Ermənistanın müdafiə naziri bildirib ki, müharibə ilə Qarabağ məsələsini həll etmək mümkün deyil
Ermənistanən müdafiə naziri Vigen Sarqsyan bu gün jurnalistlərlə görüşündə bir sıra məsələlərə toxunub. Media bu məsələlər arasında onun müharibənin mümkünlüyü ilə bağlı fikirlərini qabardıb. Nazir deyib ki, genişmiqyaslı müharibənin başlamayacağına əmindir, səbəbi isə sadədir, müharibə Qarabağ problemini həll edə bilməz.
“Hərbi əməliyyatların elə bir inkişaf forması yoxdur ki, bu zaman Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olsun. Əksinə, genişmiqyaslı müharibənin Azərbaycana – iqtisadiyyatına və bütünlükdə dövlətinə geriyə dönüşü olmayan ziyan vurması riski böyükdür. Və mən genişmiqyaslı müharibə olacağı təqdirdə Ermənistan üçün yaranacaq təhlükəni də kiçiltmirəm. Biri digərini qətiyyən istisna etmir”, – Sarqsyan deyib.
Nazir həmçinin Azərbaycanın gözlənilməz olduğunu da qeyd edib: “Demokratik vətəndaş nəzarəti mexanizminin olmadığı bir ölkədə müharibənin yenidən başlanması üçün çox sayda səbəb ola bilər, hansıları ki, kənar müşahidəçi heç görməyə də bilər”.
Sarqsyan hesab edir ki, istənilən halda Ermənistan həmişə özünü müdafiəyə hazır olmalıdır: “Biz mövcud olan regional reallıqda yaşamağı öyrənməli, paralel olaraq təhlükəsizliyimizi möhkəmləndirməli və bütün istiqamətlərdə ölkənin inkişafını təmin etməliyik. Bəzən ölkənin güclənməsi üçün sınaqlar lazımdır”.
Rusiya ilə əməkdaşlıq haqda danışarkən nazir vurğulayıb ki, bu, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri çərçivəsində hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq proqramıdır. Bununla belə Ermənistan tərəfi proqramın həyata keçirilməsindən razıdır.
“Bu, çox iddialı proqramdır, biz onun çərçivəsini vaxtaşırı olaraq genişləndiririk. Deməliyəm ki, bu dialoqda toxunduğumuz məsələlər bu və ya digər silahın çatdırılmasından çox daha uzun müddətli və stabilləşdiricidir”, – Sarqsyan deyib.
Müdafiə naziri qeyd edib ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistan Rusiyadan silah, sursat alır, Ermənistanın satın aldıqlarının xərci isə “müttəfiqlik prinsipi ilə – daxili qiymətlərlə” ödənir.
Nazirin yüksək vəzifəli məmurların övladlarının orduda xidmət etməsi ilə bağlı şərhi də mətbuatın marağına səbəb olub. O qeyd edib ki, ictimai təşkilatdan quruma 48 nəfər məmur oğlunun orduda xitmətilə bağlı sorğu daxil olub.
“Bu gün biz cavab vermişik. 48 nəfərdən 26-sı xidmətdə olub… Altısının möhlət hüququ var, 16-sı isə xidmətdən azad edilib”, – Vigen Sarqsyan bildirib. O, əlavə edib ki, hazırda bir neçə yüksək vəzifəli şəxsin oğlu ön cəbhədə xidmət edir. Üstəlik onlardan ikisinin səhhətində xidmətdən azad edilməyə səbəb olacaq problem var. Bununla belə, nazirin sözlərinə görə, onlar xidmətdən azad edilməyiblər, “çünki əks halda belə alınacaq ki, onlar məmur övladı olduğu üçün ordudan tərxis olunublar”.
Sarqyan onu da bildirib ki, nazirlik strukturunun yenidən nəzərdən keçirilməsi məsələsi gündəmdədir. O, vurğulayıb ki, ixtisara düşən bölmələrin əməkdaşları arzu edərlərsə, işlərinə davam edə biləcəklər: “Biz insanları küçədə qoymaq niyyətində deyilik, biz səmərəliliyi yüksəltmək istəyirik”.
Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materialdakı təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəblərdən etnik narazılıq doğuran şərhləri silmək haqqını özündə saxlayır