Avropada Çeçenistan rəhbəri Kadırovu tənqid edən çeçenləri kim öldürür?
2019-cu ilin yayından 2020-ci ilin yayına qədər bir il ərzində Avropada Çeçenistan rəhbərini tənqid edən artıq dördüncü çeçenə qarşı sui-qəsd həyata keçirilir.
Bu dəfə 2020-ci ilin aprelində Kadırova təhqiramiz video-müraciət ünvanlayan bloger Mamixan Umarov Vyananın mərkəzində başına açılan atəşlə öldürülüb.
Əsas mənbələr – ВВС, Radio Liberty/Radio Freedom
Mamixan Umarov kimdir?
43 yaşlı Mamixan Umarov iyulun 4-də axşam Vyananın kənarında Gerasdorfda ticarət mərkəzinin avto-dayanacağında qətlə yetirilib. Bir neçə saatdan sonra Linz şəhərində şübhəli bilinən şəxs saxlanılıb, o da çeçendir.
Etnik mənsubiyyətin xüsusi qeyd olunması burada mühüm rol oynayır.
Özünü Anzor adlandıran Mamixan Umarovun Bek Martin adına Avstriya pasportu vardı. O, 2005-ci ildə Avstriyaya köçüb. Bu zamana qədər Çeçenistan Şəriət Dövləti Təhlükəsizliyi Nazirliyində müstəntiq işləyib.
2020-ci ilin aprelində o, internetdə video paylaşıb. Bu videoda o, Vyanada körpünün üstündə dayanaraq Çeçenistan rəhbəri Ramzan Kadırovun və onun atasının ünvanına söyüş yağdırıb. O, həmçinin öz telefon nömrəsini səsləndirir və deyir:
“Mən üzümü gizlətmirəm, sən məni görürsən. Kimi kişi sayırsansa, göndər”.
• İndi Putin Rusiyada ömürlükdür, ruslar isə federasiyada əsas xalqdır. Konstitusiya dəyişdi
• Çeçenistan prezidenti gürcü jurnalist haqda: o, diz çöküb üzr istəməlidir
BBC-nin mənbəyi bu videonu gördüyünü bildirib. Amma hazırda şəbəkədə bu video mövcud deyil.
Umarov ikinci separatçı müharibə dövründə Çeçenistanda işləyib. 2020-ci ilin fevralında ukraynalı jurnalistlərə müsahibəsi zamanı o, bildirib ki, Moskva ilə sıx əməkdaşlığa başlayan yeni hakimiyyət “müstəqil İçkeriya” ideyasına aidiyyatı olan hər kəsi məhv etməyə başladığı zaman Çeçenistanı tərk edib.
Umarov danışıb ki, 2010-cu ildən 10-dan çox sifarişli qətl xətti üzrə Ukraynanın və Avstriyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, çünki bu “sifarişlər” şəxsən ona daxil olub.
Ukraynadakı qətllər və sui-qəsdlərdə çeçen izi
2014-cü ilin dekabrında Ukrayna Ali Radasının Radikal Partiyasından olan deputatı İqor Mosiyçuk kamera qarşısında Ramzan Kadırovun portretini güllələmiş və onun ardınca Çeçenistana gələcəyinə söz vermişdi.
O zaman Ramzan Kadırov demişdi: “Görünür, Mosiyçuk hamını bezdirib və onu öldürmək qərarına gəliblər. Özləri onu öldürəcəklər, sonra isə deyəcəklər ki, bunu Kadırov edib”.
Umarov ukraynalı jurnalistlərə danışıb ki, “Çeçenistandan adamlar” onunla əlaqə saxlayır və bu deputatın qətlini təşkil etməyi təklif edirmişlər. Onunla birlikdə isə Ukraynanın şərqində hərbi əməliyyatlarda Kiyevin tərəfində iştirak edən iki səhra komandiri – Adam Osmayev və onun həyat yoldaşı Əminə Okuyevanı öldürmək lazım olduğunu bildiriblər.
