14 il hakimiyyətdə: ekspertlər "Gürcü Arzusu"nun hakimiyyəti dövrünü necə qiymətləndirirlər?
“Gürcü arzusu” 14 il hakimiyyətdə
1 oktyabr 2026-cı ildə “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən 14 il ötüb. Bu gün partiyanın 14 illik hakimiyyətinə verilən qiymətlər hətta beş il əvvəl səslənən fikirlərdən kəskin şəkildə fərqlənir.
Hökumətin keçmiş rəsmisi Beka Natsvlişvili “Gürcü Arzusu”nu hakimiyyətə gətirən hadisələrin əhəmiyyətindən danışır, qeyri-hökumət sektorunun və diplomatik dairələrin nümayəndələri isə ölkədə demokratik inkişaf və xarici siyasət sahəsində yaranmış kritik vəziyyətə diqqət çəkirlər.
Transparency International Georgia təşkilatının nümayəndəsi və ədliyyə nazirinin keçmiş müavini Sandro Baramidze hesab edir ki, “Gürcü Arzusu”nun hakimiyyətinin ilk illərini müsbət qiymətləndirmək mümkün olsa da, hazırda ölkədə “tam diktatura” hökm sürür, demokratik institutlar isə lazımi qaydada fəaliyyət göstərmir.
Diplomat və xarici işlər nazirinin keçmiş müavini Gigi Gigiadze isə 2012-ci ildən bəri Gürcüstanın Avropa İttifaqı, NATO və Qərb ölkələri ilə münasibətlərində baş verən dəyişiklikləri təhlil edir.
Onlar “Gürcü Arzusu”nun 14 illik hakimiyyətini necə qiymətləndirirlər və 2012-ci ildən bəri ölkədə nələr dəyişib?

Sandro Baramidze: “Nəticə etibarilə, son 14 ilin hekayəsi vədlərlə başladı: insan hüquqlarının müdafiəsi, misli görünməmiş demokratiyanın qurulması, Avro-Atlantik inteqrasiyanın təmin edilməsi, iqtisadi artımın stimullaşdırılması və sair. Bidzina İvanişvili və “Gürcü Arzusu” məhz bu vədlərlə hakimiyyətə gəldilər.
Deyərdim ki, ilk illər normal keçdi. Müəyyən demokratik islahatlar həyata keçirilirdi, o cümlədən məhkəmə sistemində demokratik dəyişikliklərə cəhdlər göstərilirdi, lakin tədricən bütün bunlar əvvəlcə dayandı, sonra isə istiqamət dəyişdi. Bu, xüsusilə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlamasından sonra baş verdi.
Vəziyyət köklü şəkildə dəyişdi və bu gün biz tam diktatura ilə, öz yaxın adamları vasitəsilə ölkəni pərdə arxasından idarə edən bir nəfərin diktaturası ilə üz-üzəyik. Bu sistemdə hakimiyyət bölgüsü, çəkindirmə və tarazlaşdırma mexanizmləri yoxdur. Nə ümumi məhkəmələr, nə də Konstitusiya Məhkəməsi timsalında müstəqil məhkəmə hakimiyyətimiz var. Demokratik institutlar, vətəndaş cəmiyyəti, siyasi partiyalar və media böyük təzyiq altındadır. Üstəlik, vaxtilə fəal və güclü olan vətəndaş cəmiyyəti indi məhv olmaq həddindədir.
Heç bir demokratik institut lazımi qaydada fəaliyyət göstərmir: müxalifət partiyalarını ləğv olunmaq təhlükəsi gözləyir, bəzi siyasi liderlər həbsdədir, digərlərinə qarşı isə tamamilə absurd əsaslarla uzunmüddətli həbs cəzası təhlükəsi yaradan yeni ittihamlar irəli sürülür. İnsanlar sadəcə səkidə dayandıqlarına və ya Facebook-da hansısa fikir bildirdiklərinə görə hər gün həbs olunurlar…
Bir sözlə, biz tam diktatura şəraitində yaşayırıq. Nəticə etibarilə, bütün bunlar qaçılmaz olaraq sona çatacaq, amma onların ölkəyə yaşatdıqları kabus hələ də davam edir”.

