Gürcüstanda əhalinin əksəriyyəti koronavirusa qarşı peyvənd vurdurmaq istəmir – NDI-ın sorğusu
Gürcüstanda əhalinin 53 faizi koronavirusa qarşı vaksinasiyadan keçmək istəmir. Nüfuzlu beynəlxalq təşkilat – Milli demokratiya İnstitutunun (NDI) Gürcüstanda 17-24 fevralda apardığı sorğunun nəticələri bunugöstərib.
35 faiz peyvənd vurduracağını deyib, 12 faiz isə hələ bilmir ki, vaksiyasiyaya hazırdır, ya yox.
Neqativ cavabların yüksək səviyyəsinə baxmayaraq, sorğuda iştirak edənlərin ancaq 5 faizi bildirib ki, vaksinasiyaya qəti şəkildə qarşıdır.
İmtina edənlərin və ya hələ qərar verə bilməyənlərin əksəriyyəti – 48 faiz – bunu vaksinin keyfiyyətinə etibar etmədikləri ilə izah edib. Respondentlərin daha 20 faizi bildirib ki, pandemiyanın öhdəsindən vaksinasiyasız da gələ bilərlər. 10 faiz isə deyib ki, səhhətləri ilə əlaqədar peyvənd vurdura bilməzlər.
Cavanar daha çox şübhə edir
Tədqiqat göstərib ki, 55 yaşına qədər insanlar daha yaşlı insanlara nisbətən vaksinasiyaya daha çox şübhə ilə yanaşırlar.
Həmçinin məlum olub ki, Gürcüstanda qadınlar vaksinasiyaya kişilərdən daha az etibar edirlər.
Ən etibarlı informasiya mənbəyi – tibb işçiləri
COVID-19 haqda məlumat almağa və mənbələrin etibarlılığına gəlincə, prioritetlər belə sıralanıb:
- Tibb işçiləri – 74 faiz,
- Xəstəliklərə Nəzarət Milli Mərkəzi – 68 faiz
- Televiziya – 60 faiz
- İnternet – 35 faiz
Gürcüstanda vaksinasiya prosesinin ən başında faciəvi hal baş verib. Martın 15-də ilk pasiyentlərə peyvənd vurulub, martın 18-də isə Axaltsixi şəhərində AstraZeneca peyvəndi vurulan 27 yaşlı tibb bacısı vəfat edib. Vaksinasiyadan sonra 30 dəqiqə ərzində onda anafilaktik şok yaranıb və onu xilas etmək mümkün olmayıb.
NDI-ın sorğusu bu hadisə ilə əlaqəli deyil, çünki sorğu fevralda keçirilib. Amma bu ölüm hadisəsinin əhalidə daha böyük qorxu və etimadsızlıq yaratdığı şübhəsizdir.
“İndi vaksinasiyaya etibarı bərpa etmək üçün bizə çoz işləmək lazımdır. Axı əgər həkimlər və ya tibb bacıları özləri peyvəndə etibar etmirlərsə, əhaklini də inandıra bilməyəcəklər”, – səhiyyə nazirinin müavini Tamar Qabuniya jurnalistlərə bildirib.
Bir çox ekspertlərin fikrincə, NDI tədqiqatlarının nəticələri göstərir ki, hökumət vaksinasiyanın təbliği ilə bağlı yetərli reklam kampaniyası aparmayıb və insanları peyvənd vurdurmağa inandıra bilməyib.
Koronavirusa qarşı vaksinlərin ilk partiyası – 43 200 doza Britaniya-İsveç farmakoloji şirkətinin AstraZeneca peyvəndi – Gürcüstana martın 13-də gətirilib. Proses martın 15-də başlayıb. Amma bu partiyanın vurulması nəzərdə tutulan 70 min nəfər tibb işçisindən ilk bir həftə ərzində cəmi dörd min nəfər vaksinasiyadan keçib.