Rusiyada Putinin hərəkət trayektoriyasını gizlətmək üçün ola bilər ki, GPS göstəricilərini təhrif edirlər
Yoxa çıxmış gəmi
Bu ilin iyununda kapitan Qurvan Le Meur ticarət gəmisi ilə Rusiyanın Novorossiysk limanına istiqamət alıb. Bir anda nə isə baş verib və onun gəmisi radarlardan itib.
“Əvvəlcə biz həyəcan siqnalı eşitdik”, – Le Meur CNN-in müxbirinə danışır. – “Biz dərhal aşkarladıq ki, gəmimizin real olaraq yerləşdiyi nöqtə GPS-in göstərdiyi yerdən 20 dəniz mili qədər fərqlidir”.
Gəminin GPS əsasında işləyən naviqasiya sistemi onun dənizdə deyil, Gelencikdə aeroport ərazisində olduğunu göstərdiyi üçün həyəcan siqnalı işə düşmüşdü.
Le Meur bu vəziyyət haqda ABŞ-ın Sahil Mühafizəsinə məruzə edib. Qurum nümayəndələri sonradan bildiriblər ki, 20-dən çox gəmi GPS göstəricilərinə əsasən həmin anda Gelencik aeroportunda olub.
Ekspertlər bildirirlər ki, kimsə GPS-in işinə bilərəkdən müdaxilə etdiyi üçün bütün bunlar baş verib. Sistem özü-özlüyündən xəta verməyib, qəsdən yanlışlıq yaradılıb. Bəs bu baş verənlərin arxasında kim dayanır? Hər şey onu göstərir ki, GPS-in işinə müdaxilə Rusiya ərazisindən edilir.
Oxşar situasiyalar
2017-ci ildə Rusiya ərazisində, o cümlədən də Rusiyanın dəniz sərhədlərində GPS-in işində xətaların sayı kəskin artıb. Windward şirkətinin analitikləri radarların göstəricilərinin gəminin həqiqi yerləşdiyi yerlə üst-üstə düşmədiyi 450 halı qeydə alıblar. Çox vaxt radarlar gəmilərin Sankt-Peterburq, Soçi və Gelencik aeroportlarının ərazisində olduğunu göstərib.
2016-cı ildə Uber və Google maps istifadəçiləri də bir neçə dəfə bu əlavələrin işində xətaların olduğu haqda məlumat veriblər. İnsanlar Kremlin yanında olduqları zaman naviqasiya əlavəsi onların Moskvanın kənarında yerləşən Vnukovo aeroportunda olduqlarını göstərirmiş.
2016-cı ildə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, maşınında hərəkət etdiyi zaman onda da GPS siqnalı vaxtaşırı olaraq təhrif olur. Rusiya tərəfi bununla bağlı başqa heç bir şərh verməyib.
Ekspertlər nə deyir?
Bəzi ekspertlər iddia edirlər ki, Rusiya hakimiyyətinin bu xətalara birbaşa dəxli var. Onlar hesab edirlər ki, bu, Vladimir Putinin hərəkət trayektoriyasını gizlətmək üçün edilir.
“Rusiyada GPS-in işində yaranan bu pozuntuların hakimiyyət tərəfindən sanksiyalaşdırıldığını hesab edirəmmi?” – Ostindəki Texas Universitetinin müəllimi Todd Hamfirs CNN-ə danışıb. – “Mən belə cavab verərdim ki, “yox” deməkdənsə “hə” deməyə əsasım daha çoxdur”.
Hamfirs öz tədqiqatlarına əsaslanaraq bildirir ki, GPS-i aldatmaq çox asandır. 2013-cü ildə o özü GPS-in nə qədər zəif olduğunu göstərmək üçün eksperiment aparıb. Əvvəlcədən dəyəri 80 milyon dollar olan yaxtanın sahibi ilə razılaşaraq, o, elə eləyib ki, dənizə çıxdığı zaman gəmi radarlarda görünməyib. bu zaman sahil xəbərdarlıq sistemi də işə düşməyib.
Bred Parkinson GPS-i hazırlayan əsas mütəxəssislərdən biri olub. O, sistemdən istifadə etməklə ilk dəfə təyyarənin “kor-koranə” yerə enişini idarə edib.
“Bu gün aldadılması hədsiz asan olan GPS qəbulediciləri yetəri qədər çoxdur”, – o deyir. – “Hazırlanan zaman onların təhlükəsizliyini yaxşılaşdırmaq mümkün idi, amma sözün düzü, bu, sadəcə edilməyib. Bunun sadəcə iqtisadi vacibiyyəti olmayıb”.