Ermənistanda Rusiyaya ixrac məhdudiyyətlərinə necə reaksiya verirlər: fermerlərin fikirləri, statistik məlumatlar
Rusiyada Ermənistan məhsullarına məhdudiyyət
2026-cı ilin mayından etibarən erməni ixracatçılar ciddi problemlərlə üzləşiblər. Rusiya Ermənistandan bir çox mal və məhsulun idxalını qadağan edib. Əvvəlcə məhdudiyyət “Cermuk” mineral suyuna, daha sonra bəzi spirtli içkilərə şamil olunub. Ardınca Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan gül və dekorativ bitkilərin idxalına müvəqqəti qadağa qoyulduğunu açıqlayıb.
İyun ayından etibarən bu siyahı daha da genişlənib: karantin nəzarətinə tabe olan Ermənistan məhsullarının idxalına məhdudiyyət qüvvəyə minib. Məhdudiyyət təzə meyvə-tərəvəz, güllər və digər kənd təsərrüfatı məhsulları da daxil olmaqla, təxminən 130 adda məhsula şamil edilib.
Rusiyanın məhdudiyyətləri Ermənistanda parlament seçkiləri ərəfəsində qüvvəyə minib. Yerli ekspertlər hesab edirdilər ki, Rusiya bununla seçkilərdə iştirak edən rusiyapərəst siyasətçiləri dəstəkləməyə çalışır. Bununla əlaqədar onlar, eləcə də baş nazir Nikol Paşinyan seçkilərdən sonra vəziyyətin tədricən normallaşacağını güman edirdilər.
Lakin hələ də müsbət dəyişiklik müşahidə olunmur. Əksinə, vəziyyət daha da gərginləşib. Prosesin əvvəlində Rusiya məhdudiyyətləri Ermənistan məhsullarının keyfiyyəti ilə izah edirdisə, indi Ermənistanın Avropaya inteqrasiya yolunu seçdiyini əsas gətirərək öz bazarından istifadənin yolverilməz olduğunu birbaşa bəyan edir.
Rusiyanın məhdudiyyətləri fonunda Ermənistan hökuməti yerli ixracatçılara dəstək proqramları həyata keçirməyə başlayıb.
Söhbət subsidiyalardan və pul kompensasiyalarından, o cümlədən digər bazarlara ixrac zamanı tətbiq olunan rüsumların kompensasiyasından gedir. Sentyabrın sonunda hökumət ixracatçıların itkilərini azaltmaq üçün əlavə 4,5 milyard dram (12,7 milyon dollar) ayırıb.
Gözlənilir ki, bu tədbirlər müəssisələrə ixracı Rusiya bazarından Avropaya və digər ölkələrə yönəltməyə kömək edəcək. Bu prosesə ən böyük dəstəyi ölkənin xarici siyasət qurumu göstərir. Bu funksiya nəzərə alınaraq, qurum bu yaxınlarda hətta Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılıb.
Bununla belə, Rusiya bazarına ixrac qadağası kənd təsərrüfatına xüsusilə ciddi təsir göstərir. Çünki erməni fermerlər uzun müddət Rusiyanı əsas ixrac istiqaməti hesab ediblər.
Erməni istehsalçılar Rusiyanın məhdudiyyətlərinə necə reaksiya veriblər: rəqəmlər və şəxsi hekayələr.
- Ermənistanda Rusiyanın məhdudiyyətlərini aradan qaldırmaq üçün ixracatçılara dəstək üzrə yeni proqram işə salınıb
- Ermənistanda korrupsiyaya qarşı kampaniya: qanunsuz əmlakın müsadirəsi haqqında qanun fəaliyyətdədir
- Erməni və türk iş adamları sərhədlərin açılmasına çağırırlar. Bunu gözləməyə dəyərmi? Şərh
Fermer yaranmış vəziyyət və planları barədə
Altı il əvvəl Arqam Yerncyan Ararat vilayətində gilas bağları salıb. Üç ildən sonra artıq yaxşı məhsul götürüb və Rusiya bazarına ixraca başlayıb.
