maneəsiz gedib-gəlib. “O, heç vaxt ölkələr arasında sərhəd məntəqələrində problemlə qarşılaşmayıb”, – Nuriyevin yaxın dostu olan Yusibov bildirib.
Onun sözlərinə görə, Nureyevin Polşaya sonuncu səfərinin məqsədi Rusiyanın Ukraynadakı cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması və hazırlanması ilə bağlı Avropa ölkələri ilə məsləhətləşmələrdə iştirak etmək olub.
Nuriyevin həbsini kim “sifariş edib”?
Ədalət Yusibov deyib ki, Polşa hüquq-mühafizə orqanları Nuriyevi ona qarşı qaldırılmış cinayət işinin əsaslı olub-olmadığını araşdırmaq məqsədilə 33 günlük saxlayıb.
“Son 7-8 ildə mən Elxan Nuriyevin Avropa ölkələrinə və Türkiyəyə çoxsaylı səfərlərinin şahidi olmuşam. Bu səfərlər zamanı sərhədi keçərkən heç vaxt onun hansısa təhlükəli vəziyyətlə qarşılaşmasına rast gəlinməyib və buna görə də 30 il sonra yuxarıda göstərilə səbəb onun saxlanılması ciddi şübhə doğurur və Elxanın saxlanılmasının sifarişli olduğuna dəlalət edir”, – azərbaycanlı siyasətçi bildirib.
Onun sözlərinə görə, Avropaya son səfərindən bir neçə gün əvvəl Elxan Nuriyev sosial şəbəkədəki səhifəsində səfər vaxtı və məqasədi haqda məlumat yayıb.
“Avropaya səfərin əsas məqsədi Putin cinayətlərinin mühakimə olunması üçün Avropada 2-ci Nürnberq məhkəməsinin qurulması istiqamətində ictimai hərəkatın başlanılması idi. Bu istiqamətdə atılacaq addımlar təbii ki, Putini narahat etməyə bilməzdi. Məhz bu səbəblər Elxan bəyin fəaliyyətinin lokallaşdırılmasını zəruri edirdi. Çox təəssüflər olsun ki, bunu təmin etmək üçün “əsas” canından çox sevdiyi Azərbaycandan gəldi”, – deyə Ədalət Yusibov əlavə edib.