“Mənim tələblərim beynəlxalq hüquqa tam müvafiqdir” – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibə verib. Dağlıq Qarabağda gərginliyin eskalasiyasının səbəbləri və atəşin dayandırılması şərtləri haqda danışdığı müsahibəsinin əsas tezisləri:
• Ermənistan sülh istəmir. Onlar bizim torpaqlarımızı işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin belə uzun sürməsinin səbəbidir.
• Beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qəbul etdiyi qərarları və qətnamələri nöqteyi nəzərindən bizin çox geniş dəstəyimiz var. Amma təcavüzkara kifayət qədər praktiki təzyiq göstərilmir.
• İnqilabdan sonrakı son iki ildə Ermənistanın etdiklərinə və bəyanatlarına əgər baxsaq, onlar həmişə bizi təhrik edirdi və yeni müharibəyə hədəflənmişdi və bunun məqsədi də danışıqları tamam pozmaq idi.
• Hesab edirəm ki, [gərginliyin eskalasiyasının] əsas səbəblərindən biri də daxili çətinliklər ola bilər. Çünki biz Ermənistanda nə baş verdiyini bilirik. Onlar çox ciddi siyasi böhran yaşayırlar.
• Bizim mövqeyimiz dəyişməz qalır. Mənim tələblərim beynəlxalq hüquqa tam müvafiqdir. Çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və heç bir dünya ölkəsi “Dağlıq Qarabağ Respublikasını” tanımayıb.
• Mahiyyət üzrə danışıqlar dayanıb. Çünki onun [Paşinyanın] “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən dedim ki, danışıqlar mümkün deyil. Amma Minsk Qrupu həmsədrləri məndən xahiş etdilər ki, Ermənistan hakimiyyətinin yeni olduğunu, öz emosiyalarını və sözlərini tam nəzarətdə saxlaya bilmədiyini nəzərə alaraq Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim: yaxşı, gəlin cəhd göstərək.
• Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşlərim baş tutdu. Amma görüşlər tam mənasız idi və formal xarakter daşıyırdı. O mənə deyirdi ki, ərazilər qaytarılmayacaq.
• Əslində Ermənistanın baş naziri bizə ön şərt irəli sürdü. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay əvvəl o, Azərbaycanın qarşısına yeddi ilkin şərt qoydu. Mahiyyət etibarilə o, bizə və Minsk Qrupuna öz gündəmini diktə etmək istəyirdi.
• Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlayaraq bütün müsəlmanları təhqir edirlər. Onlar bizim şəhər və kəndlərin adlarını dəyişiblər. Biz bütün adları qaytaracağıq. Biz öz torpaqlarımıza qayıdacağıq. Bu bizim qanuni haqqımızdır. Bizim üçün bu, tarixi məsələdir. Əminəm ki, biz buna nail olacağıq.
• Dağlıq Qarabağ məsələsində sözsüz ki, müqəddaratını təyin etmə ermənilərin istədiyi formada işləmir. Digər arqument erməni xalqının artıq öz müqəddaratını təyin etdiyidir. Onların müstəqil Ermənistan respublikası var. Bu gün ermənilər hər yanda yaşayır. Onlar Fransada yaşayır, onlar Amerikada yaşayır, onlar Rusiyada yaşayır, onlar Yaxın Şərqdə yaşayır. Qoy onlar bu ölkələrdə öz müqəddaratlarını təyin etmək istəsinlər.
• Biz qəti şəkildə bu münaqişənin regional münaqişəyə çevrilməsinə qarşıyıq. Ermənistan isəməhz bunu etmək istəyir. Buna görə də Azərbaycanın guya xarcdən dəstəklənməsi ilə bağlı feyk xəbərlər uydururlar.
• Türkiyə bizə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatlarından Türkiyə Azərbaycana tam dəstək ifadə edib. Amma Türkiyə heç bir formada münaqişəyə cəlb olunmayıb.
• Əgər Ermənistan beynəlxalq hüquqa riayət etsə, əgər dərhal bizim ərazilərimizin bir hissəsini zaman qrafiki üzrə tərk etməyə başlasa – əlbəttə, biz ərazi bütövlüyünü bərpa etməliyik – o zaman diplomatiya işləyə bilər.