"Yollarda tıxacları binalar yaratmır": Yerevanın meri Baş nazirin həyat yoldaşına cavab verib
Yerevan meri Anna Akopyana cavab verib
“Yollarda tıxacları binalar deyil, avtomobillər yaradır. Ermənistanda iqtisadi artım, maliyyə axını müşahidə olunur. İnsanların imkanları genişlənib və onlar avtomobil alırlar”, – Yerevan meri Tiqran Avinyan bu gün bildirib.
Bununla o, əslində, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana cavab verib. Bir neçə gün əvvəl Akopyan sosial şəbəkələrdə paytaxtdakı tıxaclarla bağlı video paylaşmışdı. Onun sözlərinə görə, Yerevan tədricən yaşamaq üçün “ən əlverişsiz şəhərə” çevrilir.
Birinci xanım belə bir sual qaldırıb: iqtisadi artım, göbələk kimi çoxalan yeni binalar, əhali və avtomobil sayının artması, turist axını fonunda şəhərdə yaşamağın və hərəkət etməyin “infarkt səbəbinə” çevrilməməsi üçün nə etmək lazımdır?
“Bu suala cavab tapmaq xidməti vəzifəsi olan insanlar var. Düzdür, bu, milyonlarla dollar sərmayə qoyan şirkətlərə tikinti icazəsi verməkdən qat-qat çətin məsələdir. ‘İcazə verilir’ minimum səy tələb edən, lakin (vəziyyətə) çox böyük təsir göstərən sehrli qərardır”, – Akopyan vurğulayıb.
Merin sözlərinə görə, çoxmənzilli binaların və yaşayış komplekslərinin tikintisi üçün rekord sayda, yəni 108 icazə 2021-ci ildə verilib. Hazırda məhz həmin obyektlər istifadəyə verilir. Onun qeyd etdiyi kimi, o vaxtdan bəri bu qədər çox icazə verilməyib. Məsələn, 2025-ci ildə cəmi 37 tikinti icazəsi verilib.
Mer mövcud vəziyyətin müəyyən gərginlik yaratdığını etiraf edib və özünün də bu narahatlığı bölüşdüyünü bildirib. Lakin Avinyan problemləri təhlil etməyi və düzgün həll yolları tapmağı təklif edir.
Görünür, Tiqran Avinyanın izahatları Anna Akopyanı qane etməyib. O, dərhal “fəlakətli tıxaclar” barədə daha bir video paylaşıb. Baş nazirin həyat yoldaşı bu paylaşımında qadın sürücüləri daha səbirli olmamağa çağırıb:
“Avtomobillərinizdə səs-küy yaradan əşyalar gəzdirin. Hər dəfə saatlarla tıxacda qalanda bərk səs-küy salın. Elə səs-küy salın ki, bu səs beynini işlədib problemi həll etməyə borclu olanlara qədər çatsın”.
Baş nazirin həyat yoldaşı: “A nöqtəsindən C nöqtəsinə çatmaq üçün kosmonavt sağlamlığı lazımdır“
Anna Akopyan ilk paylaşımında bildirib ki, paytaxtda hərəkət etmək üçün “kosmonavt sağlamlığı”, yəni möhkəm ürək-damar və sinir sistemi lazımdır.
Bundan əlavə, o, hazırkı inkişaf tempini nəzərə alaraq, 25 ildən sonra Yerevanda nə qədər avtomobil olacağını və buna hazırlaşmaq üçün indidən hansı tədbirlərin görülməli olduğunu hesablamağa imkan verən elmi sahələrin mövcud olduğuna əminliyini ifadə edib.
Akopyan şəhərdə “yağışdan sonra göbələk kimi” çoxalan binalarla yanaşı, estakadalar, yerüstü, yeraltı və dolama yolların da tikilməsini təklif edib.
“Belə bilikləri əldə etmək üçün insan özü fəal şəkildə çalışmalıdır. Heç kim onları milyonlarla dollarlıq hazır layihə kimi məcməyidə təqdim etməyəcək ki, sən də sadəcə ‘icazə verilir’ qərarını verəsən”, – deyə o, paytaxtda tikinti icazələrinin verilməsinə yenidən eyham vurub.
Onun fikrincə, yol hərəkəti planlaşdırılarkən yaxın illərdə əhalinin sayının nə qədər dəyişə biləcəyi və şəhərdə avtomobillərin sayının nə dərəcədə artacağı nəzərə alınmalıdır.
