Abxaziyada gürcülər soyadlarını və millətlərini dəyişirlər
Abxaziyanın indiyə qədər gürcü mənşəli sayılan Qal rayonunda artıq 400 nəfərdən çox sakin soyadlarını dəyişib abxaz kimi qeydiyyatdan keçib.
Bu haqda jurnalistlərə Murzakan Abxazlarının Şurası ictimai təşkilatının sədr müavini Edişir Zuxba deyib.
Qal (gürcü versiyası Qali) rayonu Abxaziyanın inzibati vahididir. 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, burada əhalinin 98,21 faizini gürcü/meqrellər təşkil edir. Rayon abxaz-gürcü münaqişəsində ayırıcı xətt sayılan İnqur (gürcü versiyasında İnquri) çayının bilavasitə sahilində yerləşir. Abxaziyanın mühüm energetika müəssisəsi olan İnqur SES də Qal rayonundadır.
Abxaziya Rusiyanın dəstəyi ilə özünü müstəqil dövlət kimi qurmağa çalışır – Tbilisi isə Abxaziyanın Gürcüstanın bir hissəsi olduğuna israr edir və bu ərazi bütövlüyü tələbi BMT, Avropa İttifaqı və bütün qərb ölkələri tərəfindən dəstəklənir.
Edişir Zuxba izah edib ki, söhbət yerli meqrellərdən gedir [gürcülərin etnoqrafik qrupu, Qərbi Gürcüstanın Sameqrelo regionunun əhalisi. Meqrel etnik qrupunun böyük bir hissəsi isə Abxaziyada yaşayır – JAMnews].
Samurzakano adı məhz Abxaziya hissəsinə aiddir, burada etnik gürcülər (meqrellər) əhalinin 98 faizinə qədərini təşkil edir. Qal rayonu da regionun bu hissəsinə daxildir.
• Tomas de Vaal: Abxaziyanın özünü təcrid etməsi böyük problemdir
• Abxaziyada gürcülər üçün “oturum icazəsi” – problemlərin həlli yoxsa onların dərinləşməsi?
O, həmçinin abxaz əsilli hesab etdiyi və gürcü tərzinə dəyişdirildiyini düşündüyü bir neçə digər soyadı da sadalayıb, məsələn: Abuxbaya, Adzinbaya, Baqbaya, Zuxbaya, İnalişvili, Kvatsabaya, Eşbaya və sairə.
Zuxbanın sözlərinə görə, Murzakan Abxazları Şurasının mövcud olduğu beş il ərzində 900 nəfərə yaxın insan onlara müraciət edərək abxaz soyadlarının geri qaytarılmasını rica edib.
Abxaziyadakı gürcülər üçün pasport məsələsisinin tarixçəsi
Abxaziya qanunvericiliyi Rusiya istisna olmaqla ikili vətəndaşlığa icazə vermir. Yerli gürcülərin Gürcüstan vətəndaşlığı var, beləliklə də onlar bundan imtina etmək məcburiyyətindədirlər ki, Abxaziya vətəndaşlıqları olsun.
•Zakareişvili: “Hakimiyyət əvvəl axır mənim ideyalarımı nəzərə almağa məcbur olacaq”
Abxaziya vətəndaşlığının olması yalnız respublikanın siyasi həyatında yox, həm də ticarətdə və biznesdə iştirak etmək üçün daha çox imkanlar verir.
2009-cu ildə gürcü əhali üçün Abxaziya pasportları məsələsi hələ yeni-yeni həll edilməyə başlayanda sadə forma təklif edilib: yerli gürcülər (samurzakanlar) Abxaziya pasportu almazdan əvvəl yazılı formada Gürcüstan vətəndaşlıqlarının olmadığını bəyan etməli idilər.
Hakimiyyət və eyni zamanda bir çox yerli sakinlər üçün bu prosedur adi formallığa çevrilib. Tbilisi və Suxum arasında nizamlanmamış gürcü-abxaz münaqişəsi səbəbilə rəsmi əlaqələr yoxdur, odur ki, kimin həqiqətən Gürcüstan vətəndaşlığından imtina etdiyini, kimin isə etmədiyini yoxlamaq sadəcə mümkün deyil.
Amma 2014-cü ildən Abxaziyada yerli gürcülərin pasportlaşdırılması məsələsinə münasibət dəyişib.
2015-ci ilin yayından Qal rayonunun administrasiyası sakinlər arasında sorğu keçirib və 18 min nəfərdən çox qallı bildirib ki, Gürcüstan vətəndaşlığına malikdirlər.
Tkuarçal və Qal rayonlarının pasport-viza xidmətlərinin əməkdaşlarına qarşı cinayət işi açılıb və onlar Gürcüstan vətəndaşlarına kütləvi şəkildə Abxaziya pasportlarının verilməsində ittiham olunublar.
Mediada gedən yazılara görə, pasport masalarında çalışan məmurlar rüşvət alaraq (yerli sakinlər bildirirlər ki, 150 dollardan 400 dollara qədər), bütün şübhələrə göz yumub və Qal rayonu sakinlərinə birbaşa pasport veriblər.
Nəticədə yerli gürcülərə (Qal, Tkuarçal və Oçamçir rayonlarında) verilən 27 min Abxaziya pasportu ləğv edilib.
2017-ci ilin yayında isə yerli gürcülərə “daimi yaşamaq hüququnun” verilməsi prosesi başlayıb. Bu sənəd onlara Gürcüstanın Zuqdidi rayonuna maneəsiz gedib-gəlmək imkanı verir. Yerli gürcü icması üçün bu çox vacib məsələdir, çünki çoxları orada pensiyalarını alır və uşaqlarını məktəbə aparıb-gətirirlər, həçminin çoxları orada ərzaq və digər mallar satır və alır.
Amma Abxaziyada “yaşamaq hüququnun” əldə edilməsi asan məsələ deyil və Abxaziyanın gürcü sakinlərinin yalnız kiçik hissəsi bunun öhdəsindən gəlir.
Soyad gürcü tərzindən abxaz tərzinə dəyişdirilərkən nə baş verir?
Əgər əvvəl sənədlərdə bu insanlar gürcü kimi qeydiyyatda idilərsı, artıq soyadlarını dəyişərək abxaz hesab ediləcəklər. Abxaziyanın vətəndaşlıq haqda qanunvericiliyinə əsasən isə hər bir abxaz dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azad şəkildə Abxaziya pasportu almaq haqqına sahibdir.
Murzakan Abxazları Şurasının nümayəndələri iyulun 19-da baş tutan üçüncü qurultaylarında bəyan ediblər ki, öz tarixi soyadlarını və milli kimliklərini bərpa etmək istəyənlərin sayı getdikcə çoxalır.
“Biz Qal rayonu sakinlərinin Abxaziyanın daxili həyatına sürətlə inteqrasiyasında maraqlıyıq”, – təşkilat nümayəndələrindən biri qurultayda bildirib.