Qəzaya uğrayan təyyarə
Soçidə Qara dənizdə işıqlar sayrışır. Axtarış əməliyyatında 39 gəmi və 3000 nəfər insan – hərbçilər və FHN əməkdaşları iştirak edir.
Abxaziya sahilində də axtarışa başlanılıb. Axtarışın ən uzaq nöqtəsi sahildən 8 kilometr, ən yaxın nöqtəsi isə 1,5 metr aralıda yerləşir. Suda 135 dalğıc işləyir, Moskvadan artıq Rusiya Coğrafiya Cəmiyyətinin iki sualtı aparatı gətirilib.
Hələ ki ümumi səylərlə 14 cəsəd, 200 fraqment və füzelyajın qırıntılarını aşkar edə biliblər. Tapılan qırıntıları müstəntiqlər üçün anqara aparırlar, cəsədləri və fraqmentləri isə Moskvaya genetik identifikasiyaya göndərmək istəyirlər.
Bazar günü, dekabrın 25-də, saat 5:27 radələrində Rusiyanın Suriyaya uçan TU-154 təyyarəsi radarlardan itib. 92 nəfər – 84 sərnişin 8 ekipaj üzvü həlak olub.
Qohumlar
Həlak olanların qohumları Soçiyə qəzadan bir neçə saat sonra gəlməyə başlayıb. Zalda onları FHN və Müdafiə Nazirliyi əməkdaşları qarşılayıb, psixoloqun otağına aparırlar. Oradan da aeroportun nəqliyyatı ilə “Avrora” hərbi sanatoriyasına yola salırlar.
Amma hökumət cəsədləri Moskvada identifikasiya etmək qərarına gəlib.
Hava limanının yuxarı mərtəbəsində yerləşən psixoloqun otağı sinif otağını xatırladır – sıra ilə düzülən yazı masaları var. Adi vaxtlarda burada mühazirələr oxunur və aeroportun işçi heyəti üçün məşğələlər keçirirlər. İndi isə şəffaf pərdənin arxasında qırmızı-boz gödəkcələrdə FHN əməkdaşları və hərbi psixoloqlar oturublar.
Əynində kamuflyaj olan bəstəboy xanım qıza bir stəkan su süzür. Qız başına sarıdığı dəsmalın uclarından tutub, sanki onu buraxmağa qorxur. Psixoloq stəkanı yanında saxlayıb.
Boz sviterli kişi yavaş-yavaş yaxınlarının telefon nömrələrini deyir. Adı Yuridir. Qaynı, Aleksandrov xorunun solisti 25 yaşlı Mixail Vasin və onun sevgilisi, 22 yaşlı balerina Ralina Gilmanova bir təyyarədə uçurdular. Suriyadan qayıdandan sonra evlənmək istəyirdilər. Və bu haqda artıq valideynlərinə də xəbər vermişdilər.
– Ralinanın anası Kazandadır, heç nəyə gücü yoxdur. Hamını da bir sual narahat edir – bu, necə oldu? – Yuri nəhayət, xəbər alır. – Necə? Deyə bilərsiz?
– Hamısı həlak olub, – kamuflyajlı xanım deyir. – Hələlik heç kim, heç nə bilmir. Hər şey dumanlıdır.
– Cəsədlərin axtarışı 10 kvadrat kilometr sahədə aparılır. Tapmasalar… Dəniz suyu. Düşünürəm ki, bəlkə Mişanı tapmasalar daha yaxşı olacaq. Sanki cavan qalacaq… üzündə təbəssümlə.
– Tapsalar daha yaxşı olar, – qadın əminliklə deyir. Əks halda gümanlar olacaq. Nəsə, kimsə… İnanın mənə. Cəsədin tapılması vacibdi.
Hava limanı
Hava limanı işçilərinə jurnalistlərlə danışmaq qadağan edilib, əks halda işdən qovula bilərlər.
Hava limanı gücləndirilmiş iş rejiminə keçib, operativ ştab işləyir, buna görə də işçilər istirahət etmədən ikinci növbəyə çıxırlar.
Məlum olan odur ki, hava açıq idi, dənizdə qasırğa yoxuydu, su üzərində gözlənilmədən külək də qalxmadı.
