Şuşada “hicab” sözü səslənmədi: Ərdoğanın səfəri Bakı ilə Ankaranın mübahisəsini bitirdimi?
Şuşadakı görüşdən sonra
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də, Zəfər günündə Şuşada prezident İlham Əliyevlə görüşüb. Bu, məktəblərdəki hicab mübahisəsi iki ölkə arasında gərginlik yaradandan sonra liderlərin ilk üz-üzə görüşüdür.
Mübahisə sentyabrda Bakının məktəbli forması qaydalarını dəyişməsindən sonra başlayıb. “Dünyəvi təhsilə” uyğun gəlməyən əlavələrin qadağan edilməsi praktikada hicablı şagirdlərin sinfə buraxılmaması demək oldu.
Əliyev səfərin əsas nəticəsini belə ifadə edib:
“Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.
Mübahisənin özü isə bəyanatlarda yer almayıb. İki prezidentin çıxışında “məktəb” sözü cəmi bir dəfə keçib: Ərdoğan Ağdamda inşasına başlanan qırx otaqlı məktəbdən danışıb və onun açılışını gələn il Əliyevlə birlikdə edəcəyini bildirib.
Səfərdən əvvəl Ankaranın nəyə güzəştə getdiyini və Bakının nə istədiyini yazmışdıq.
Şuşa görüşü mübahisəni bitirdimi, yoxsa sadəcə onu ictimai müzakirədən çıxardı?
Şuşada nə deyildi?
Hər iki prezident eyni mesajı verib: münasibətləri pozmaq istəyənlər var, amma buna nail olmayacaqlar.
Əliyev deyib:
“Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar”.
O əlavə edib ki, iki lider “heç kimə imkan” verməyəcək ki, “bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə” birliyə kölgə salsın.
Ərdoğan da oxşar fikir söyləyib:
“…bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər”.
Prezidentlər bu adamların kim olduğunu deməyib. Politoloq Asif Nərimanlı “TodayPress”də yazır ki, “şəxsi maraqlar” ifadəsini son gərginlikdə müəyyən şəxslərin və ya qrupların rol oynaması kimi oxumaq olar. Bu yozuma görə, problem iki dövlət arasında yox, onların arasına girmək istəyənlərdədir.
Əliyevin sözlərinə görə, görüşdə siyasi və iqtisadi əlaqələr, sərmayə, enerji, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizi müzakirə olunub. Bəyanatlarda yeni saziş açıqlanmayıb.
Əliyev Ermənistanla sülh sazişinin bir ildən çoxdur paraflandığını, “amma hələ son imza” atılmadığını da xatırladıb. Ərdoğan isə bölgədə sülh səylərini dəstəklədiyini bildirib, Türkiyənin Ermənistanla münasibətlərindən danışmayıb. Ankara Yerevanla normallaşmanı Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirir. Yəni imzanın gecikməsi Türkiyənin planlarına da təsir edir.
Nə deyilmədi?
Bəyanatlarda Azərbaycan məktəblərindəki geyim qaydalarının adı çəkilməyib. Ərdoğanın baş müşaviri Oktay Saralın işdən çıxarılması, Bakının 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etməsi, Əliyevin oktyabrın 30-da Ankara sammitinə getməməsi də səslənməyib. İsrail mövzusu da yoxdur.
Ərdoğan Türk Dövlətləri Təşkilatını xatırladıb, amma yalnız sədrliyə görə Azərbaycana təşəkkür edib və Türkiyənin sədrliyi dövründə təşkilatı daha güclü quruma çevirmək istədiyini deyib.
Görüşün nəticəsi barədə fikirlər də fərqlidir. Nərimanlının qənaətincə, Şuşa göstərdi ki, “qardaşlar arasında anlaşılmazlıq olsa da, həll edilməyən məsələ yoxdur”.
Jurnalist Yusuf Kanlı isə hesab edir ki, görüş ictimai gərginliyi azaltsa da, siyasi fikir ayrılıqlarını həll etməyib. O, izlənilməli məsələlər sırasında məktəb geyimi ilə bağlı atılacaq addımları, nəqliyyat xətlərini, İsrail və Ermənistan siyasətindəki fərqi sadalayır.
Tərəflər nə əldə edib?
Bakı üçün ən görünən nəticə Ərdoğanın Zəfər günündə Qarabağa gəlməsidir. Mübahisənin əsas mövzusunda Azərbaycanın geri çəkildiyini göstərən addım hələlik yoxdur. Əksinə, Ankara baş müşavirini vəzifədən kənarlaşdırıb, Ərdoğan isə Şuşada Azərbaycanın daxili qərarlarına toxunmayıb.
