Abxaziyada Pasxa möcüzələri
Pasxa bayramında Abxaziyanın şərq hissəsində yerləşən Birinci Qal kəndində, özəl evin pəncərə şüşəsində Məryəm ananın obrazını xatırladan cizgilər yarandı. İndi həmin yerə zəvvarlar axışır. Bir neçə gün sonra da analoji möcüzə qonşu Tkuarçalda baş verdi.
“O tərəfə sür, o tərəfə…. Heç yerə dönmə, orada çoxlu maşın görəcəksən”, – yerli sakin əliylə yolayrıcısını göstərir.
Ketsbaya ailəsinin evinə aparan marşrut artıq bir neçə gündür ki, Abxaziyada ən populyar yerə çevrilib. Camaat arasında evin pəncərə şüşəsində Məryəm ananın obrazının yaranması haqda şayiələr yayılandan sonra bura zəvvar axını bir dəqiqə də səngimir.
Qonşuların sözlərinə görə, Pasxaya üç gün qalmış axşam onlar Ketsbayaların evinin yanında işıq, parıltı gördülər.
Obraz
“Bazar günü [aprelin 16-da] axşam saat yeddiyə yaxın İlori kilsəsindən qayıdandan sonra evə girdik və yoldaşım bu obrazı gördü. Əvvəlcə düşündüm ki, bəlkə uşaqlar zarafat edib. Amma əllərimi toxundurandan sonra gördüm ki, bu, şəkil deyil. Övladım bunun fotosunu çəkib, internetdə yerləşdirdi. Elə həmin axşam camaat evimizə axışmağa başladı”, – Badri danışır.
Hər səhər evlərinin bu pəncərəsinə yaxınlaşan Ketsbaya ailəsinin üzvləri orada dua edən çox sayda adam görürlər. Ev sahibləri deyir ki, öz evlərində belə bir möcüzəni gözləmirdilər. Ailə üzvlərinin hamısı dindardır, amma kilsəyə nadir hallarda gedirlər, çünki kəndlərində kilsə yoxdur. Ancaq evlərindən on kilometr aralıda, Namarkel kəndində dağın başında balaca bir kilsə var. Orada da artıq uzun illərdir ki, ibadət olunmur.
Kilsə üzərində Məryəm ananın obrazı yarandığı pəncərədən güclə görünür. Badri bunu çox simvolik bir hal sayır.
“Böyük rahatlıq hiss edirsən, gecələr də rahat yatırıq, heç nədən qorxmuruq. Tanrı bizi qoruyur”, – o danışır.
Evin sahibi o biri pəncərəyə yaxınlaşır. Burada kiçik ikonalar, lampa var, divardan Müzəffər Müqəddəs Georginin böyük ikonası asılıb.
“Burada adətən şam yandırırıq, dua edirik. Bura artıq bizim ibadətgahımıza çevrilib. Obraz isə o biri pəncərədə yaranıb. İnam olanda, insanlar birinə-birinə hörmət etməyə, sevməyə başlayır. Başqa nə lazımdır ki?”, – Badri deyir
Zəvvarlar
Obrazın göründüyü pəncərənin qarşısında toplaşan insanlar xaç çevirir, şam yandırır, onları mum basmış alçaq taxta hasarın üstünə qoyurlar, dua oxuyur, obrazı telefonlarının kameralarına çəkirlər.
Pəncərədən Məryəm ananın kiçik ikonası, şamlar və Pasxa kuliçi görünür.
“Bu ki müqəddəs apostol Ninadır”, – zəvvar xanımlardan biri deyir. O, əlində müqəddəs Ninanın ağ-qara ikonasını tutub və yanında duran hər kəsə göstərir. “Baxın, necə də oxşayır – eyni sifətdir, duvağı da eynidir, əllərini də o cür tutub. Məryəm ana isə uşaqladır”, – o əlavə edir.
Zəvvarlar kilsə mövzusunda diskussiyalar aparır, müxtəlif arqumentlər gətirirlər.
Kilsə ekspertizası
Abxaziya Pravoslav Kilsəsinin iyeromonaxı, David atanın (Qvazava) sözlərinə görə, bu hadisənin tədqiq edilməsi üçün müəyyən vaxt lazımdır. İyerey Vissarionun başçılığı ilə yaradılan kilsə komissiyası artıq obrazın yarandığı yerdə olub.
“Təsvirin özünün Pasxa ərəfəsində yaranması yuxarıdan, Tanrıdan gələn bir işarədir. Çox güman ki, obraz əllə düzəldilməyib və biz bunu müşahidə edəcəyik. Bu yerə çox adam gəlir, kimsə inancına görə, kimsə maraqdan, bu, çox şeydən xəbər verir. Amma doğru nəticə çıxarmaq üçün də vaxt lazımdır”, – David ata deyir.
Ketsbaya ailəsi
Ketsbaya ailəsinin artıq yeddinci nəsli bu yerdə yaşayır. Daha dəqiq desək, XVIII əsrdən.
Ailənin başçısı olan Badrinin şəhərdə kiçik biznesi, həm də təsərrüfatı var. Kəndin bir çox sakinləri kimi, onlar əsasən qarğıdalı, mandarin, qoz yetişdirir, heyvandarlıq və arıçılıqla məşğuldurlar.
Badrinin qonşusu olan Zurab Ketsbayanın sözlərinə görə, kənddə 80 ailə yaşayır. Təxminən müharibədən əvvəl olduğu qədər [1990-ci illərdə Gürcüstan-Abxaziya münaqişəsi].
Tkuarçalda möcüzə
Qaldakı möcüzə unikal olmadı. Cümə axşamından cümə gününə, aprelin 20-dən 21-nə keçən gecə Tkuarçal şəhərində çoxmənzilli binanın pəncərəsində müqəddəs obraza bənzər təsvir yarandı.
Bəzilərin deyir ki, obraz zəvvarların Qüdsdən gətirdiyi alovdan şamlar yandırılandan sonra yaranıb. Deyirlər ki, evin sahibəsi alovu mənzilin bütün otaqlarında gəzdirib.
Obrazın yarandığı evin qarşısına da çox sayda adam gəlir. Onlar da Birinci Qal kəndinin zəvvarları kimi, pəncərədə yaranan obrazın qarşısında şam yandırır və dua edirlər.