Azərbaycanda “Tiktok” həvəskarları: onlar nəyə nail olmaq istəyir?
“Tiktok” sosial şəbəkəsi son vaxtlar Azərbaycanda xeyli populyarlıq qazanıb. Bir çoxları buna gənclərin asudə vaxtlarını keçirməsi və əylənməsi üçün platforma kimi baxır. Bəziləri isə “Tiktok” hesabına məşhurlaşıb. Bəs gənclərin bu sosial şəbəkədə fəallığının məqsədi nədir? Onlar nəyə nail olmağa çalışırlar?
- “Anam məni danlayırdı: kitablar nəyinə lazımdır! Ondansa ərə get” – Gürcüstanda tənha qocalıq haqda
- Bakıda LGBT cütlüyünün real həyatı – VİDEO
- Azərbaycanda döymə: valideynlərdən gizlədilən incəsənət
“Ailəmə də göstərirəm, onlar da bəyənir”
JAMnews-un müsahibi Elmir Zeynalov artıq yarım ilə yaxındır ki, aktiv tiktokerdir. O, “həmkarlar”ından stili ilə fərqlənir:
“Əvvəllər videolara “Instagram”da baxırdım, “Tiktok”a qarşı qərəzli idim. Mənim tərzim olmayan, lazımsız videolara görə belə olmuşdu. Bir az araşdırandan sonra gördüm ki, öz stilimi yarada bilərəm. Bu işdə dostum da çox dəstək oldu. Sonra gördüm ki, bu sosial şəbəkədə çox fərqli fikirlər də tapıram, getdikcə bəyənməyə başladım. Yeniyetmə yaşlarımdan videoları montaj etmək, çəkmək, paylaşmaq xoşuma gəlirdi deyə, çətin olmadı”.
Elmir deyir ki, “Tiktok”dan düzgün istifadə olunarsa, əslində, yaxşı və əyləncəli platformadır. O, əsasən, özünü yaxşı hiss etdiyi və geyimini bəyəndiyi günlərdə maraqlı videolar çəkir. Lakin elə günlər də olur ki, video çəkmir və yükləmir.
“Tiktok çəkdiyim üçün heç vaxt pis reaksiya almamışam. Dostlarım dəstəkdir və birlikdə maraqlı ideyalar tapmağa çalışırıq. Videolarımı ailəmə də göstərirəm, onlar da bəyənir”, – həmsöhbətimiz deyir.
“Mənasız videolar minlərlə “like” alır”
Elmir düşünür ki, “Tiktok”da mənfi cəhət görünüşü ilə bağlı mühakimə olunmağıdır. Belə ki, bəzi istifadəçilər onu tənqid yox, təhqir edirlər. “İnsanlar bəyənmədikləri videolara birbaşa təhqir yazırlar”, – müsahibimiz bildirir.
Müsbət cəhət kimi isə, maraqlı gənclərin durmadan çoxalmasını və onların bir-biri ilə əlaqə saxlamağa başlamasını qeyd edir. Elmir yenə də müsbət cəhətlərin tərəzidə daha ağır gəldiyini deyir:
“Azərbaycanda insanlar arasında tiktokerlər müsbət qarşılanmır. Səbəbi isə bayağı, heç bir informasiya ötürməyən, maraqsız videolar ola bilər. Mənasız videolar minlərlə “like” alır deyə, mənim də nə vaxtsa ümidim kəsilmişdi. Lakin daha çox vaxt keçirdikcə gördüm ki, mənim kimi fərqli insanlar çoxdur və enerjimi paylaşmağa dəyər”, – Elmir fikirlərini müxbirimizlə bölüşüb.
İki illik təcrübə və 20 min izləyici
Digər müsahibimiz Nəzrin isə “Tiktok”da, əsasən, oynadığı oyunlarla bağlı videolar çəkərək məşhurlaşıb. O, iki ildən çoxdur bu sosial şəbəkədən istifadə edir. Əvvəllər platformaya sadəcə xarici tiktokerlərin videolarını izləmək üçün daxil olsa da, sonradan özündə də video çəkməyə həvəs yaranıb. 20 minə yaxın izlənməsi də Nəzrinə davam etmək üçün stimul verib:
“Mən özümə məşhur deməzdim, çünki çox da tanındığımı düşünmürəm. Sadəcə, kimlər ki mənim hobbilərimlə, bəyəndiyim şeylərlə maraqlanır, onlar izləyir. Məsələn, oyunlar, animelər, gündəlik vloqlar və s. Amma mən videoları özüm və dostlarım üçün maraqlı olsun deyə, əyləncə məqsədilə çəkirəm”.
Nəzrin deyir ki, ətrafında hər kəs yüklədiyi videoları bəyənir və müsbət qarşılayır. Lakin çox tanınan tiktokerlər üçün mənfi cəhət odur ki, cəmiyyət insanları anlamaqdan çox təhqir etməyə meyillidir: “Nifrət və neqativ enerji göndərirlər. İnsanlar haqqında səhv informasiya yaya bilərlər. Müsbət cəhət isə həmişə sevgidir”.
Yaxın günlərdə JAMnews-un Azərbaycan redaksiyası da “Tiktok” platformasında öz videolarını @jamnewsaze hesabında paylaşacaq.