Homofobiya ilə mübarizə və ailənin saflığı naminə. Tbilisidə 17 may tarixini necə qeyd etdilər?
Tbilisidə mayın 17-də eyni vaxtda iki aksiya keçirildi – hökumət dəftərxanasının binası qarşısında LGBT fəalları və onların tərəfdarları homofobiya ilə mübarizə gününü qeyd etmək üçün yığışdılar, onlardan bir neçə metr aralıda, parlament binasının qarşısında isə keşişlər və dindarlar ailə saflığı gününü qeyd edirdilər.
Hökumət dəftərxanasının binası qarşısında keçirilən aksiyada LGBT-nin hüquqlarının müdafiəsinə səsləyirdilərsə, parlament qarşısında toplaşanlar Gürcüstanda ənənələrin necə möhkəm olması, buna görə də “qadının qadınla, kişinin isə kişiylə yatmasının yolverilməzliyi” barədə danışırdılar.
İki aksiya iştirakçıları bir-birindən polis kordonu ilə ayrılmışdı. Onlar arasında yarana biləcək qarşıdurmaya yol verməmək üçün şəhərin mərkəzində polislər səfərbər olmuşdu.
Homofobiyaya qarşı aksiya cəmi bir saat çəkib. İştirakçılarının dediyinə görə, DİN onlara bu qədər vaxt ayırıb.
LGBT fəalları və onların tərəfdarlarını hüquq-mühafizə orqanlarının əməkdaşları mikroavtobuslarla gətiriblər. Aksiya barədə əvvəlcədən heç kim heç bir məlumat verməyib, onun nə vaxt və harada keçiriləcəyini də az adam bilirmiş.
Tbilisidə homofobiyaya qarşı aksiya. Foto: Sofo Aptsiauri.
Bu məxfiliyin qorunması dörd il əvvəl baş vermiş hadisələrin təkrarlanmaması üçün lazım olub. O vaxt, 2013-cü ildə, Tbilisinin mərkəzində homofobiyaya qarşı çıxış edən onlarla adamın iştirak etdiyi aksiya keşişlər və pravoslav fəallar tərəfindən zor gücünə dağıdılmışdı.
2014-cü ildə – homofobiya ilə mübarizə gününün əksinə olaraq – kilsə mayın 17-ni ailənin saflığı günü elan etmək qərarına gəlib. Təşəbbüsün müəllifi Gürcüstanın katolikos-patriarxı İkinci İliyanın özüdür.
Həmin vaxtdan etibarən də artıq üçüncü ildir ki, mayın 17-də Rustaveli prospektində pravoslav keşişlərin başçılığı ilə ikona və xaçlı yürüş keçirilir.
Ailənin saflığı günü münasibətilə keçirilən aksiyaya hakim partiyanın nümayəndələri də qoşulub. Deputat Zakariya Kutsnaşvili parlament binası qarşısına çuxada – milli gürcü paltarında gəlib.
Bu aksiyaya vaxt məhdudiyyəti qoyulmayıb və uzun çəkib. Aksiyada valideynləri ilə birlikdə gələn çoxlu uşaqlar da olub.
Tbilisidə ailənin saflığı günü. Foto: Levan Mikadze
Parlament binası qarşısında keşişlər ibadət ediblər, Məryəm ananın Atskur ikonasını gətiriblər. Sonra da vətənpərvərlik mövzusunda mahnıların ifa olunduğu konsert keçirilib. Daha sonra isə ailənin saflığının keşikçiləri Müqəddəs Üçlüyün kafedral kilsəsinə gediblər, burada katolikos-patriarx İkinci İliya ibadət edib, altı və daha çox uşaqlı ailələri “Vətən uğrunda fədakar valideynlər” tərifnaməsi ilə mükafatlandırıb. Bu il bu tərifnamələri yüz ailə alıb.
- 17 may beynəlxalq homofobiyaya qarşı mübarizə günüdür.
- Gürcüstanın xalq müvəkkili Uça Mamatsaşvili bildirir ki, Gürcüstanda homofobiya, transfobiya və nifrət dili hələ də problem olaraq qalır. Ombudsmenin sözlərinə görə, insanların bərabərliyi gender özgürlüyü və seksual oriyentasiya əlaməti üzrə pozulur, dövlət isə buna qarşı ancaq formal addımlar atır.
- LGBT fəallarının sözlərinə görə, mayın 17-də həyata keçirilən təhlükəsizlik tədbirləri bir daha göstərib ki, ölkədə LGBT cəmiyyətinin hüquqları nə qədər ciddi şəkildə pozulur və onlar necə çətin mühitdə yaşamalı olurlar.
- Gürcüstanda transgenderlərin necə yaşadığı barədə JAMnews-un məqaləsindən oxuyun.