Azərbaycan jurnalistə hüquqlarının pozulduğuna görə 20 min avro ödəyəcək
17 sentyabr 2020-ci il tarixində Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Rauf Mirqədirovun işi üzrə qərarını elan edib. Məhkəmə Azərbaycan hökumətinin üzərinə ona 20 min avro həcmində kompensasiya ödəmək öhdəliyi qoyub.
• “Facebook”un keçmiş əməkdaşı Azərbaycan hakimiyyətinin müxalifətçilərə hücumlarından yazıb
• Avropa Məhkəməsi Azərbaycanı saxlanılan şəxsin ölümünə görə 37 min avro həcmində cərimələyib
Hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə, məhkəmə Mirqədirovun Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi həyatın toxunulmazlığı hüququ) maddələri ilə hüquqlarının pozulduğunu tanıyıb.
Bununla belə, AİHM jurnalistin onu Azərbaycana təhvil verən Türkiyə hökumətinə qarşı hüquqlarının pozulması ilə bağlı xahişinin araşıdırılmasını zəruri saymayıb.
2014-cü ilin aprel ayında Mirqədirov Türkiyədə yaşayan zaman ölkə hakimiyyəti onu jurnalist akkreditasiyasından və oturumdan məhrum edib, bundan sonra da Azərbaycana deportasiya edib.
2015-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsi Mirqədirovun altı il müddətinə azadlıqdan məhrum edilməsi hökmünü çıxarıb. 2016-cı ilin mart ayında Bakı Apellyasiya Məhkəməsi real həbs müddətini şərti cəza ilə əvəz edir.
Hazırda Rauf Mirqədirov İsveçrədə siyasi qaçqın statusunda yaşayır.