Gürcüstanın baş naziri Əfqan Muxtarlının ailəsinə Gürcüstan vətəndaşlığını təklif edib. Muxtarlının həyat yoldaşı isə imtina edib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili prezidentə qısa müddət ərzində Tbilisidən oğurlanan azərbaycanlı jurnalist Əfqan Muxtarlının ailə üzvlərinə Gürcüstan vətəndaşlığının verilməsi xahişi ilə müraciət edib. Amma Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva bu imkandan imtina edib.
Mustafayevanın sözlərinə görə o, Gürcüstanda oturum icazəsi istəyib, amma rədd cavabı alıb. Vətəndaşlığı dəyişmək isə onun üçün yolverilməzdir.
“Bu o deməkdir ki, mən öz ölkəmin vətəndaşlığından imtina etməliyəm, mən isə bunu istəmirəm. Bir il əvvəl mən oturum icazəsi istəmişəm, onda mənə rədd cavabı verdilər və dedilər ki, təhlükəli işlə məşğulam. Nə dəyişdi? Mən artıq təhlükəli deyiləm? Çox xahiş edirəm, jurnalistin oğurlanmasından şou düzəltməsinlər, hüquq-mühafizə orqanları keyfiyyətli araşdırma aparsalar daha yaxşı olar”, – Mustafayeva deyib.
JAMnews-a müsahibəsində Leyla Mustafayeva bildirib ki, Gürcüstanın daxili işlər naziri ilə söhbət edib və ona şəxsən Gürcüstan vətəndaşlığını qəbul etməkdən imtina etdiyini deyib. Onlar həm də aparılan araşdırma və Muxtarlı ailəsinin təhlükəsizliyi ilə bağlı məsələlərə toxunublar.
“O [daxili işlər naziri] dedi ki, bizim təhlükəsizliyimiz üçün lazım olan hər şeyi edəcək. Ta mühafizənin ayrılması, kameraların qoyulmasına qədər. Araşdırma məsələsinə gəlincə, dünənə qədər onun hansı mərhələdə olması barədə heç bir məlumatımız yoxuydu. Amma daxili işlər naziri dedi ki, videokameralardan görüntülərin götürülməsi artıq başa çatıb”, – Mustafayeva bildirib.
Leyla Mustafayeva hazırda Tbilisidədir və hələ bir müddət burada qalmağı planlaşdırır. O hesab edir ki, yoldaşının işinin araşdırıldığı müddətdə Tbilisidə qalmaq təhlükəsizdir.
Baş nazir Kvirikaşvili iyunun 3-də təcili bəyənatla çıxış edib. O, vurğulayıb ki, Muxtarlı ilə bağlı vəziyyət ölkənin imicinə xələl yetirir. Onun sözlərinə görə, istintaqın şəffaf keçirilməsi dövlətin marağındadır.
“Biz çox çətin bir yol keçmişik və bu gün Gürcüstan Avropa və Avro-atlantika qurumlarına meyl edən, onların dəyərlərini qəbul edən, qanunun aliliyini tanıyan və insan haqlarını qoruyan, hüquqi, demokratik dövlətdir. Biz heç vaxt bu nailiyyətlərimizdən keçməyəcəyik və ölkəmizdə hər bir insanın onun hansı dövlətin vətəndaşı olmasından və hansı siyasi baxışlara malik olmasından asılı olmayaraq, tamamilə qorunması üçün əlimizdən gələni edəcəyik. Həm də qeyd etmək istəyirəm ki, müvafiq müraciət olunduğu halda Ədliyyə Nazirliyi qısa müddətdə Azərbaycan vətəndaşı olan Əfqan Muxtarlının xanımı və uşaqlarına hüquqi prosedurların nizamlamasında hərtərəfli yardım göstərməyə hazırdır”, – Kvirikaşvili vurğulayıb.
Jurnalist Əfqan Muxtarlı Gürcüstana Azərbaycandan 2014-cü ildə gəlib və oturum icazəsi alıb. Köçməyə səbəb Azərbaycan hakimiyyəti tərəfindən təzyiq hallarının artması olub. Onun insan haqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiyi bir neçə müraciət baxılma mərhələsindədir. Son zamanlar IWPR və Meydan.tv beynəlxalq media və təşkilatları ilə əməkdaşlıq edib.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə 29 may 2017-ci il tarixində itib. Sonradan məlum olub ki, o, Azərbaycanın hüquq-mühafizə orqanlarındadır. Muxtarlının özünün sözlərinə görə, Gürcüstanda o, yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən oğurlanıb, başına torba keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarına verilib. Azərbaycan məhkəməsi Muxtarlının barəsində sərhədi qanunsuz keçməsinə və qaçaqmalçılığa görə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Muxtarlının sözlərinə görə, onun cibinə 10 min avro qoyublar.