“Krasnodar, Anapa bortları qəbul etmirdi, biz isə həm qəbul edir, həm də yola salırdıq”.
Elə həmin səhər, Tu-154-dən əvvəl eniş yerində pis hava şəraitinin olması səbəbindən ləngidilən Simferopol reysi həyata keçirilib. Qalan şeylər şayiələr səviyyəsindədir.
Dispetçerlər müstəntiqlərə və FTB əməkdaşlarına ifadə verir, onlarla əlaqə yaratmaq mümkün deyil. Buna görə də Adler hava limanında baş verənlər barədə vahid bir fikir yoxdur. Bununla belə, keyfiyyətsiz yanacaq versiyasını 100 faiz əminliklə rədd edirlər. “Bizdə şəxsən prezident üçün yanacaq doldururlar, bu da ki, özünüz başa düşürsüz də”.
Deyirlər ki, təyyarə yenidən yanacaq doldurmaq üçün Mozdokda enməli idi, amma Mozdokda pis hava şəraiti olduğundan buranın hava limanı təyyarəni qəbul etməkdən imtina edib. Təyyarəni Soçiyə göndəriblər.
Soçidə texnik yanacağı doldurmaq üçün təyyarədən çıxır, iki sərhədçi isə xarici pasportları yoxlamaq üçün içəri girir. Nə sərnişinlər, nə də ekipaj (texnikdən başqa) təyyarəni tərk etməyib. Təyyarəyə nə yeni sərnişin, nə də yeni yük daxil olmayıb. “Terror aktı olsa da, biz tərəfdən deyil”.
Sürücü Sergey Koçerqin “Aeroport” mehmanxanasında işləyir. İndi ora FHN əməkdaşları və hərbçilərlə doludur, əslində isə təxirə salınan reyslərin sərnişinləri üçün nəzərdə tutulub. Hava limanı yanında işləyən demək olar ki, bütün sürücülərdə olduğu kimi, Sergeyin də maşınında flightradar24 – təyyarələrin hərəkətini və marşrutlarını göstərən proqramlar üçün ayrıca planşet var. Bu proqram onlara reyslərin düz vaxtında gəlməsinə imkanı verir.
– Saat 5:30 radələrində cavan bir oğlanla küçədə durub, siqaret çəkirdik. Hava limanı qarşımızdadır, turbinlər eşidilir. Eşidirik ki, təyyarə qalxır, amma səs… nəsə başqa cürdür. Elə bil havalanan Bouing, reaktiv təyyarədir. Turbinlərin səsi qulaq batırır. Bizi həyəcan basır. Flightradar-a baxırıq, qalxdı. Amma marşrut üzrə o, sola, Abxaziyaya tərəf, oradan da Suriyaya uçmalı idi. O isə sağa döndü. Bir neçə dəqiqə sonra isə Kudepsta ilə Xosta arasında (sahilyanı qəsəbələr – Y.K.) radarlardan itdi.
O qədər də narahat olmadıq, düşündük ki, hərbi təyyarədir, ümumi radarlardan çıxardılar. Bizdə prezident təyyarələri də görünmür. Siqaretimizi çəkib, yatmağa getdik. Səhər isə öyrəndik ki, təyyarə dənizə düşüb.
– İndi düşünürəm ki, pilot təyyarənin qaydada olmadığını tez başa düşdü, dönüb qayıtmaq istədi, amma gec idi. Qarşıda təyyarə yoxuydu, o yoldan çıxmır, toqquşmanın qarşısını almaq üçün kursunu dəyişmirdi, o məhz döndü. Axtarışın aparıldığı sahəyə baxsaq, qırıntıların trayektoriyasından da görərik ki, təyyarə sahilə yaxınlaşırdı, yerə qayıtmağa çalışırdı. Bundan başqa, təyyarə dənizə sahildən uzağı 8 kilometr aralıda düşüb. Bundan əvvəl partlayış olsaydı, eşidilərdi. Şəhər eşidərdi. Amma partlayış olmayıb.