Bu üç qətlin təşkilinə görə milyon yarım avro təklif olunub – Umarov deyib və sübut kimi “sifarişçi” ilə danışığının səs yazısını təqdim edib.
Umarov deyib ki, bütün informasiyanı Mosiyçuka və Adam Osmayevə çatdırıb. Deputat bunu BBC ilə söhbətində təsdiqqləyib.
Umarovun haqqında danışdığı çeçen səhra komandirlərinə qarşı sui-qəsd nəhayətdə baş tutub, Əminə Okuyeva öldürülüb.
Mosiyçuka qarşı da sui-qəsd həyata keçirilib, amma o sağ qalıb.
2019-2020-ci illərdə öldürülən və ya qəsd edilən Kadırov və Putin tənqidçiləri
Umarovun qətli son bir il ərzində Avropada çeçenlərə qarşı törədilən artıq dördüncü sui-qəsddir.
• 10 il əvvəl öldürülən çeçen hüquq müdafiəçisinin qızı anasının işini davam etdirməyi vəd edib
2019-cu ilin avqustunda Berlində çeçen əsilli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili öldürülüb. O və Umarov ikinci separatçı çeçen müharibəsində iştirak edib, sığınacaq istədiyi Almaniyada yaşayıb.
2020-ci ilin mayında Almaniya Federal Prokurorluğu bəyan edib ki, Xanqoşvili “Rusiya Federasiyasının mərkəzi hökumətində Dövlət Təhlükəsizliyi Xidmətinin” tapşırığı ilə qətlə yetirilib.
2020-ci il fevralın 1-də Fransanın Lil şəhərində mehmanxana otağında çüçün İmran Əliyev ölü tapılıb. Əliyev Çeçenistan rəhbərinin ünvanına təhqiramiz çıxışları ilə tanınmışdı.
2020-ciil fevralın 26-da İsveçdə Ramzan Kadırovun üçvanına mütəmadi tənqidləri ilə məşhur olan çeçen bloger Tumso Abdurahmanova qarşı sui-qəsd baş tutmuşdu. Sui-qəsdlə bağlı Rusiya vətəndaşı olan bir kişi və bir qadın saxlanılmışdı.
Kadırov və Putinin digər tənqidçilərinə qarşı təhdid və qətllər
Bu, Vyanada baş verən ikinci səs-küylü qətldir. 2009-cu ildə orada Kadırovun keçmiş mühafizəçisi Umar İsrailov öldürülmüşdü.
Rusiya prezidenti Vladimir Putinin ən məşhur tənqidçilərindən biri olan Boris Nemtsov 2015-ci ilin fevralında Moskvada Çeçenistan sakinlərindən ibarət qrup tərəfinən hazırlanan əməliyyat nəticəsində güllələnib. Qrup üzvləri həbs edilib və cəzalandırılıb. Amma cinayətdə əlinin olduğu ehtimal edilən Ramzan Kadırovun yaxın çevrəsindən olan insanlar heç dindirilməyə belə cəlb olunmayıblar.
2020-ci ilin iyununda Tbilisidə teleaparıcı Giorgi Qabuniyaya qarşı sui-qəsdin qarşısı alınıb. O, bundan bir il əvvəl canlı efirdə Rusiya prezidenti Putini təhqir edib.
“Qabuniyanın verilişdə Vladimir Putinin anasını söyməsi hazırlanan sui-qəsdin səbəbi olub” – “Mtavari arxi”nin direktoru
Çeçen diasporası təşviş içindədir
Umarovun qətli Vyanada çeçen diasporasını təşvişə salıb – diaspora nümayəndələrindən biri anonimlik şərtilə BBC-ə bildirib.
İnsanlar bir-birinə ismarıc göndərir və baş verənləri ölüm cəzası kimi müzakirə edirlər.
“İnsanlar özlərini təhlükəsizlikdə hiss etmirlər. Qəzəb, təşviş və əlbəttə ki, qorxu. Amma nə qədər bax bu cür çox öldürsələr, insanlar bir o qədər çox etiraz edəcək və düşündükləri hər şey haqda açıq danışacaqlar”, – BBC-nin həmsöhbəti bildirib.