Gürcüstanda kovid pasportları konsepsiyası hazırlanır
Yaxın zamanda hakimiyyət bütün vətəndaşlar üçün Covid-19 virusuna qarşı vaksinasiya sənədinin hazırlayacaq – Gürcüstanın iqtisadiyyat naziri Natiya Turnava deyib. Bu yeni “pasportlar” vətəndaşın kovid-statusu haqda tam informasiyanı əks etdirəcək və həm elektron, həm də çap formatlarında mövcud olacaq. Kovid-pasportlar vətəndaşlara sərhədi keçərkən və ya tibbi müdaxilə zamanı kömək olacaq.
“Kovid-pasport Səhiyyə Nazirliyinin çox maraqlı təşəbbüsüdür, baş nazir də bunu dəstəkləyib. Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə yanaşı sənədin hazırlanmasında digər qurumlar da iştirak edir. Kovid-pasport konsepsiyası yaxın zamanda təqdim olunacaq”, – Turnava deyib.
Nazir həmçinin qeyd edib ki, iki həftədən sonra pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər yumşaldıla bilər, amma bu yumşalmanın komendant saatına da aid olub-olmayacağını dəqiqləşdirməyib.
“Koordinasiya Şurası tezliklə iki həftə ərzində yoluxmaları analiz edəcək və əgər [nisbətən] yüksək olmazsa, mövcud qaydalar yumşaldılacaq”, – Turnava deyib.
Gürcüstanda komendant saatı 2020-ci il noyabrın 9-dan – artıq yarım ildir ki, qüvvədədir. İstisna hal kimi iki dəfə – Yeni İl və Milad bayramı zamanı dayandırılıb.
Gürcüstanda vaksinasiya ləng gedir. Təklif olunan peyvəndlərə əhalinin etibar etməəməsi, o cümlədən də bu prosesin idarə edilməsindəki çətinliklər böyük maneəyə çevrilib. Peyvənd vurdurmaq istəyənlər yüvlərlə kilometr yol getməli olurlar, çünki onların şəhərlərində vaksinasiya növbəsində yer yoxdur.Bununla belə ölkədə hələ də minlərlə istifadə olunmamış peyvənd dozası qalır.
Hazırda ölkədə dörd vaksindən istifadə olunur – Almaniya-Amerika istehsalı Pfizer, Britaniyanın AstraZeneca, Çin istehsalı Sinopharm və SinoVac.
Bunlardan hələlik yalnız ikisi – Pfizer və AstraZeneca Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib, Sinopharm isə mayın 6-da ÜST-ün icazəsini alıb.