Bu il Azərbaycanda Heydər Əliyevin doğum günü şərəfinə “Gül bayramı” yetərincə sadə keçirildi
Paylaşmaq
Paylaşmaq
Mayın 10-da Azərbaycanda uzun müddətli lider, üçüncü prezidenti və hazırkı ölkə prezidentinin atası Heydər Əliyevin 94-cü doğum günü qeyd olunur.
“Gül bayramı” bu il yeni, daha sadə formatda baş tutub.
Hələ üç il əvvəl güllərin idxalına və müxtəlif gül kompozisiyalarının dizaynına on milyonlarla vəsait xərclənirdi. Bu bayramın ideya müəllifi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistləri əmin edirdi ki, ildən ilə bayramın miqyası daha da böyüyəcək.
“Heydər Əliyev buna layiqdir, çünki o, xalqın və dövlətin xilaskarıdır. Heydər Əliyevin qiyməti yoxdur, odur ki, mən maliyyə tərəfini heç düşünmürəm. Bu il ötən illə müqayisədə iki dəfə yarım daha artıq gül olacaq”, – Abutalıbov 2013-cü ildə BBC-ə müsahibəsində bildirib.
Amma neft qiymətlərinin qəfil ucuzlaşması və bunun nəticəsində Azərbaycanın gəlirlərinin azalması hökuməti dövlət büdcəsinin xüsusən böyük xərc aparan maddələrini yenidən gözdən keçirməyə məcbur olub. Görünür, “Gül bayramı” da ixtisar olunanlar sırasına düşüb.
Bakı şəhərinin İcra Hakimiyyəti qərara alıb ki, bu il Heydər Əliyevin doğum günü kütləvi abadlaşdırma və yaşıllaşdırma işləri ilə qeyd edilsin. Ağac və gül əkilməsi kampaniyasında Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin bir çox dövlət strukturlarının və özəl təşkilatların əməkdaşları iştirak edib. Məktəb və universitetlərdə sovet vaxtlarında olduğu kimi “iməciliklər” təşkil olunub.
Gənc fəallar dəfələrlə “Gül bayramına” qarşı etiraz aksiyası keçiriblər. Ən səs-küylü aksiya 2009-cu ildə baş verib. Ötən il isə iki gənc fəal Heydər Əliyevin heykəlinin üstündə “Qul bayramınız mübarək!” yazdıqdan sonra həbs edilib, on il müddətinə azadlıqdan məhrum olunublar.