Gürcüstanda qarşıdan gələn həlledici parlament seçkiləri haqqında hər şey
Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək, ölkə onuncu çağırışda parlamentini seçəcək.
Gürcüstan parlament respublikasıdır, ona görə də bu seçkilərdə qalib gələn növbəti dörd il ərzində ölkəni idarə edəcək.
JAMnews-un icmalı gələcək parlament seçkiləri ilə bağlı bilməli olduğumuz əsas aspektlərə həsr olunub.
Niyə bu seçkilər bu qədər vacibdir
31 oktyabr seçkiləri bir sıra səbəblər üzündən unikal ola bilər – son səkkiz ildə ölkəni idarə edən “Gürcü arzusu” partiyası oktyabrın 31-də inamlı qələbə çalsa, Gürcüstan tarixində üçüncü müddətə seçilmiş ilk hakim partiya olacaq.
Digər tərəfdən, böyük ehtimalla heç bir siyasi qüvvə müstəqil şəkildə hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyəcək və deməli koalisiya hökumətinin formalaşdırılması məsələsi gündəmə gələcək.
Əvvəllər heç vaxt Gürcüstanda müxtəlif partiyalardan ibarət hökumət olmayıb.
Bu, həm də yeni qaydalar üzrə ilk seçkilər olacaq:
Konstitusiyaya edilən son düzəlişə əsasən, 2020-ci il parlament seçkilərində seçicilər 120 deputatı proporsional, partiya siyahıları üzrə, 30 deputatı isə majoritar sistemlə (birmandatlı dairələrdə) seçəcəklər.
(Əvvəllər 150 parlament deputatından 77 nəfəri partiya siyahıları üzrə, 73 deputat isə majoritar prinsiplə seçilirdi, yəni Gürcüstanda 73 majoritar dairə olub. İndi bu dairələri birləşdiriblər və cəmi 30-u qalıb).
Daha bir vacib dəyişiklik – 40 faiz səs toplaya bilməyən partiyanın bir partiyalı hakimiyyət formalaşdırmaq hüququ olmayacaq.
●Gürcüstanda mühüm seçki islahatı – konstitusiyaya dəyişikliklər ikinci oxunuşda qəbul edilib
Bundan başqa, seçki baryeri aşağı salınıb – əvvəllər əgər o 5% təşkil edirdisə, 2020-ci ildə onu 1%-ə qədər azaldıblar – yəni cəmi bir faiz səs toplayan partiya öz deputatını parlamentə keçirmə şansına malikdir.
Seçki sistemində dəyişiklikləri bütün keçən il ərzində uzun müddət kütləvi küçə etirazları edən vətəndaş fəalları və müxalifət tələb edirdi.
Müxalifət majoritar sistemin tam ləğvini və ancaq proporsional partiya siyahıları ilə seçkilərin keçirilməsini tələb edirdi, çünki bir çox müstəqil müşahidəçilərin fikrincə, majoritar sistem hakim partiyaya böyük üstünlük verir.
Koronavirus pandemiyasının təsiri
Bu seçkilərin fərqli cəhəti ondan ibarətdir ki, seçki kampaniyasının fəal dövrü ölkədə ciddi koronavirus epidemiyası ilə üst-üstə düşdü.
Sentyabrın ortalarından ölkədə hər gün 200-ə yaxın yoluxan aşkar edirlir. Bir həftə ərzində Gürcüstan təhlükəsiz “yaşıl zona”dan “qırmızı” təhlükəli ölkələr siyahısına düşüb.
Müxtəlif məhdudiyyətlər tətbiq olunur – tədris prosesi oktyabrın 1-nə qədər təxirə salınıb, əyləncəli və seçkiqabağı görüşlərdən başqa, digər yığıncaqlar qadağa altındadır.
Hakimiyyət bildirir ki, mürəkkəb epidemioloji vəziyyətə baxmayaraq, ciddi karantin və ya fövqəladə vəziyyətin elan edilməsi planlaşdırılmır, seçkilər də təxirə salınmayacaq.
Seçkilərə ay yarım qalmış nə isə proqnoz etmək kifayət qədər çətindir. Çünki ekspertlərin fikrincə, çox şey virusdan, daha doğrusu hökumətin pandemiyanı idarə etmək bacarığından asılı olacaq.
