"Onlar canlı lazımdırlar" - "Azov" döyüşçüləri Rusiyanın nəzarəti altına təxliyə edilib
“Azov” Rusiyanın nəzarəti altına təxliyə edilib. “Azovstal” bunkerlərindən fotolar
53-ü ağır yaralı olmaqla 260-dan çox ukraynalı əsgər Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 82 günlük müqavimətdən sonra mayın 16-da axşam saatlarında Mariupolda mühasirədə olan “Azovstal” polad zavodundan təxliyə edilib.
Onlarla avtobus onları Rusiyanın nəzarətində olan Novoazovskə (Donetsk vilayəti) və Olenevkaya (Krım) aparıb.
Ukrayna hakimiyyəti onları rus məhbuslarla dəyişdirərək vətənə qaytarmaq niyyətində olduqlarını bəyan edir. Hələlik Rusiya tərəfdən bu barədə heç bir təsdiq yoxdur.
Zavod mühüm liman şəhərinin müdafiəsində son qala idi. İndi bütün dünya üçün şücaət simvoluna çevrilən və demək olar ki, üç aya yaxın sürən bombardman və mühasirədən sonra tamamilə dağıdılan Mariupol tamamilə rus ordusunun nəzarəti altındadır.
- Rəy: Oğurlanmış Qələbə Günü
- Ukrayna kəşfiyyatı: Rusiya Gürcüstanla reeksport üzrə danışıqlar aparır. Tbilisi bunu təkzib edir
- Ukraynaya növbəti humanitar yardım göndəriləndən sonra Azərbaycanda yağ zavodu yanıb
- NATO-nun Ukraynaya dərhal kömək etmək üçün ata biləcəyi 5 addım
Hələ Sovet dövründə nüvə müharibəsi ehtimalında qorunmaq üçün yerin dərinliklərində tikilmiş “Azovstal” bunkerlərində və tunellərində Ukrayna döyüşçülərinin qalıb-qalmadığı bəlli deyil.
İndiyədək zavodda müdafiəni 600-ə yaxın hərbçinin apardığı güman edilirdi. Orada gizlənən bütün mülki şəxslər, bir neçə yüz nəfər may ayı ərzində humanitar dəhlizlərlə çıxarılıb.
“Azov” alayının əsgərinin həyat yoldaşı Natalya Zaritskaya təxliyə başlamazdan bir neçə saat əvvəl jurnalistlərə açıqlamasında zavoddakı vəziyyəti belə təsvir edib:
“Onlar cəhənnəmdədirlər. Hər gün yeni yaralar alırlar. Çoxları ayaqsız, qolsuz qalıb, arıqlayıblar, dərmanları yoxdur”.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Ukrayna ordusunun, kəşfiyyatının, danışıqlar qrupunun, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT-nin səyləri sayəsində ümid edirik ki, oğlanlarımızın həyatını xilas edə biləcəyik. Onların arasında ağır yaralılar var, onlara kömək göstərilir.
Ukrayna qəhrəmanları Ukraynaya canlı lazımdır. Bu, bizim prinsipimizdir. Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına hərbçilərimiz və kəşfiyyatımız başlayıb. Uşaqları evə gətirmək üçün iş davam edir və bu iş incəlik tələb edir. Və vaxt”.
Müdafiə nazirinin müavini Anna Malyar vurğulayıb ki, Mariupoldakı döyüşçülər “komandanın qarşıya qoyduğu bütün tapşırıqları tam şəkildə yerinə yetiriblər”:
“Azovstal”ı saxlamaqla onlar Rusiyanın Zaporojye cənub şəhərini tez bir zamanda ələ keçirməsinin qarşısını aldılar və ehtiyatların yaradılması, qüvvələrin yenidən qruplaşdırılması və Qərbdən silahların alınması üçün kritik mühüm vaxt qazandırdılar.
Təəssüf ki, bizim “Azovstal”ı hərbi yolla azad etmək imkanımız yoxdur. Bütün Ukrayna və bütün dünya üçün ən vacib ümumi vəzifə Mariupolun müdafiəçilərinin həyatını xilas etməkdir”, – deyə Malyar bildirib.
Azov batalyonunun komandiri Denis Prokopenko videomüraciətində təsdiqləyib ki, “həyatları xilas etmək üçün bütün Mariupol qarnizonu yüksək hərbi komandanlığın təsdiq edilmiş qərarını yerinə yetirir və Ukrayna xalqının dəstəyinə ümid edir”.
Azov alayı əvvəlcə 2014-cü ildə Ukraynanın işğalından, Krımın ilhaqından və LXR və DXR separatçı qurumlarının yaradılmasından sonra Rusiya ordusuna qarşı döyüşmək üçün yaradılmış dəstə idi.
Əvvəllər “Azov” ifrat sağçı millətçilərlə əlaqədə olsa da, bu istiqamətdən tamamilə ayrılaraq Ukrayna Milli Qvardiyasının bölməsinə çevrilib.
“Azov” təxliyyə edildiyi müddətdə Ukraynada bütün cəbhələr üzrə döyüşlər davam edir:
● Əsas döyüşlər ölkənin şərqində, Donbassda gedir.
● Ukraynanın ikinci böyük şəhəri Xarkovu müdafiə edən qoşunların Rusiya qüvvələrini geri itələyərək Rusiya sərhədinə doğru irəlilədiyini bildirib.
● Martın 16-da Ukraynanın qərbində, Lvovda silsilə partlayışlar baş verib. Lvov meri bildirib ki, heç bir zərbə hədəfə çatmayıb, hamısı hava hücumundan müdafiə vasitələri ilə dəf edilib.
● Ukraynaya hərbi müdaxilənin başlanmasından təxminən üç ay sonra Moskva təslim olmaq niyyətində olmadığı üçün Finlandiya və İsveç hərbi bloklara qoşulmamaq siyasətindən əl çəkmək qərarına gəlib və NATO-ya daxil olmaq istəklərini bəyan ediblər.
● Lakin bu məsələnin gələcəyi hələ də bəlli deyil, çünki Türkiyə öz fikir ayrılığını bəyan edib. O, Finlandiya və İsveçi Türkiyədə terrorçu elan edilmiş kürd yaraqlılarına və təşkilatlarına sığınacaq verməkdə və onları dəstəkləməkdə ittiham edib.