Gigi Gigiadze: “2012-ci ildə Gürcüstan Avropa İttifaqı və NATO-nun ən yaxın tərəfdaşlarından biri, eyni zamanda ən sürətli transformasiya prosesindən keçən ölkələrdən idi. Gürcüstan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün iştirakçıları arasında “əlaçı” sayılırdı.
Gürcüstan Aİ və NATO-ya mümkün qədər tez üzv olmağa hamıdan çox can atırdı. Ölkə regionda Aİ və NATO üçün etibarlı dayaq rolunu oynayır, hər iki təşkilatın keçirdiyi hərbi təlimlərdə və sülhməramlı missiyalarda ən fəal şəkildə iştirak edirdi. Üstəlik, Gürcüstan Aİ və NATO-ya səmimi şəkildə üzv olmağa çalışan ölkələr arasında Şərqi Avropanın əsas ümid çırağı kimi seçilirdi.
Lakin bu gün reallıq tamamilə fərqlidir: Gürcüstan ən çox geridə qalan, Avropa İttifaqından və Qərbdən ən çox uzaqlaşan ölkəyə çevrilib. Gürcüstanın bu yolda əldə etdiyi bütün nailiyyətləri itirdiyi bir vəziyyətlə üzləşmişik. Gürcüstan artıq real namizəd, islahatçı ölkə və ya tərəqqinin önündə gedən dövlət kimi qəbul edilmir.
Gürcüstanla bağlı demək olar ki, hər gün çox sərt sanksiyalar tətbiq olunur və son dərəcə mənfi qərarlar qəbul edilir. Bir çox göstəricilər üzrə çox aşağı qiymətlərlə üzləşirik və bu, yeni hal deyil, çoxdan başlayıb. Biz ciddi geriləmənin şahidi oluruq.
Bir boşluq yaranıb, ölkəmizin əvvəllər heç vaxt üzləşmədiyi vəziyyət formalaşıb. Gürcüstanın xarici siyasət kursu həmişə son dərəcə aydın olub, hərəkət istiqamətimiz dəqiq müəyyənləşdirilib. Bu, İran da daxil olmaqla, hamıya bəlli idi. İndiyədək heç kim, nə İran səfiri, nə də [dövlətin] hər hansı digər nümayəndəsi Gürcüstana münasibətdə belə ritorikadan istifadə etməyə, bu cür bəyanatlar verməyə və ya belə təhdidlər səsləndirməyə cəsarət etməzdi.
Hamı bizim hansı mövqedə olduğumuzu, tərəfdaşlarımızın kim olduğunu və hansı düşərgəyə aid olduğumuzu dəqiq bilirdi. Gürcüstanın təcrid olunması və Avropadan, Avropa İttifaqından və Qərbdən fəlakətli şəkildə uzaqlaşmasının ardınca təbii bir boşluq yarandı və İran indi bu boşluğu öz təsiri ilə doldurmağa çalışır.
İran bunun burada öz mövcudluğunu gücləndirmək üçün müstəsna fürsət olduğunu çox yaxşı anlayır.
İran səfiri artıq özünü məhdudlaşdırmır. O hesab edir ki, heç bir məhdudiyyət hiss etmədən və heç kim qarşısında hesabat vermədən istədiyini deyə və edə bilər. Bu, “Gürcü Arzusu”nun son 14 ildə həyata keçirdiyi siyasətin tamamilə qanunauyğun nəticəsidir”.

Beka Natsvlişvili: “[“Gürcü Arzusu”nun qələbəsi] Bu, sadəcə hökumətin seçkilər nəticəsində hakimiyyəti təhvil verdiyi bir hal deyildi. Əksinə, “Vahid Milli Hərəkat” genişmiqyaslı zorakı qarşıdurmalardan yayınaraq hakimiyyətdən əl çəkməyə məcbur oldu. Mən bunu “seçki qutusu başında inqilab” adlandırıram. Müəyyən mənada bunlar inqilabi xarakterli dəyişikliklər idi. İnqilab sistemli dəyişiklikləri nəzərdə tutur, lakin təəssüf ki, gözlənilən sistem transformasiyası baş vermədi.
1 oktyabr qələbəsi, şübhəsiz ki, təkcə Bidzina İvanişvilinin xidməti deyil. Nəticə etibarilə, 2012-ci ili Gürcüstan tarixindən sadəcə silmək olmaz. Mən 2006-cı ildə xaricdən qayıtdım və 2012-ci ilə qədər küçə etirazlarında fəal iştirak etdim. Həmin koalisiyada məndən qat-qat çox mübarizə təcrübəsi olan insanlar var idi. Mübarizə hər halda davam edirdi, lakin Bidzina İvanişvili gələnədək nəzərəçarpacaq nəticə yox idi. Onun meydana çıxması isə mübarizəyə güclü təkan verdi və həlledici dönüş üçün imkan yaratdı. Bu uğuru birmənalı şəkildə bir nəfərin və ya konkret bir qrupun səyləri ilə əlaqələndirmək olmaz.
1 oktyabr Gürcüstan tarixində mühüm tarixdir. Mən bunu tamamilə qəbul edirəm və həmin hadisələrin iştirakçısı olduğum üçün qürur duyuram. Parlamentin ilk tərkibi formalaşanda bu, siyasətçilərdən ibarət parlament idi. O vaxt siyasətçilər cəmiyyət qarşısında daha böyük məsuliyyət daşıyırdılar və bunlar parlaq fərdiliyə malik insanlar idi. Onlar üçün sözlərindən dönmək və ya verdikləri vədlərdən imtina etmək daha çətin idi. Sonradan hər şey dəyişdi.
“Gürcü Arzusu” monolit partiya formalaşdırmaq qərarına gəldi. Praqmatik baxımdan monolit partiya yaratmaq planı kifayət qədər əsaslandırılmışdı. Komandanda bir-birinə tamamilə zidd ideoloji baxışlara malik insanlar toplaşanda ölkəni idarə etmək çox çətindir. Bəs problem nədədir? [Problem ondadır ki,] “Gürcü Arzusu” əsl partiya kimi birləşə bilmədi, çünki orada siyasətçilər qalmadı. Mübarizənin içində bərkiyən insanlar getdilər. Bu gün orada çox az siyasətçi qalıb. Ola bilsin, “Gürcü Arzusu”nda onların sayı bir neçə nəfərdən çox deyil. Heç kim indiki parlamentariləri siyasi xadim kimi qəbul etmir. Hakim komandanın liderini sadəcə siyahılara salınaraq parlamentə düşən ən yaxın silahdaşları əhatə edir. Onlar siyasi vəzifələr tuturlar, amma siyasətçi deyillər”.
“Gürcü arzusu” 14 il hakimiyyətdə