“Bu il çətin keçdi. Məhsulun təxminən 80 faizini yerli bazarda satdım, özü də gəlir gətirməyən qiymətə. Maya dəyərinə satdım. Qərara gəldim ki, heç olmasa bu il xalqımız, yerli sakinlər yüksək keyfiyyətli məhsulu ciblərinə uyğun qiymətə ala bilsinlər”, – o deyir.
Nəticədə fermer işçilərin əməkhaqqını ödəyə və bank faizlərini bağlaya bilib. Lakin gələn il vəziyyət dəyişməsə, bağları satmağı və ya biznesinin istiqamətini dəyişməyi planlaşdırır:
“Gilasın təxminən 20 faizini Avropa bazarına ixrac üçün məhsul tədarük edən şirkətə verdim. İxracatçı şirkət gələn il daha çox məhsul alacağını vəd edib. Amma yaranmış vəziyyət məni qorxudur, çox narahatam. Mən məsuliyyətli insanam, işçilərim var və onların qarşısında məsuliyyət daşıyıram”.
Arqam Yerncyan hesab edir ki, Ermənistan öz məhsullarını xarici bazarlarda daha fəal şəkildə təşviq etməlidir.
“Biznes bunun öhdəsindən təkbaşına gələ bilməz. Eyni zamanda, sahibkarlara məsləhət xidməti göstərilməlidir. Məsələn, məni maraqlandırır ki, yalnız təzə gilas deyil, quru meyvə, kompot və mürəbbə də ixrac etməyə dəyərmi? Məhsullarımın bir hissəsini özüm emal etməyi düşünürəm. Xarici bazarlarda nəyə tələbat olduğu barədə ixracatçılardan da məlumat almalıyıq. Tərəfdaşım hazırda Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil edir. Görək, bundan nə alınacaq”.
Siyasi kontekst və statistika
Rusiyanın 2026-cı ildə tətbiq etdiyi məhdudiyyətlər Ermənistan ixracı üçün yalnız qısamüddətli problemlər yaratmayıb, həm də ölkəni xarici bazarların şaxələndirilməsi prosesini sürətləndirməyə məcbur edib.
Yaranmış vəziyyətdə Avropa İttifaqı Ermənistana dəstək göstərərək ölkə iqtisadiyyatına yardım və ixracatçılar üçün Aİ bazarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər irəli sürüb. İyul ayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yerevanda Ermənistan mallarına münasibətdə avtonom ticarət tədbirlərinin tətbiqi imkanının nəzərdən keçirildiyini bildirib:
“Mən bu gün buradayam ki, birmənalı şəkildə bəyan edim: əgər Rusiya öz bazarını Ermənistan məhsullarının üzünə bağlasa, Aİ 450 milyon insanı əhatə edən istehlak bazarının qapılarını onların üzünə açacaq”.
Avropa Parlamenti və Aİ Şurası artıq müvəqqəti güzəştlər paketini təsdiqləyib. Ermənistandan ixrac olunan geniş çeşiddə mallara tətbiq edilən gömrük rüsumları iki il müddətinə müvəqqəti olaraq ləğv ediləcək. Ticarət güzəştləri paketi Ermənistan ixracının təxminən 80 faizini əhatə edəcək. Ayrı-ayrı mal qrupları üzrə nəzərdə tutulan güzəştlər əhəmiyyətlidir və əvvəllər Rusiyaya ixrac edilən məhsullara şamil olunacaq:
- təzə kənd təsərrüfatı məhsullarının 99 faizi,
- içkilərin 91 faizi.
2026-cı ilin ilk yeddi ayında Ermənistanın xarici ticarət üzrə ixracının həcmi təxminən 4,04 milyard dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ixrac həcmi 7,9 faiz azalıb.
Eyni zamanda, Ermənistan ixracının coğrafiyası həm ənənəvi, həm də yeni bazarları əhatə etməkdə davam edir.
