Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili saxlanıldı
Dünən polis Gürcüstanın keçmiş müdafiə naziri və müxalif “Qalib Gürcüstan” partiyasının lideri İrakli Okruaşvilini saxlayıb.
Gürcüstan DİN artıq bəyanat verib – Okruaşvili iyunun 20-də parlament binasının qarşısındakı mitinqdə aksiya iştirakçılarını parlamentə daxil olmağa çağırmaqda və binaya hücumda şəxsən iştirak etməkdə ittiham edilir.
“Parlament binasına zorakı hücum zamanı İrakli Okruaşvili onu müşayiət edən şəxslərlə birlikdə aksiya iştirakçılarını parlamentə zorakılıq yolu ilə daxil olmağa çağırıb və özü şəxsən binaya daxil olmağa çalışıb. Həmçinin İrakli Okruaşvili müxtəlif qrup şəklində zorakılıq hərəkətlərində iştirak edib”, – Gürcüstan DİN-in mərkəzi kriminal polis departamentinin direktoru vəzifələrini icra edən Mamuka Çelidze DİN-in xüsusi brifinqində bildirib.
•Keçmiş baş nazir İvanişvili Gürcüstanın ən populyar bankı ilə niyə mübarizə aparır?
•Gürcüstanda siyasi böhran. Oliqarxa xaricdən və daxildən zərbələr
Bir neçə gün öncə Okruaşvili ölkənin ən reytinqli kanalı – Rustavi 2-nin işi üzrə qalmaqallı bəyanatlarla çıxış etmişdi. Keçmiş nazir bildirmişdi ki, onun əlində teleşirkətin məhz özünə aid olmasını təsdiq edən sənədlər var.
20-21 iyun hadisələri
İyunun 20-də Tbilisidə çoxminlik mitinq rusiyalı deputat, kommunist Sergey Qavrilov Gürcüstan parlamentində spikerin kreslosunda oturaraq çıxış etdikdən sonra toplaşdı. Qavrilov parlamentin zalında keçirilən Parlamentlərarası pravoslav assambleyasının sessiyasında iştirak edirdi.
Müxalifət və ictimaiyyətin böyük hissəsi irimiqyaslı mitinqə toplaşaraq, Gürcüstan hakimiyyətindən izahat tələb etdi ki, nəyə görə Gürcüstanın ərazi bütövlüyünü tanımayan rusiyalı deputat ölkənin yüksək tribunasından çıxış edir.
Bir neçə müxalif siyasətçi mitinq iştirakçılarını parlament binasına daxil olmağa çağırdı. Polislə qarşıdurma yarandı və bundan sonra xüsusi təyinatlılar mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdilər.
“Qrup şəklində zorakılıq hərəkətlərində iştiraka görə” 20-21 iyun tarixlərində hüquq-mühafizə orqanlarının əməkdaşları 11 aksiya iştirakçısını saxladılar.
Daha öncə eyni ittiham Gürcüstan parlamentinin keçmiş hakim “Vahid milli hərəkat” partiyasından deputatı Nika Meliyaya qarşı da irəli sürülmüşdü.
Parlament Meliyanı deputat toxunulmazlığından məhrum etdi, lakin məhkəmə onu girov müqabilində azadlıqda saxlamağı qərara aldı. Hazırda deputat xüsusi elektron qolbaq daşıyır. Ona ictimai asayiş orqanlarını xəbərdar etmədən evi tərk etmək qadağan olunub.
İyulun 23-də İrakli Okruaşvili 20-21 iyun hadisələri ilə bağlı dindirilib.
Onun təqsiri sübuta yetirilərsə, dörd ildən altı ilə qədər azadlıqdan məhrum edilə bilər.
“Okruaşvili siyasi məhbusdur”
Okruaşvilinin tərəfdaşları və partiya yoldaşları, həmçinin müxalifət əmindirlər ki, onun saxlanması siyasi motivlərlə bağlıdır.
“Okruaşvili siyasi məhbusdur. İvanişvilidə aşkar psixi pozğunluq var. Bundan əlavə, o, Putinin tərəfdaşıdır və ev tapşırığı var – siyasi müxalifəti məhv etmək və Gürcüstanı Rusiyaya təhvil vermək. Nəyə görə Okruaşvilidən başladı? Çünki Okruaşvilinin Rustavi 2 barədə son bəyanatları onun xoşuna gəlmədi”, – keçmiş nazirin silahdaşı Qubaz Sanikidze deyib.
Az qala dörd il ərzində “Rustavi 2” ətrafında davam edən çəkişmə iyulun 18-də son bir neçə il teleşirkətə sahib olanların məğlubiyyəti ilə yekunlaşdı. Onların vaxtında telekanal müxalifyönlü idi və hazırkı Gürcüstan hakimiyyətinə tənqidi yanaşırdı.
İyulun 18-də Strasburq məhkəməsinin qərarı məlum olduqdan sonra ki, həmin məhkəmə Gürcüstan məhkəmələrinin “Rustavi 2” teleşirkətinin işi üzrə qərarlarında İnsan haqları üzrə Avropa Konvensiyasının pozulma hallarının olmaması barədə qərar verdi və Gürcüstan Ali Məhkəməsinin qərarı qüvvəyə mindi. Həmin qərara əsasən, iş adamı Kibar Xalvaşi 2004-2006-cı illərdə sahib olduğu teleşirkət üzərində mülkiyyət hüquqlarını özünə qaytardı.
Xalvaşi hakimiyyətə yaxınlığı ilə seçilən iş adamıdır və elə ilk gün direktoru dəyişdi və yəqin ki, kanalın müxalif redaksiya siyasətini də hakim “Gürcü arzusu”nun xeyrinə dəyişəcək.
Bu fonda səhnəyə İrakli Okruaşvili çıxdı və iddia etdi ki, onunla Kibar Xalvaşi arasında imzalanmış sənəd mövcuddur. Həmin sənədə görə, Xalvaşi yalnız nominal olaraq “Rustavi 2”nin sahibidir, əslində isə teleşirkət onun özünə məxsusdur.
Okruaşvilinin sözlərinə görə, bu sənəd 2010-cu ildə Berlində rəsmiləşdirilib və sənəddə Xalvaşinin üç ekspertin, o cümlədən Paris apellyasiya məhkəməsinin ekspertinin rəyi ilə təsdiq olunmuş imzası var.
Xalvaşi belə bir sənədin mövcudluğunu inkar edir və deyir ki, bunlar hamısı saxtalaşdırmadır.
Özünün son müsahibələrindən birində Okruaşvili ölkədəki vəziyyəti və şəxsən qeyri-formal lider Bidzina İvanişvilini kəskin tənqid etmişdi:
“Ölkədə vəziyyət getdikcə lap pis olur. İyunun 20-də dinc mitinqin dağıdılması əmrini İvanişvili vermişdi. Mən siyasətə ancaq bir səbəb üzündən qayıtmışam – mən onun stəkanında çay içəcəyəm, söz verirəm”, – Okruaşvili son müsahibələrindən birində deyib. [“Çay içmək” ifadəsi altında o, qızılgül inqilabı dövründə baş vermiş epizodu nəzərdə tutur. O zaman müxalifətin lideri Saakaşvili parlamentə daxil olaraq həmin vaxt prezident olan Eduard Şevardnadzenin stəkanından çay içmişdi. Bu, Şevardnadzenin prezidentliyinin son günü idi – JAMnews]