Məhkəmə qanunsuz varlanma ittihamı ilə Ermənistanın keçmiş prezidentinin kürəkəninin həbsinə qərar verib
Mayın 6-da Ermənistan məhkəməsi eks-prezident Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın həbsinə qərar verib.
Minasyan qanunsuz varlanmaqda, gəlirləri haqda yalan deklarasiya verməkdə və cinayət yolu ilə əldə etdiyi əmlakı leqallaşdırmaqda günahlandırılır.
O, keçmiş prezidentin yaxın çevrəsindən cinayət məsuliyyətinə cəlb olunan ilk insan deyil.
Sarqsyanın qardaşları və qardaşı oğlanlarına, o cümlədən də Mikael Minasyanın atasına qarşı cinayət işləri açılıb.
Serj Sarqsyanın özü milyon dollardan çox büdcə vəsaitini talamaqda ittiham olunur.
Mikael Minasyana qarşı cinayət işi hələ 2020-ci ilin mart ayında açılıb, elə həmin vaxt olun haqqında axtarış elan olunub. Onun İtaliyada olduğu ehtimal edilir.
Minasyanın vəkili Miqran Poqosyan məhkəmənin müvəkkilinin həbsi haqda çıxardığı qərarı “absurd və həyasızca” adlandırıb. Onun fikrincə, sənəddə “müdafiə tərəfinin təqdim etdiyi arqumentlərin analizinə dair eyham belə yoxdur”.
Son günlərdə eks-prezidentin kürəkəni Facebook səhifəsində Ermənistan sakinlərinə video-müraciət ünvanlayıb. O, haradasa xaricdə ev şəraitində hakırkı hakimiyyəti sərt tənqid edib və vətən qarşısında öz xidmətləri haqda danışıb.
- Eks-prezident Serj Sarqsyanın yaxın ətrafının ittiham olunduğu cinayət işləri
- Serj Sarqsyan tezliklə müttəhimlər kürsüsündə əyləşə bilər
Nikael Minasyan nə deyir?
Eks-prezidentin kürəkəni bildirir ki, hazırkı hakimiyyət onu siyasətdən sıxışdırıb çıxarmaq və vətənə qayıtmamağa məcbur etmək istəyirlər – əvəzində isə haqqında açılan cinayət işi dayandırılacaq.
Minasyan deyib ki, bu məsələ ilə bağlı onunla Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri baş nazir Nikol Paşinyanın tapşırığı ilə görüşüb. Amma o, bu təklifi rədd edib, çünki “yalançı və məsuliyyətsiz insanlara, vətən xainlərinə yaxşı münasibət göstərə bilmir”.
Minasyanın bu bəyanatına keçmiş MTX rəhbəri Artur Vanetsyanın mətbuat katibi reaksiya verib. Kristina Melkonyan hər kəsə Artur Vanetsyanın Mikael Minasyana münasibətini ifadə etdiyi müsahibəsini xatırlamağı təklif edib.
“Qoy heç kim məni Mikael Minasyanla əlaqələndirməyə çalışmasın, çünki mənim üçün o, Ermənistan Respublikasının qanunları qarşısında bir çox suallara cavab verməli olan insandır”, – Vanetsyan 2019-cu ilin sentyabrında istefasından sonra bildirib.
Baş nazirin mətbuat xidməti Mikael Minasyanın bəyanatını hələ heç cür şərh etməyib.
Minasyan həmçinin bildirib ki, Ermənistanın baş naziri “artıq çoxdan onun həbsi ilə bağlı qərar qəbul etdiyi üçün” Ermənistana qayıda bilmir. “Amma nə zamansa mən mütləq qayıdacağam”, – Minasyan deyib.
Növbəti çıxışlarında o, Serj Sarqsyanın prezidentliyi dövründə buraxılmış səhvləri analiz edəcəyinə söz verib.
Parlamentdə Minasyanın bəyanatlarına ümumilikdə etibar etmirlər
Milli Məclisin “Mənim addımım” iqtidar fraksiyasından olan deputatı Hayk Koncoryan Minasyanın bəyanatını cəzadan qaçmaq üçün “primitiv fənd” hesab edir:
“Siyasi bəyanatlar vermək… sadəcə “Baxın, məni siyasi təqibə məruz qoyurlar” demək üçün. Sənin kim olmağından – xalqın pulunu kazinoya qoyan keçmiş qumar və ya ən müxtəlif spekulyasiyalarla milyonlar toplamış keçmiş yüksək vəzifəli məmur olmağından asılı olmayaraq”.
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyasını təmsil edən deputat Taron Simonyan da Minasyanın bəyanatını özünə haqq qazandırmaq və diqqəti özündən yayındırmaq cəhdi kimi dəyərləndirib.
Müstəqil deputat Arman Babacanyan da video-müraciətdə səsləndirilən versiyaya etibar etmir:
“Mən Ermənistan hakimiyyətinin, o cümlədən də Nikol Paşinyanın cəmi bir il əvvəl rədd etdikləri bir şəxsə – həm də tək onu yox, Mikael Minasyanın ən parlaq və nüfuzlu nümayəndəsi olduğu bütün sistemi – hər hansı formada nəsə təklif edə biləcəkləri fikrindən uzağam”.