Azərbaycanda benzin bahalaşıb
Azərbaycanda Aİ-92 (Regular) markalı benzin bahalaşıb. Bu haqda qərarı iyulun 14-ü gecə saatlarında Tarif Şurası (Azərbaycanda yanacaq qiymətləri dövlət tərəfindən müəyyən edilir) elan edib.
İyulun 15-dən etibarən avtomobil sürücüləri arasında populyar olan bu benzin markasının 1 litri artıq 0,70 deyil, 0,90 manata (0,52 dollar) satılır. Beləliklə benzim 28,5 faiz bahalaşıb.
Bahalaşma SOCAR-ın ixrac imkanlarının məhdudlaşması və ölkənin valyuta gəlirlərinin azalması ilə izah olunub. “Aİ-92 markalı benzinin qiyməti ölkədə istehsal olunan benzinin keyfiyyətinin Avropa standartlarına qədər yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ölkədə artmaqda olan benzin tələbatının təmin edilməsi üçün investisiya imkanlarının artırılması, neft emalı sahəsində vacib olan modernləşdirmə məqsədilə, həmçinin manatın baş vermiş devalvasiyası və SOCAR-ın ixrac imkanlarının azalması səbəbindən qaldırılıb”, – Tarif Şurasının saytında yazılıb.
Bununla yanaşı Tarif Şurası qeyd edib ki, hətta benzinin qiymət artımından sonra da bu qiymət əksər MDB və region ölkələri ilə müqayisədə daha ucuzdur:
“Aİ-92 markalı benzinin 1 litri Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 dollardır”.
İqtisadi elmlər doktoru Qubad İbadoğlu hesab edir ki, qiymət artımı təkcə Aİ-92 markalı benzinlə məhdudlaşmayacaq, yaxın zamanda benzinin digər markalarının və dizel yanacağının qiymətinin də artacağı gözlənilir.
“Qısa zamanda sərnişin daşımada da qiymətlər artacaq, həm şəxsi taksilərdə, həm də ictimai nəqliyyatda. Bundan başqa, benzinin bahalaşması əsas istehlak mallarının bahalaşmasına da səbəb olacaq, çünki daşıma xərcləri artmış olacaq. İkinci yarımillikdə inflyasiya tempi qüksələcək”, – İbadoğlu Facebook səhifəsində yazır.
Arayış üçün bildirək ki, rəsmi məlumata əsasən Azərbaycanda ilk yarımillikdə inflyasiya tempi 14 faiz təşkil edib.
İqtisadçı Toğrul Vəliyev elan olunmuş səbəblərin rəsmi rəqəmlərlə ziddiyyət təşkil etdiyini deyir: “Benzinin bahalaşması səbəbləri arasında SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) ixrac imkanlarının azaldığı göstərilir. Bütün 2016-cı il ərzində Azərbaycan 4,5 min ton AI-92 benzini ixrac edib. 2017-ci ilin ilk üç ayı ərzində isə həmin növ benzinin ixracı həcmi 5,5 min ton olub”.
Sosial şəbəkə istifadəçiləri benzinin qiymətinin qaldırılması ilə bağlı qərarı əsasən istehza ilə şərh ediblər.
– “Daha çox piyada gəzəcəyik. Sağlamlığımızın qeydinə qaldığı üçün hökumət sağ olsun”.
– “Bu qərarın elan edilməsi üçün başqa gün də seçə bilərdilər. Iyulun 14-ü axı Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündür. Bu ki, təxribatdır!”
– “İki gün deyinib, sonra alışacağıq. İlk dəfə deyil ki”.
Bakı mağazalarında ərzaqların qiyməti hələ ki, olduğu kimi qalır. Ərzaq mağazası sahibinin fikrincə, dizel yanacağının qiymətinin qaldırılması ilə bağlı qərar qəbul edilsə digər bütün qiymətlər də mütləq qalxacaq, çünki mağazalara mal paylayan əksər yük avtomobilləri bu yanacaqdan istifadə edir.