Hakim partiyanın reytinqi – pandemiya kömək edəndə
Fevral ayında “Gürcü arzusu” partiyası pandemiyanın başlanması ilə bağlı xəbəri hakimiyyətdə olduğu müddətdə ən kiçik reytinqlə – 20 faizlə qarşıladı.
İqtisadi və sosial problemlərdən başqa, hakimiyyətin reytinqinin düşməsinə səbəb ilin əvvəlində seçki sisteminin dəyişdirilməsini tələb edən müxalifətin aksiyaları və çıxışları oldu.
Hakimiyyət üçün böyük narahatlıq doğuran müxalifətin fəallağı mart ayında koronavirusa görə tamamilə dayandırıldı və bir neçə ay ərzində müxalifətin demək olar ki, səsi gəlmirdi.
Nəticədə bu gün pandemiya başlayandan yarım il sonra “Edison Research” təşkilatının məlumatlarına görə, “Gürcü arzusu” əhalinin 38 faizinin dəstəyini alıb.
«Arzu»nun reytinqinin qalxmasına səbəb koronavirus – daha doğrusu, virusun yayılmasının qarşısını almaq üçün görülən sərt və effektiv tədbirlər – fövqəladə vəziyyət, ümumi karantin, bağlı sərhədlər – oldu.
Amma bütün bunlar dəyişə bilər.
«Koronavrius bu günə kimi hakimiyyətin müttəfiqi oldu. Hökumət pandemiya ilə mübarizədə bəzi bacarıqlarını nümayiş etdirdi və biz bunu inkar edə bilmərik, amma indi [yoluxanların sayı artanda] həmin koronavirus hökumət üçün ciddi problemlər yarada bilər», – siyasi şəhrçi Giya Xuxaşvili deyir.
“Gürcü arzusu”nda yekdilliklə 60 faizlik dəstək alacaqlarını gözlədiklərini deyirlər. Bu halda onlara koalisiya yaratmağa ehtiyac qalmayacaq.
«Gürcü arzusu»nun seçkiqabağı strategiyası bundan əvvəlki seçkilərdəki kimi, müxalif “Vahid xalq hərəkatı” və onun lideri keçmiş prezident Mixail Saakaşviliyə qarşı xəbərlərə əsaslanır.
“Gürcü arzusu”nun lideri, keçmiş baş nazir və milyarder Bidzina İvanişvili hələlik öz partiyasının seçkiqabağı kampaniyasında aktiv iştirak etmir.
O, partiya siyahısının ilk iyirmiliyinin təqdimatı kimi əsas tədbirlərdə iştirak edir.
«Arzu»nun partiya siyahısına Gürcüstanın hazırki baş naziri Giorgi Qaxariya başçılıq edir. Partiya seçkilərdə qalib gələrsə o, baş nazir olaraq qalacaq.
Saakaşvili baş nazir? Müxalifət seçkiyə nə ilə gedir
Ən reytinqli müxalif qüvvə keçmiş prezident Saakaşvilinin başçılığı altında keçmiş hakim “Vahid milli hərəkat” partiyasıdır.
“Edison Research”un sorğusuna əsasən, partiyanın 15% dəstəyi var. “Milli hərəkat” üçün bu rəqəm partiyanın stabil, loyal, seçiciləridir. Rəqəm illərlə dəyişmir, amma partiyanı dəstəkləyənlərin sayı əhəmiyyətlə dərəcədə artmır da.
Sentyabrın 7-də partiya Mixail Saakaşvilinin baş nazirliyə namizədliyini irəli sürüb.
Saakaşvili 7 il Gürcüstanda olmayıb. Ona qarşı cinayət işləri açılıb, bu isə onun ölkəyə daxil olan kimi həbs olunacağı deməkdir.
Hazırda o, Ukraynadadır, Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi işləyir, amma fəal şəkildə Gürcüstan siyasətinə təsir etməyə çalışır.
Mixail Saakaşvili ara-sıra Gürcüstana gələcəyi ilə bağlı bəyənatlar verir.
Gürcüstanın üçüncü prezidenti cəmiyyətin birmənalı qarşılamadığı fiqur olduğu üçün onun tezliklər gəlməsi ilə bağlı verdiyi hər bəyanat ölkədə böyük ajiotaja səbəb olur.
