COVID-pasportu olan Azərbaycan vətəndaşlarının yarısı imtiyazlardan məhrum olacaq
2022-ci il fevralın 15-dən Azərbaycanda yalnız koronavirusa qarşı vaksinin üçüncü, buster dozasının tarixi qeyd edilən COVID-pasportlar qüvvədə qalacaq. Rəsmi statistikaya görə, əhalinin ancaq dörddə biri – iki doza vaksin alan insanların yarısı peyvəndin üçüncü dozasını vurdurub.
- Azərbaycanda koronavirus epidemiyasının beşinci dalğası başlayıb
- Avropada peyvənd vurdurmayanlar daha çox imkan və hüquqlardan məhrum olurlar
- Gürcüstanda “Omikron” ştammı yayıldığı üçün təcrid və karantin qaydaları dəyişdirilir
Azərbaycanın Daxili İşlər Nazirliyi koronavirus epidemiyasına qarşı tədbirlərdə 2022-ci il fevralım 15-dən qüvvəyə minəcək yeniliklər haqda ölkə vətəndaşlarına xəbərdarlıq edib.
Beləliklə, çərşənbə axşamından polis qapalı məkanlarda vətəndaşların COVID-pasportunda COVID-19 infeksiyasına qarşı peyvəndin üçüncü, buster dozasının vurulma tarixinin qeyd olunmasını yoxlayacaq. Yalnız peyvəndin ikinci dozasını vurdurmasından altı ay keçməmiş vətəndaşlar istisna hesab olunacaq. Həmçinin son altı ay ərzində xəstələndiyi haqda elektron sənəd və peyvəndin əks-göstərişi haqda arayış keçərli sayılacaq.
Buster dozası avtobus və taksi sürücüləri üçün də mütləqdir. Peyvənd vurdurmayanlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
Hamı peyvənd vurdura bilməyib
Vaksinin üçüncü dozasının mütləq olması haqda qərar 2021-ci il dekabrın 30-da verilsə də, heç də hamı indiyə qədər buster dozasını vurdurmayıb.
Rəsmi statistikaya əsasən, üçüncü, buster dozasını vurduranlar Azərbaycan əhalisinin 24,5 faizini təşkil edir. Peyvəndin iki dozasını vurduranlar təxminən iki dəfə çoxdur – 47,6 faiz.
Başqa sözlə, 2022-ci il fevralın 14-ə qədər kafe və restoranlara, tetr və kinotetrlara gedə bilənlərin yarısı fevralın 15-dən artıq bu məkanlara buraxılmayacaqlar.
Çin vaksini daha yaxşıdır?
Vaksinin üçüncü dozasının mütləq olacağı tarix yaxınlaşdıqca poliklinikalarda peyvənd vurdurmaq üçün gələnlərin növbəsi uzanırdı.
Bakı sakinlərindən birinin JAMnews-un müxbirinə danışdığına görə, fevralın 14-də səhər o, Çin istehsalı Sinovac vaksininin üçüncü dozasını vurdurmaq üçün poliklinikaya gedib, amma növbədə 185-ci olub:
“Maraqlıdır ki, Pfizer vaksini üçün növbə yox idi. Fikirləşdim ki, bu, o qədər də prinsipial deyil və Pfizer vurdurdum. Amma düzünü desəm, fikirləşirəm ki, görəsən, daha populyar Qərb vaksininə tələbat niyə yoxdur və insanlar niyə saatlarla Çin vaksini üçün növbədə dayanırlar?”
Bu fenomeni şərh etməsi üçün həkim Mais Həşimova müraciət etdik.
“Pfizer vaksinini hazırlayanlar dəfələrlə bildiriblər ki, onların preparatı “omikron” ştamı ilə mübarizədə qeyri-effektivdir. Hazırda bu şirkət xüsusi olaraq koronavirusun bu ştamı üçün yeni vaksin hazırlayır.
Bu arada Çində “omikron”un geniş yayılması haqda heç bir informasiya yoxdur. Hərçənd bu ölkədən gələn informasiyaya inanmaq da çətindir, amma insanlar belə qərara gəliblər ki, “omikron”un yayıldığı dövrdə Çin vaksini vurdurmaq daha effektli ola bilər”, – mütəxəssis qeyd edib.
Əksəriyyət məhz “omikron”a yoluxur
Azərbaycanda boğazı ağrıyan və qızdırması qalxan insanların böyük əksəriyyəti “omikron”a yoluxub – infeksionist həkim Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, az əvvəl ölkədə qrip infeksiyası yayılmışdı, amma indi yoxdur:
“Bu, əksəriyyətin “omikron”a yoluxduğu ehtimalı üçün əsas verir.
“Omikron” və qripin bəzi əlamətləri eynidir. Virusları ayırd etmək üçün yaxma analizi vermək lazımdır”, – Əliyev qeyd edib.