Azərbaycan öldürülmüş erməni çobanın ailəsinə kompensasiya kimi 50 min avro ödəməlidir
Avropa İnsan Haqları Məhkəməsi “Saribekyan və Balyan Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb. Söhbət on il bundan əvvəl Azərbaycanda əsir düşmüş və bir neçə gündən sonra asılmış vəziyyətdə tapılmış erməni çoban Manvel Saribekyandan gedir.
AİHM Bakını həlak olmuş çobanın valideynlərinə mənəvi zərərin kompensasiyası qismində 60 min avro və məhkəmə xərclərinin kompensasiyası qismində 2200 avro ödəməyə mükəlləf edib. Bu, Saribekyanın valideynlərinin tələb etdikləri məbləğdən iki dəfə azdır.
• Azərbaycanlı dostunun sayəsində əsirlikdən xilas ola bilmiş erməninin hekayəsi
Manvel Saribekyanın başına nə gəlib
İyirmi yaşlı çoban Manvel Saribekyan 2010-cu ilin sentyabrında əsir düşüb. Azərbaycan Müdafiə Nazirliyi o vaxt bildirmişdi ki, erməni kəşfiyyatçı Saribekyan “Dağlıq Qarabağın şimal-şərqində yerləşən məntəqəsindən erməni qüvvələri tərəfindən həyata keçirilmiş diversiya əməliyyatının gedişində” əsir götürülüb.
Gəncin ailəsi özünün Avropa İnsan Haqları Məhkəməsinə ərizəsində xəbər verirdi ki, o, sərhədi dumanlı havada səhvən keçib və həmin vaxt itmiş ev heyvanını axtarırmış. Lakin Azərbaycan hakimiyyəti onu Azərbaycan kəndlərindən birində məktəbi partlatmağa hazırlaşmaqda ittiham edib.
Saribekyan Bakıya – hərbi polis şöbəsinə gətirilib. Oktyabrın beşində onu həbsxana kamerasında asılmış vəziyyətdə tapıblar.
Azərbaycan hakimiyyəti bildirib ki, o, özünü asıb, cinayət işi bağlanıb. Ölümündən bir ay sonra Saribekyanın nəşi erməni tərəfinə verilib.
Bu zaman işlə artıq erməni hüquq-mühafizə orqanları məşğul olublar. Ermənistan Baş Prokurorluğu Azərbaycan tərəfinə məhkəmə-tibbi ekspertizanın nəticələrinin təqdim edilməsi üçün sorğu göndərib, lakin cavab almayıb.
İlkin baxış zamanı Saribekyanın cəsədində işgəncə izləri aşkarlanıb. Ermənistan baş prokurorunun sərəncamı üzrə “xüsusi amansızlıqla həyata keçirilmiş qəsdən öldürmə” maddəsi üzrə cinayət işinə başlanıb.
Avropa İnsan Haqları Məhkəməsinin qərarı
Avropa məhkəməsinə müraciət Saribekyanın valideynlərinin ərizəsi əsasında təqdim olunub. Onların nümayəndələri vəkillər Ara Kazaryan və 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində işləmiş Artak Zeynalyan olublar.
Məhkəmə qərara gəlib ki, Azərbaycan İnsan haqları üzrə Avropa konvensiyasının müddəalarını pozub. Ələlxüsus, söhbət məhbusun yaşamaq hüququnun pozulmasından, həmçinin işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan davranış və cəzaların yolverilməzliyindən gedir.
Avropa məhkəməsi həmçinin Ermənistanda keçirilmiş məhkəmə-tibbi ekspertizanı nəzərə alıb ki, onun rəyinə əsasən, boğulmadan əlavə, böyrəklərdə, sinədə, bel, bud nahiyələrində və düz bağırsaqda qansızmalar, həmçinin küt alətlə yetirilmiş baş travmaları təsbit olunub.
“Məhkəmə qərara alıb ki, Saribekyan Bakıda hərbi polis şöbəsində saxlanılarkən, həyatının son günlərində qəddar davranışa və fiziki zora məruz qalıb, onun keçirdiyi sarsıntılar işgəncələrə bərabərdir və o, hüquqlarının pozulmasından zərər çəkib”, – qərarda bildirilir.
Beləliklə, Azərbaycan Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıyır və həlak olanın ailəsinə kompensasiya ödəməyə borcludur.