Saakaşvilinin mümkün qayıdışı onun tərəfdarları üçün birləşdirici və stimullaşdırıcı amildir. Amma bu prespektiv indiki hakimiyyət tərəfdarları və bir çox neytral seçiciləri qorxudur.
«Çoxları məndən Gürcüstana nə vaxt gələcəyimi soruşur? Mən o şərtlə gələrəm ki, gəlişim heç bir münaqişə və ixtişaşa səbəb olmasın», – sentyabrın 7-də Mixail Saakaşvili bəyan edib.
«Gürcü arzusu» Saakaşvilinin qayıtması mövzusunu tərəddüd içində olan, indiki hakimiyyətdən narazı, amma Saakaşvilinin hakimiyyətə geri dönüşünə qəti qarşı olan seçiciləri “qorxutmaq” üçün istifadə edir.
Mixail Saakaşvilinin Gürcüstanın baş naziri olmaq arzusu isə Gürcüstan konstitusiyası və qanunlarına ziddir, çünki Ukrayna vətəndaşlığını qəbul edəndən sonra o, artıq Gürcüstan vətəndaşı deyil. Deməli o, hökumətdə və ya seçki yolu ilə seçilən heç bir vəzifəyə iddialı ola bilməz.
Müxalifət reytinqində ikinci yerdə “Milli hərəkat”dan ayrılmış, Saakaşvilinin keçmiş tərəfdarlarından ibarət olan “Avropa Gürcüstanı” partiyasıdır.
Bu partiya Saakaşvili və onun partiyasının hakimiyyətdə olduğu dövrdə sərt metodlarını dəstəkləməyən və Mixail Saakaşvilinin Gürcüstana geri dönməsini istəməyən qərbyönümlu liberal elektoratın dəstəyini almağa çalışır.
Daha aşağı nəticəni (3%) gürcü bankirləri Mamuka Xazaradze və Badri Caparidzenin qərbyönümlü “Lelo” partiyası göstərir.
Xazaradze və Caparidze hökumət onların biznesinə – ölkənin ən iri bankı olan “TBC Bank”a problem yaradandan sonra siyasətə qoşuldular . Problemlər ölkə üçün vacib strateji əhəmiyyəti olan layihəyə – dərin Anakliya limanın tikintisinə də yaradılmışdı. Onu Xazaradzenin başçılıq etdiyi konsorsium tikirdi.
•Keçmiş baş nazir İvanişvili Gürcüstanın ən məşhur bankı ilə niyə mübarizə aparır?
Sağ “Qirçi” (“Qoza”) və sol “Leyborist patiyası”nın da hərəsinin üç faiz dəstəyi var.
Müxtəlif səbəblərdən “Gürcü arzusu”nu tərk edən deputatlar da ayrı-ayrı partiyalar yaradıblar. Bu partiyaların reytinqləri bir faizdən iki faizə qədər dəyişir.
Müxalifət birləşib?
Müxalifət seçkilərdən əvvəl birləşmədi və seçkiqabağı koalisiya yaratmadı, amma əksər müxalif partiyalar həm seçki prosesi, həm də qalib olduqları zaman koalisiya hökumətinin formalaşdırılması üçün atılacaq addımlarla bağlı mühüm razılıqlar əldə ediblər.
Növbəti parlamentdə müxalif koalisiyanın formalaşdırılması məsələsi müxalif partiyalar yerlərin əksəriyyətini tutduqları zaman yarana bilər.
Çoxluğun formalaşdırılması və hökumətin təsdiqi üçün azı 76 mandat tələb olunur.
Müxalif partiyalar “Müxalif birlik” yaradıblar, bura otuza yaxın böyük və kiçik partiya (VMH, Avropa Gürcüstanı, Leyborist partiyası, Qirçi və s.) daxildir.
Müxalifət bir neçə vacib razılıqlar əldə edib:
Tbilisinin bütün majoritar dairələrində müxalifətin bir ümumi namizədi olacaq.
● Bölgələrə gəldikdə, partiyalar ikinci turda bir-birlərinə dəstək olacaqlarına dair razılaşmağına baxmayaraq, burada hər partiyanın öz namizədi var .
