"Diqqət mərkəzində dövlət çevrilişinə cəhd": Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatı
Gürcüstan DTX-nin 2025-ci il üzrə hesabatı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Tamaz Boraşvili Gürcüstan parlamentinin plenar iclasında qurumun 2025-ci ildəki fəaliyyəti barədə hesabat təqdim edib.
Hesabatda Gürcüstanın 2025-ci ildə üzləşdiyi daxili və xarici təhlükəsizlik təhdidlərindən bəhs olunur. Aşağıdakı məsələlər qeyd edilib:
- Rusiya tərəfindən işğal olunmuş ərazilərlə bağlı çağırışlar,
- Hibrid müharibə və dezinformasiyanın yayılması,
- Əks-kəşfiyyat və antiterror əməliyyatları,
- Ölkə daxilində vəziyyəti sabitsizləşdirmək cəhdlərinin qarşısını almaq və bu cəhdlərə son qoymaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin gördüyü tədbirlər.
Boraşvilinin sözlərinə görə, 2025-ci ildə həm qlobal səviyyədə, həm də regionda təhlükəsizlik sahəsində vəziyyət ciddi şəkildə dəyişib, Gürcüstan isə bir sıra daxili və xarici çağırışlarla üzləşib. O qeyd edib ki, il ərzində ölkədə vəziyyəti sabitsizləşdirmək üçün bir neçə cəhd edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri işğal olunmuş ərazilərdən qaynaqlanan təhdidləri, eləcə də hibrid təhlükələri xüsusi vurğulayıb.
O bildirib ki, Rusiyanın Abxaziya və Sxinvali regionunu (Cənubi Osetiya) işğal etməsi Gürcüstanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri olaraq qalır, çünki bu, ölkənin suverenliyini və ərazi bütövlüyünü təhlükə altına qoyur.
Boraşvili həmçinin bildirib ki, 2025-ci il ərzində DTX “informasiya müharibəsi” çərçivəsində aparılan təbliğat və dezinformasiya kampaniyalarının davamlı monitorinqini həyata keçirib.
Hesabatı təqdim edən DTX rəhbəri 2025-ci ilin oktyabr hadisələrinə də toxunub. Həmin vaxt Tbilisidə keçirilən kütləvi etiraz aksiyalarının bir qrup iştirakçısı prezident administrasiyasının binasına zorla daxil olmağa cəhd edib. Boraşvili bildirib ki, həm Gürcüstan daxilində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən müəyyən qruplar hökuməti zor gücünə devirmək məqsədilə iğtişaşlar törətməyi və ölkədə vəziyyəti sabitsizləşdirməyi planlaşdırıblar.
“Digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində bu cəhdin qarşısı alınıb”, – Boraşvili bildirib.
O, həmçinin əks-kəşfiyyat, terrorizmlə mübarizə, eləcə də korrupsiya və vəzifə cinayətlərinə qarşı mübarizə sahələrində görülən tədbirlərin nəticələri barədə deputatlara məlumat verib.
DTX rəhbəri bildirib ki, əks-kəşfiyyat fəaliyyəti çərçivəsində xarici xüsusi xidmət orqanlarının fəaliyyətində iştirak edən və Gürcüstan ərazisində əməliyyat xarakterli görüşlər, eləcə də agentlərlə görüşlər keçirən şəxslər müəyyən edilib.
Onun sözlərinə görə, terror təhdidləri Gürcüstan üçün aktual problem olaraq qalsa da, ölkədə terror aktlarının törədilməsi riski aşağı səviyyədədir.
Boraşvili qurumda həyata keçirilən struktur və institusional dəyişikliklərdən də danışıb. O qeyd edib ki, hesabat dövründə əvvəllər dövlət qurumu statusuna malik olan Gürcüstan Kəşfiyyat Xidməti Kəşfiyyat Agentliyinə çevrilib.
Bundan əlavə, DTX-nin tədris mərkəzinin “Dövlət Təhlükəsizliyi Akademiyası” adlı publik hüquqi şəxs statusuna malik ali təhsil müəssisəsinə çevrilməsi barədə qərar qəbul edilib.
Hesabatda qurumun maddi-texniki bazasının yenilənməsi və əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub.
Çıxışının sonunda Tamaz Boraşvili görülən işlərə və ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində göstərdikləri gündəlik səylərə görə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə təşəkkür edib.
DTX rəhbərinin parlamentdəki çıxışından əvvəl qurumun rəhbər müavini Davit Arçvadze 2025-ci il üzrə fəaliyyət hesabatının qısa icmalını təqdim edib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı qısa açıqlamada işğal məsələsinə yalnız ümumi şəkildə toxunulduğu halda, “hakimiyyətin zor gücünə dəyişdirilməsinə cəhd” kimi qiymətləndirilən 4 oktyabr 2025-ci il hadisələrinə daha çox diqqət ayrılıb.
Onu da qeyd etmək lazımdır ki, cəmi bir neçə gün əvvəl, noyabrın 19-da Minskdə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib.
Rusiyanın Gürcüstan ərazilərinin işğalını davam etdirməsinə, Abxaziya və Sxinvali regionunun qondarma müstəqilliyinin tanınması siyasətindən əl çəkməməsinə baxmayaraq, bu görüş Rusiya ilə qeyri-rəsmi birbaşa dialoqun bərpası deməkdir.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə ticarət-iqtisadi, mədəni və humanitar məsələlər müzakirə olunub. Söhbət zamanı regional təhlükəsizlik məsələsinə də toxunulub.
Lakin Gürcüstan tərəfinin görüşlə bağlı yaydığı açıqlamada Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalına dair konkret hansı mövqenin ifadə olunduğu açıqlanmır.
Gürcüstan DTX-nin 2025-ci il üzrə hesabatı