Ermənistan və Azərbaycan xarici işlər nazirləri Qarabağ problemini müzakirə edib
Foto: rusarminfo
İyulun 11-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub.
Görüşdən sonra bildirilib ki, “görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləyişi üçün müvafiq şəraitin yaradılması haqda müzakirələr davam etdirilib”.
Rəsmi məlumat bu sözlərlə yekunlaşır: “Həmsədrlər xarici işlər nazirlərindən bu il sammitin təşkili haqda təklifi öz tərəflərinə çatdırmağı xahiş ediblər. XİN rəhbərlərinin MBT Baş Assambleyası çərçivəsində növbəti görüşünün bu ilin sentyabrında Nyu-Yorkda keçirilməsi ilə bağlı razılıq əldə edilib”.
Azərbaycandan gələn xəbər
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü ilkin olaraq Vyana yaxınlığındakı Mauerbax şəhərində, ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi konfransının təşkil olunduğu məkanda keçirilməli idi. Amma son anda məlum olmayan səbəbdən bu görüş Brüsseldə keçirildi.
Görüş ərəfəsində Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev bildirdi ki, “Rəsmi Bakı Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çərşənbə axşamı Brüsseldə baş tutacaq danışıqlarının ciddi və səmərəli olacağına ümid edir”.
“Azərbaycan və Ermənistan XN rəhbərlərinin Brüsseldəki görüşünün əsas mövzuları danışıqlar prosesinin hazırkı vəziyyəti və bu danışıqların ciddi və səmərəli axarda keçirilməsindən ibarətdir”, – Azərbaycan XİN mətbuat katibi Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
KİV Brüssel danışıqlarının təfərrüatına dair heç bir məlumat vermir. Sadəcə o məlumdur ki, xarici işlər nazirlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcəyinə dair razılıq əldə edilib.
Minsk Qrupunun həmsədrləri də iki ölkə prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Ermənistandan gələn xəbər
Brüssel görüşü Ermənistan mediasının diqqət mərkəzində olub. Daha əvvəl xəbər verilmişdi ki, bu görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçiriləcək.
Rəsmi məlumatda danışıqların məzmunu haqda həmişə olduğu kimi minimum informasiya verildiyinə görə, danışıqlar masası arxasında nə baş verdyini sadəcə ehtimal etmək qalır.
Ermənistanlı nazirin danışıqların gedişatında öz azərbaycanlı həmkarına nə dediyini ATƏT-in XİN rəhbərlərinin danışıqlardan bir neçə saat əvvəl baş tutan qeyri-rəsmi görüşündəki çıxışının mətnindən ehtimal etmək olar.
Nalbandyan qeyd edib ki, Azərbaycan Qarabağda təmas xəttində ötən ilin aprelində baş verən böyük miqyaslı hərbi əməliyyatlardan sonrakı danışıqlar zamanı əldə olunmuş razılaşmalardan geri çəkilib. Vyana və Sankt-Peterburqda keçirilən sammitlərdə atəşkəsin pozulması hallarının araşdırılmasına dair mexanizmlərin tətbiqi və 1994-1995-ci illərdə bağlanmış üçtərəfli atəşkəs sazişinə əməl olunması haqda razılıq əldə edilib.
Ermənistanlı nazir bildirib: “Bu cür addımlar Bakının danışıq tərəfi kimi çıxış etmək qabiliyyətini sual altına qoyur… İyulun 4-də Azərbaycan rəhbərliyi terror təşkilatlarının məyusluq doğuran nümunəsi ilə növbəti dəfə Dağlıq Qarabağı ağır artilleriyadan, o cümlədən yaylım atəşli raket sistemlərindən atəşə tutmaq üçün öz xalqından canlı sipər kimi istifadə etdi. Cavabında DQR Müdafiə Ordusu özünümüdafiəyə əl atmağa məcbur oldu.
Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyi müddətcə…, məhz Azərbaycan rəhbərliyi öz təxribatlarının nəticələrinə görə məsuliyyət daşıyır”.
Yekun olaraq Edvard Nalbandyan bildirib: “Biz sülhü, təhlükəsizliyi və ATƏT çərçivəsində əməkdaşlığı möhkəmləndirməyə, həmçinin bu istiqamətdəki bütün səylərdə fəal iştirak etməyə hazırıq”.