Azərbaycan qazı Avropaya 2020-ci ildə çatdırılacaq – qaz kəmərinin inşası sona çatıb
Paylaşmaq
Paylaşmaq
Trans Anadolu Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundan Türkiyənin qərb sahillərinə, oradan da Avropaya təbii qaz ötürmək üçün hazırdır. SOCAR verdiyi məlumata görə, layihə 7 milyard dollara başa gəlib, halbuki ilkin olaraq 11,7 milyard dollara başa gələcəyi planlaşdırılmışdı.
caspianbarrel.org nəşrinin redaktoru, iqtisadçı İlham Şaban xərclərin az çıxmasını dünya bazarında metalın və xidmət müqavilələri üzrə işlərin ucuzlaşması və müəyyən mənada uğurlu bəxtlə əlaqələndirib.
“TANAP tarixə Türkiyədə, Yaxın Şərqdə və Avropada ən geniş diametrli və ən uzun qaz kəməri kimi düşüb”, – Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi açıqlamasında deyilir.
“Cənub qaz dəhlizi” layihəsi üç hissədən ibarətdir: Xəzər dənizinin Azərbaycana aid sularında Şah Dəniz yatağından Gürcüstan vasitəsilə uzanan Cənubi Qafqaz boru kəməri; TANAP – bütün Türkiyədən keçərək Yunanıstana qədər; TAP – Yunanıstandan İtaliyaya qədər uzanan hissə.
TANAP – “Cənub qaz dəhlizi” layihəsinin Azərbaycan qazının Xəzər yataqlarından Türkiyə və Avropaya çatdırılması üzrə hissəsidir. Layihənin bünövrəsi 2015-ci ildə Qarsda qoyulub. Boru kəməri vasitəsilə ildə 6 milyard kubmetrə yaxın qaz Türkiyəyə, 2020-ci ilin əvvəlindən isə ildə 10 milyard kubmetr qaz Avropaya çatdırılacaq.
TANAP səhmdarları:
30% — Türkiyənin Botaş şirkəti;
58% – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti;
12% – British Petroleum.
TANAP qaz boru kəməri vasitəsilə Türkiyəyə təbii qaz 2018-ci ilin yayından ötürülməyə başlayıb.