● Partiyalar seçkilərdə bir-birlərinin səslərini qoruyacaqlarını təsdiqləyən deklarasiya imzalayıblar. Həmçinin logistika məsələlərində əməkdaşlıq edəcək – seçicilərin ümumi bazası, nəzarət mexanizmini yaradacaqlar, kordinasiya üçün vahid seçki qərargahları olacaq.
Müxalifət əgər hakimiyyətə gələrsə ədliyyə sistemini yenidən quracağını bəyan edib. Həm də iqtisadi islahatlar keçirəcək.
Amma hər şey o qədər də asan deyil.
Əgər gündəmə koalisiya hökuməti formalaşdırmaq məsələsi gələrsə, partiyalar arasında razılığa gəlmək asan olmayacaq. İlk ixtilaf artıq gələcək baş nazir postuna namizədlə bağlı baş verdi.
Mixail Saakaşvili öz partiyasından baş nazir postuna namizəd kimi bir çox digər müxalif partiyalar, məsələn, böyüklüyünə görə ikinci müxalif güc olan “Avropa Gürcüstan”ı üçün yolverilməzdir.
«Ağmaşenebelinin strategiyası» partiyasının qurucusu Giorgi Vaşadze də öz namizədliyini baş nazir postuna irəli sürüb, bu da bir çox partiya üçün yolverilməz olub;
Bir çox partiya seçkidən əvvəl baş nazir postuna namizədlik haqda danışmağın çox tez olduğunu hesab edir.
“Edison Research”un sorğusuna görə, respondetlərin 25%-i müxalif koalisiyadan baş nazir postuna namizəd kimi parlamentin keçmiş spikeri və “Avropa Gürcüstanı”nın liderlərindən biri olan David Bakradzeni görür.
19% bu postda Giorgi Vaşadzeni, 19% VMH-ın indiki lideri Qriqol Vaşadzeni və ancaq 15% Mixail Saakaşvilini görmək istəyib.
Gürcüstandakı seçkilərdə Rusiya izi
İrma İnaşvilinin başçılıq etdiyi Rusiya yönümlü ən məşhur partiya “Vətənpərvərlər alyansı”dır. Son sorğulara görə, partiyanın reytinqi üç faizdir.
Bu partiya müxalif ittifaqda iştirak etmir.
Rusiya müxalifətinin lideri Mixail Xodorkovski tərəfindən yaradılmış “Dosye” jurnalist araşdırmaları platformasının dərc etdiyi sənədlərdə bildirilir ki, “Vətənpərvərlər alyansı”nın seçkiqabağı kampaniyası Rusiya tərəfindən maliyyələşdirilir, kampaniyanı Rusiya hakimiyyəti ilə əlaqəli olan adamlar planlaşdırır, onlar da rusiyalı məmurların qarşısında hesabat verirlər.
Ekspertlərin fikrincə, bu partiya öz kampaniyasında Qərbə və Türkiyəyə qarşı rutorikadan, cəmiyyətin fikrini Rusiya təhlükəsindən yayındırmaq üçün istifadə edir.
Misal üçün, partiyanın seçkiqabağı bannerlərindən birində təsvir olunan Gürcüstan xəritəsində dənizkənarı Acariya regionu Rusiya tərəfindən işğal olunan Abxaziya və Cənubi Osetiya ilə eyni rəngə boyanıb. Təsvirdə təhdid mənbəyi kimi oxlarla Türkiyə göstərilir və plakat ölkəni ondan qorumağa çağırır.
•Peyvənddən imtina, homofobiya, Rusiyaya sevgi – kilsə Gürcüstanın Qərbyönlü kursuna mane olurmu?
Böyük qalmaqaldan sonra hakimiyyət bu bannerləri qadağan etmək qərarını verir və onları sökürlər.
Rusiyanın Gürcüstandakı seçkilərə təsirini dəyərləndirərkən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib ki, bu, gözləniləndir və bununla mübarizə aparmaq lazımdı.
«Başqa, o cümlədən də Birləşmiş Ştatlarda keçirilən seçkilərə baxsaq, aydın olur ki, ölkə öz seçki sistemini qorumaq üçün mümkün olan hər şeyi etməlidir», – səfir sentyabrın 1-də özününün Vaziani hərbi bazasına səfəri zamanı deyib.