Cari ilin yanvar-iyun aylarında Ermənistan məhsullarının Aİ ölkələrinə ixracı 516 milyon dolları ötüb. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 80 faizdən çox olub.
Yanvar-iyul aylarında Ermənistan mənşəli malların digər iri bazarlara ixracı artıb:
- Hindistana 100 faiz,
- Çinə 66,8 faiz,
- ABŞ-a 4,2 faiz.
Kənd təsərrüfatı məhsullarının ixracı ayrıca istiqamətdir. 2026-cı ilin iyun-avqust aylarında Ermənistan:
- meyvələri 24 ölkəyə,
- tərəvəzləri 16 ölkəyə,
- gülləri 28 ölkəyə ixrac edib.
“Yeni bazarlara çıxmaq asan məsələ deyil”
David Davtyan Qulançar İstehsalçıları İttifaqının prezidentidir. O, sosial şəbəkələrdə tez-tez müasir kənd təsərrüfatı üsulları, yeni satış bazarları və fermerlər üçün aktual olan digər mövzular haqqında videolar paylaşır. Fermerlərlə şəxsən görüşür, öz səhifəsində onların uğurları və problemləri barədə danışır. Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçılarına bir-biri ilə əlaqələr qurmağa və birgə həll yolları tapmağa kömək edir.
Onun qiymətləndirməsinə görə, bu il kənd təsərrüfatı məhsulları bazarı üçün gərgin və stresli keçib:
“Yerli məhsulların 90 faizi ənənəvi olaraq Rusiya bazarına ixrac edilirdi. İstehsalçılar məhsulların Rusiya bazarına çıxarılmasına yaradılan maneələrə müxtəlif cür reaksiya verdilər. Bəziləri yeni bazarlar axtarmağa və məhsullarını başqa ölkələrə ixrac etməyə başladı, digərləri isə məhsullarını ölkə daxilində xeyli aşağı qiymətə satdı”.
Davtyan deyir ki, ixrac bazarını bir neçə gün ərzində şaxələndirmək yalnız sehrli çubuğun köməyi ilə mümkündür:
“Şaxələndirmə uzun illərin işi, investisiyalar və əzmkarlıq nəticəsində mümkündür. Üstəlik, bazarlar və onların hər birində ayrı-ayrı məhsullara tətbiq olunan yanaşmalar fərqlənir”.
Standartlara gəlincə, o qeyd edir ki, ölkədə yüz minlərlə istehsalçı müxtəlif keyfiyyətdə kənd təsərrüfatı məhsulları istehsal edir:
“Əslində, ölkədə məhsulların keyfiyyəti və standartlaşdırılması ilə bağlı problem yoxdur. Bəzi hallarda isə, xüsusilə iri və texnoloji cəhətdən təchiz olunmuş fermer təsərrüfatlarından söhbət gedirsə, tələb olunan standartlardan daha yüksək keyfiyyət təmin etmək mümkündür”.
David Davtyan hesab edir ki, yaxın illərdə yerli kənd təsərrüfatı məhsulları üçün ixrac bazarlarının sayı artacaq. Eyni zamanda, ixracatçılara məhsullarını konkret bazarların tələblərinə uyğunlaşdırmağı öyrənməyi tövsiyə edir.
O, nümunə kimi Ermənistan məhsullarının həm yerli ermənilər, həm də rusiyalı istehlakçılar üçün nəzərdə tutulduğu Rusiya bazarını göstərir:
“Eyni yanaşmanı Avropa, Asiya və Yaxın Şərq bazarlarına da tətbiq etmək lazımdır. Yeni bazara çıxış isə biznesə əlavə investisiya tələb edir. Özünü yeni istehlakçıya tanıtmalı, məhsulun haqqında məlumat verməli, ona məhsulu sınamaq, qiymətləndirmək və sonradan almaq imkanı yaratmalısan. Yeni bazarlara çıxmaq çətin məsələdir, amma başqa yol yoxdur”.
Rusiyada Ermənistan məhsullarına məhdudiyyət