“Bəs yaxın beş ildə 300 mindən 500 minə qədər insan daimi yaşamaq üçün vətənə qayıtsa, nə baş verəcək? Onlardan 250 mini öz avtomobili ilə gəlsə, necə olacaq? Nə edəcəyik? Küçələrə sığmağımız üçün bir o qədər insan ölkədən getməlidir?” – deyə Anna Akopyan sual edib.
Mer: “Mümkün həll yolları ictimaiyyətə təqdim olunacaq”
Yerevan merinin sözlərinə görə, paytaxtda yol tıxacları problemi üç əsas amillə bağlıdır: şəxsi avtomobillərin sayının artması, sürücülük mədəniyyəti və ictimai nəqliyyata üstünlük verilməsi zərurəti.
O bildirib ki, yaxın vaxtlarda problemin həlli üçün müxtəlif variantlar ictimai müzakirəyə çıxarılacaq. Avinyan nəzərdə tutulan tədbirlərdən bəzilərini sadalayıb:
- avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqları digər hərəkət zolaqlarından tamamilə ayırmaq;
- yol hərəkəti qaydalarının pozulması hallarını azaltmaq üçün mexanizmlər tətbiq etmək;
- əhalinin sağlamlığının qorunması məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoymaq.
Sonuncu bəndlə bağlı mer dəqiqləşdirib ki, söhbət regionlardan Yerevana gələn nəqliyyat vasitələrindən getmir. Onun sözlərinə görə, məqsəd şəhər daxilində avtomobillərin ümumi sayını azaltmaqdır.
Tiqran Avinyan tıxacların əsas səbəbinin minik avtomobillərinin sayının artması olduğunu düşünür. O əmindir ki, üstünlük ictimai nəqliyyata verilməlidir.
Mer hesab edir ki, yeni yolların tikintisi hərəkətin müəyyən dərəcədə nizamlanmasına kömək edəcək. Eyni zamanda, o xəbərdarlıq edir ki, bu, tıxac problemini tam həll etməyəcək. Avinyanın sözlərinə görə, məhdudiyyətlərin tətbiqi, xüsusi ayrılmış zolaqların yaradılması və sərt cərimələr kimi tədbirlər görülməsə, yeni yollar da qısa müddətdə yenidən yüklənəcək.
Mer ekoloji məsələlərə də toxunub. Avinyan konkret çirkləndirici maddənin, azot dioksidinin adını çəkib. Onun sözlərinə görə, avtomobillərin sayının artması səbəbindən İrəvanda bu maddənin səviyyəsi ildən-ilə sürətlə yüksəlir. O bildirib ki, azot dioksidi ağciyər və tənəffüs yolları xəstəliklərinə səbəb olur.
“Ən təhlükəlisi odur ki, bu problemlərdən ilk növbədə uşaqlar əziyyət çəkirlər”, – deyə Avinyan vurğulayıb.
Birinci xanımın çağırışı
Yerevan merinin açıqlamalarına cavab olaraq Anna Akopyan yeni video paylaşıb və bu məsələni qaldırdığı üçün insanların ona təşəkkür etdiyini vurğulayıb:
“Deyirlər ki, nəhayət, kimsə cəsarət tapıb bu barədə danışdı. Hər gün yüz minlərlə insan Yerevan tıxaclarında əziyyət çəkir. Belə çıxır ki, bu vəziyyətdən şikayət etmək ‘cəsarət’ məsələsidir?”
Akopyan qadın sürücüləri bu vəziyyətlə daha barışmamağa, kişiləri isə daha qətiyyətli olmağa çağırıb. O, qadın sürücülərə hər dəfə tıxaca düşəndə güclü səs-küy salmağı təklif edib.
Onun fikrincə, dövlət qurumları insanların “dilə gətirməyə cəsarət etmədikləri” şikayətləri heç vaxt eşitmir.
“Yoxsa belə də çıxa bilər ki, İrəvandakı tıxacların günahkarı əvvəlki hakimiyyətdir [həyat yoldaşının rəhbərlik etdiyi hazırkı hakimiyyət müxtəlif problemləri tez-tez sələflərinin fəaliyyəti və səhvləri ilə izah edir]. Axı son 30 ildə Ermənistan iqtisadiyyatı balanslı şəkildə inkişaf etsəydi, avtomobillərin sayı həndəsi silsilə ilə deyil, tədricən artsaydı, bu gün Ermənistan paytaxtında vəziyyət tamamilə başqa cür olardı”, – deyə o bildirib.
Yerevan meri Anna Akopyana cavab verib