Sovet rəhbərlərindən birinə həsr olunmuş sərgi Azərbaycan sakinlərini hiddətləndirib
Bakıda sovet və Rusiya siyasətçisi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi təşkil edilib. Bu, Azərbaycanda çoxlarını hiddətləndirib, çünki Primakov 1990-cı il faciəvi 20 Yanvar hadisələrində təqsirlilərdən biri hesab olunur. Həmin gecə SSRİ rəhbərliyinin sərəncamı ilə müstəqillik uğrunda xalq hərəkatını yatırmaq üçün Bakıya qoşun yeridilib. Yüzdən çox dinc sakin qətlə yetirilib. Azərbaycanda 20 Yanvar ümumilli matəm günü elan olunub.
• Abxaziya münaqişəsinin dəhlizlərində. Tbilisidə “kollektiv anım arxivi” sərgisi açılıb
• Azərbaycan-Rusiya münasibətlərində “bal ayı”
• 13 milyon – keçmiş Sovet İttifaqı Stalinin siyasi repressiyalarının qurbanlarını anır
SSRİ-nin son illərində Yevgeni Primakov Ali Sövetin İttifaq Şurasının sədri və Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 20 Yanvar faciəsi baş verəndə o, hakimiyyətdə həlledici mövqe tutub. Azərbaycanda hesab edirlər ki, o, həmin hadisələrin təşkilatçılarından biri olub.
SSRİ dağılandan sonra Primakov siyasi fəaliyyətini davam etdirib, Rusiya xarici işlər naziri olub. 2015-ci ildə vəfat edib.
Qalmaqallı sərgi
Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgini Bakı Slavyan Universiteti (BSU) Rusiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə təşkil edib.
Sərgi oktyabrın 29-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində açılıb. Daha əvvəl isə Primakovun fəaliyyətinə və XX-XXI əsrlərdə onun beynəlxalq münasibətlərdə oynadığı rola həsr olunmuş inşa müsabiqəsi keçirilib. Bu müsabiqədə BSU tələbələri iştirak ediblər.
Azərbaycanda bütün bunlar çoxlarının xoşuna gəlməyib. İctimai birliklər, ekspertlər və sadə sosial şəbəkə istifadəçiləri sərginin əleyhinə çıxış ediblər.
Bir neçə ictimai birlik, o cümlədən də “20 Yanvar” və “Qarabağ Veteranları” cəmiyyətləri müvafiq bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, bu sərgi “Azərbaycan xalqına qarşı təhqirdir”. Onlar sərginin dayandırılmasını və Bakı Slavyan Universitetinin rektorunun işdın azad edilməsini tələb ediblər.
“Yeni Nəsl” Jurnalistlər Birliyinin sədri Arif Əliyev sərgini və inşa müsabiqəsini Rusiya tərəfindən Azərbaycana qarşı təxribat və hörmətsizlik hesab edib.
Sosial şəbəkələrdə mübahisələr
Bu sərgi sosial şəbəkələrdə də qızğın mübahisələrə səbəb olub.
Üstəlik məlum olub ki, heç də hamı Primakovu faciədə günahkar saymır.
Bəzi şərhləri təqdim edirik:
“O ümumiyyətlə kimdir ki, onun şərəfinə sərgi keçirilsin? Sadəcə Kremlin iyrənc planlarının icraçısı. Amma konkret 20 Yanvara gəlincə, onun faciədəki rolunu şişirtmək lazım deyil”.
“Primakov yaxşı diplomat idi”.
“Belə tədbirlərin bizim ölkəmizdə keçirilməsi ehtiramsızlıqdır”.
“Axı cəmi bir neçə ay əvvəl gürcülər Rusiya deputatına parlament spikerinin yerində oturmağa icazə verməmişdilər və bununla da göstərmişdilər ki, ölkənin yiyəsi kimdir. Bizdə kaş yaltaqlıq və özünü göstərmək əvəzinə bir az gürcü qüruru olaydı”.
“İndi sadə müdafiəsiz adamların üstünə cummağı sevən azərbaycanlı ura-patriotlar haradadır? Niyə bu vətənpərvərlər həmin sərgiyə gedib, öz mövqelərini bildirmirlər?”
“İttiham olunanların” reaksiyası
Tənqidə cavab olaraq Slavyan Universitetinin rəhbərliyi sərginin universitetdə keçirilmədiyini vurğulayıb.
İnşa müsabiqəsinə gəlincə, onlar bildiriblər ki, bu, Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub, müsabiqədə iştirak edən tələbələr isə Rusiya vətəndaşlarıdır. Hərçənd yerli media iştirakçılar arasında Azərbaycan vətəndaşlarının da olduğunu sübut edib.
Azərbaycan hakimiyyəti bu vəziyyəti heç cür şərh etmir.
Düzdür, bir neçə deputat həm sərgini, həm də müsabiqəni kəskin tənqid edib.
Məsələn, deputat Qüdrət Həsənquliyev bunları deyib:
“Bu tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə və ümumilikdə Azərbaycan xalqına qarşı təhqirdir. Hesab edirəm ki, təşkilatçılar üzr istəməlidirlər”.