Sonra da istintaqın gedişatından xəbəri olan mənbə kursun dəyişdirilməsi barədə təxminləri təkzib edir:
“Təyyarə düz qalxdı. İndi Suriyaya Türkiyədən getmirlər, indi onlar Azərbaycan və İranın üzərindən uçaraq Suriyaya gedirlər. O, sxem üzrə, planlaşdırıldığı kimi qalxırdı. Dispetçerlər heç bir həyəcan siqnalı almadılar. Amma bu, ümumiyyətlə heç nədən xəbər vermir. Tək Rusiya deyil, dünya aviasiyasında da çox sayda belə qəzalar olub ki, təyyarə ekipajla birlikdə çox böyük hündürlükdən düşüb və ekipaj da təyyarə düşənə qədər sağ olub, təyyarə partlamayıb, havada parça-parça olmayıb, vaxt da olub, amma həyəcan siqnalı gəlməyib.
Söhbət qəzaya düşən ekipajın psixi və emosional vəziyyətindən gedir, onları tamamilə başqa şeylər narahat edir – onları sonra kimin nə düşündüyü maraqlandırmır, onlar təyyarənin göydə qalması, qəzaya uğramaması, düşməməsi üçün əlindən gələn hər şeyi etməyə çalışırlar. Elə hallar olub ki, ekipaj 10 min metrlik hündürlükdən düşüb, amma dispetçerlə əlaqə saxlamayıb.
Sadəcə ona görə ki, psixologiya başqa cür işləyir. Kimsə isterikaya düşür, kimsə vəziyyəti düzəltmək barədə düşünür, kimlərsə aralarında qərar qəbul edir, bu tamamilə normal haldır. Bu, çox adi situasiyadır – siz bilirsiz ki, 99% ehtimalla 30 saniyədən sonra sizi ölüm gözləyir – heç bir dua da, heç nə kömək etməyəcək. O vaxt dispetçer yada düşmür.
İndi heç kimin versiyası yoxdur. Daha doğrusu, standart olaraq üç versiya ortaya çıxır – texnika, insanlar və xarici güc: hava və ya terror aktı. Bəs həqiqətdə nə və necə baş verib? Qara qutuları çıxarıb, deşifrə etməmiş bunu bilməyəcəyik”.
Şəhər
Bayram işıqlandırmasını söndürməyə imkan tapmadılar. Matəmə baxmayaraq, rəngarəng “Yeni iliniz mübarək” yazısı adda-budda palmaların fonunda gözə dəyir. Gecə Soçi par-par yanır, küçələrdə axtarış gəmilərinin işıqları demək olar ki, görünmür. Baş verənləri Soçidə “qəza” adlandırırlar. Sonra da əlavə edirlər – daha betəri ola bilərdi.
– Bütün qalxan və enən təyyarələr Adlerin üzərindən uçur. Buna alışmışıq, həmişə bunun təhlükəsiz olduğunu hesab etmişik. Şəhərə düşsəydi…
Soçi sakinləri beş gün əvvəl açılan dağ-xizək mövsümünə görə də narahatdırlar. “Krasnaya Polyana”da mehmanxanalar 100 faiz dolub, qalanları qonaqlarını gözləyir. “Turist şəhərində təyyarə qəzası, təsəvvür edirsiz bu nə deməkdir?”
Şəhər rəhbəri səhər açılan kimi, administrasiya işçilərinə və polislərə “suyun gətirdiyini axtarmaq üçün” sahilə çıxmaq əmri verib.
Axtarış gəmilərinin çıxdığı dəniz limanına insanlar gül gətirir. Axtarış aparanların təyyarə hissələrini və cəsədləri çıxardıqları Masesta körpüsü boşdur, mayak qırmızı işıqla yanır, su sürüşkən daşları yalayır.
Tapılan cəsədləri daşıyan təyyarə Moskvada, Çkalovski hərbi aerodromunda səhər saat 9-da enib, TU-154 buradan bir sutka əvvəl uçub.
İclasdan sonra keçirilən mətbuat konfransı zamanı nəqliyyat naziri Sokolov bildirib ki, terror aktı versiyası demək olar ki, istisna edilir, hava limanlarının təhlükəsizliyini gücləndirməyə ehtiyac yoxdur, baş verənlərin əsas versiyaları texniki nasazlıq və təyyarənin idarə edilməsində yol verilmiş səhvlərdir.
Dərc olunub: 26.12.2016