“Zemfira” tortu
Xalam bu deserti “Zemfira tortu adlandırır, mənsə heç cür bülbüllə assosiasiya hissindən ayrıla bilmirəm.
İş orasındadır ki, xalamın evində növbəti dəfə qonaqların toplaşdığı gözəl bir axşam kimsə ancaq rus dilində danışan mühazirəçi ilə rus dilini çox zəif bilən tələbə arasında baş verən dialoqu danışdı.
– Siz yenə gecikirsiz? – mühazirəçi acıqla xəbər alır.
– Bilirsiz, bütün gecəni yata bilməmişəm, ancaq səhərə yaxın gözümə yuxu gedib, ona görə…
– Niyə yata bilməmisiz? – müəllim istehza ilə xəbər alır.
– Bütün gecəni quş oxuyub, professor!
– Quş?
– Bəli, bəli, quş! Rus dilində necədir? Yadımdan çıxıb.
– Bəlkə bülbül?
– Hə-hə! Bülbül! Bütün gecəni həmin quş: “Kar! Kar! deyə qışıqırıb.
Hər dəfə qarşımdakı boşqabda bir dilim çox dadlı və sərin “Zemfira tortunun dilimi olanda bu əhvalatı xatırlayıram. Bu tortda müxtəlif dadlar birləşib, burada nə yoxdur. O, həm turş, həm şirin, həm də ədviyyatlıdır. Əsası da odur ki, onu hazırlamaq heç də çətin deyil. O dərəcədə çətin deyil ki, onu heç bişirməyə də ehtiyac yoxdur. Danışıram!
Bizə lazımdır:
10 ədəd zefir (o mütləq ağ rəngli olmalı, məsamə və boyaq maddələri olmamalıdır)
200 qram kərə yağı
200 qram qatılaşdırılmış süd
200 qram qoz
4 iri limon
50 qram qara şokolad
Zefiri hələlik bir yana qoymaq olar, əvvəlcə gəlin kremlə məşğul olaq.
Krem üçün yumşaldılmış yağı mikserlə qatışdırıb, eyni zamanda da içinə qatılaşdırılmış süd əlavə edirik. Qozu blenderdə üyüdüb, yağı əlavə edirik və yaxşıca qarışdırırıq. Limon şirəsini də bura əlavə edib, yenidən yaxşıca qarışdırırıq. Konsistensiyasına görə bu tort üçün krem duru xama kimi olmalıdır.
İndi də zefiri iki hissəyə bölmək vaxtı çatdı (ehtiyatlı olun, qırmayın, zefirin bütöv qalması çox vacibdir), sonra da hissələrdən hər birini uzununa kəsmək lazımdır. Alınan zefir dilimlərini şüşə qabın dibinə qoyuruq. Mümkün qədər düz, bir-birinin üstünə qoymadan, amma zefir dilimləri arasında boş yer saxlamamağa çalışmaq lazımdır. Qoyulan dilimlərin birinci layının üstünə bol-bol krem çəkirik. Üstündən ikinci layı düzüb, yenidən bolluca krem çəkirik. Üstündən üçüncü lay və beləcə davam edirik. Ən axırıncı layın üzərinə krem çəkəndən sonra şokoladı sürtkəcdən keçirib, tortun üstünə səpirik. Bu qədər. Tortu soyuducuya qoyub, onu 2 saat ərzində unutmağa çalışırıq. Bu əzablı 2 saat nəhayət keçəndən sonra tortu soyuducudan çıxarıb, ehtiyatla bıçaqla tortu qabın divarlarından kənarlaşdırmağa çalışın.
Sonra da qabı böyük bir boşqaba çevirin. Hazırdır!
Çay, kəmşirin şirə və ya kompot süzün – istənilən içki belə gözəl desertlə çox dadlı olacaq.
Dərc edilib: 20.07.2016