Ərdoğan Şuşada münasibətləri yenə “Bir millət, iki dövlət” şüarı ilə təsvir edib. Mübahisə günlərində isə Bakı bu ifadənin ikinci hissəsini önə çəkirdi. “Middle East Eye”in danışdığı azərbaycanlı mənbə demişdi:
“Biz iki dövlətik, bunu heç kim unutmamalıdır”.
YAP-dan olan deputat Aydın Mirzazadə də Azərbaycanın hansısa ölkənin vilayəti olmadığını bildirmişdi. Türkiyədə iqtidarın müttəfiqi Dövlət Baxçalı da o günlərdə türk dünyasının birliyinin bir dövlətin digərləri üzərində hakimiyyəti demək olmadığını vurğulamışdı.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AFP-yə deyib ki, gərginliyin kökündə Bakının bu ittifaqda özünü “kiçik qardaş” saymaması və bərabər tərəfdaşlıq istəməsi dayanır.
Qarabağ müharibəsi ilə bağlı sözlər də diqqət çəkib. Ərdoğan “İlham qardaşımın qətiyyətli liderliyi ilə” Azərbaycan xalqının Qarabağı azad etdiyini deyib. Əliyev isə Türkiyənin “siyasi və mənəvi” dəstəyinə təşəkkür edib və müharibədə 3000 şəhid verildiyini xatırladıb. Nərimanlının fikrincə, bu sözlər Türkiyədə bəzi dairələrin Qarabağ Zəfəri ətrafındakı “manipulyasiyasına” cavabdır.
Ankara üçün isə Əliyevin Türkiyəyə gəlməsi önəmlidir. Həmin axşam APA Türkiyə mediasına istinadən Əliyevin Antalyada keçirilən BMT-nin iqlim konfransı COP31-də iştirak edəcəyini yazıb. “Haber 7” bunu diplomatik mənbələrə bağlayır. Sammitin liderlər hissəsi noyabrın 11-12-də olacaq. Rəsmi Bakı isə bunu hələlik təsdiqləməyib.
Səfərdən əvvəl “Middle East Eye” Bakının bu barədə qəti cavab vermədiyini yazırdı. Əliyev Antalyaya getsə, bu, Şuşa görüşünün ən konkret nəticəsi olar.
Hicab məsələsi hara getdi?
Liderlərin Şuşada toxunmadığı mövzu Azərbaycanın içində qalır. Geyim qaydalarının dəyişdirilməsi barədə hələlik açıqlama yoxdur.
“Amnesty International” oktyabrda bildirib:
“Qızların hicab taxdıqlarına görə sinfə buraxılmaması ayrı-seçkilikdir və onların təhsil hüququnu pozur”.
Daxili İşlər Nazirliyi oktyabrın 12-də 37 nəfərin saxlanıldığını açıqlayıb, fəallar isə bu rəqəmin 200-dən çox olduğunu deyir. Geyim qaydalarına etiraz edənlərdən bir neçəsi inzibati həbs alıb, o cümlədən hicablı şagirdlərə kömək təşəbbüsünün müəllifi İlkin Hüseynov 30 sutka həbs olunub. Azərbaycan Mətbuat Şurası isə oktyabrda məktəbli forması barədə qərarın kontekstdən çıxarılaraq “hicab qadağası” kimi təqdim olunduğunu bildirmişdi.
Türkiyədə də sual cavabsız qalıb. Azərbaycana girişi qadağan edilənlərdən biri, “Yeniden Refah” partiyasının sədri Fatih Erbakan oktyabrda demişdi:
“Hörmətli Prezidentin də hörmətli Əliyevə lazımi xəbərdarlığı etməsini gözləyirik”.
Şuşadakı bəyanatlarda belə bir xəbərdarlıq səslənməyib. 31 nəfərlik siyahının ləğv edilməsi barədə də hələlik məlumat yoxdur.
Növbəti sınaq nədir?
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun analitiki Gönül Tol X-də yazıb:
“Hicab mübahisəsi daha dərin çatın əlamətidir”.
Onun sözlərinə görə, gərginlik Azərbaycanın suverenliyi, Ankaranın Bakıdakı təsiri, İsrailə fərqli yanaşma və Türkiyənin Ermənistanla yaxınlaşması üzərindən çoxdan davam edir.
Bu məsələlər Şuşadakı bəyanatlarda açıq səslənməyib. Yaxın günlərdə ilk cavabı Antalya verəcək: Əliyevin ora gedib-getməməsi münasibətlərin həqiqətən düzəlib-düzəlmədiyini göstərəcək.